Camaat namazının əhkamı

Bismillahir Rəhmanir Rəhim

Məsələ: 1421.Müstəhəbdir ki, vacibi namazlar, xüsusilə gündəlik vacib namazları camaatla birlikdə qılınsın. Sübh, məğrib və işa namazlarında, məxsusən məscidə qonşu olan və məscidin azan səsini eşidənlər üçün camaat namazında iştirak etmək daha çox sifariş olunub.

Məsələ: 1422. Bir rəvayətdə gəlib ki, əgər bir nəfər imama iqtida etsə, onların namazlarının hər rəkətinin 150 rəkət namaz savabı vardır. Əgər iki nəfər iqtida etsə, hər rəkətinin 600 rəkət namaz savabı var. İqtida edənlər nə qədər artsa, namazlarının savabı da bir o qədər artacaq. Əgər onların sayı 10 nəfərdən keçsə, bütün asimanlar kağız, dəryalar mürəkkəb, ağaclar qələm, cin, ins və məlaikələr yazan olsalar, o namazın bir rəkətinin savabını yazıb qurtara bilməzlər.

Məsələ: 1423.Etinasızlıq üzündən camaat namazında iştirak etməmək caiz deyildir. İnsanın üzrü olmadan camaat namazına getməməsi layiq deyil.

Məsələ: 1424.Müstəhəbdir ki, insan gözləsin və namazı camaatla qılsın. Camaatla qılınan namaz, əvvəl vaxtda təklikdə qılınan namazdan daha yaxşıdır. Həmçinin, müxtəsər və qısa şəkildə qılınan camaat namazı təklikdə uzun-uzadı qılınan namazdan daha yaxşıdır.

Məsələ: 1425.Camaat namazı təşkil olunanda müstəhəbdir ki, təklikdə namaz qılan bir kəs namazı yenidən camaatla qılsın. Əgər sonradan birinci namazının batil olduğunu başa düşsə, ikinci namazı kifayətdir.

Məsələ: 1426.Əgər imam və yaxud məmum camaatla qıldığı namazı yenidən camaatla qılsa, bu halda əgər ikinci camaat namazına gələnlər birinci namazdakılardan başqa şəxslər olsa və o şəxs də imam olsa eybi yoxdur.

Məsələ: 1427.Namazda vəsvas olan və namazı yalnız camaatla qıldıqda vasvaslıqdan xilas olan bir kəs namazı camaatla qılmalıdır.

Məsələ: 1428.Əgər ata və ya ana öz övladına, namazı camaatla qılmasını əmr etsələr, onu tərk etmək ata-ananın əziyyətlərinə, narahatlıqlarına, yaxud onlara qarşı ədəbsizlik, hörmətsizlik olarsa, namazı camaatla qılması vacibdir.

Məsələ: 1429.Yağış yağması üçün qılınan istisqa, habelə Fitir və Qurban namazları istisna olmaqla (onları camaatla qılmaq olar) müstəhəb namazları camaatla birlikdə qılmaq olmaz.

Məsələ: 1430.Pişnamaz gündəlik namazını qılanda gündəlik namazlardan hər birini ona iqtida edib qılmaq olar. Amma əgər imam gündəlik namazını ehtiyatən ikinci dəfə qılırsa, məmum öz namazında ona iqtida edə bilməz; amma hər ikisi bir cəhətdən ehtiyat cəhətindən bir olsalar, eybi yoxdur.

Məsələ: 1431.Əgər imam özünün gündəlik namazının qəzasını qılsa ona iqtida etmək olar; amma namazını ehtiyatən qəza edirsə, yaxud başqa bir kəsin namazının ehtiyatən qəzasını edirsə, hətta onun üçün pul almasa da, ona iqtida etmək işkallıdır. Amma əgər insan namazı fövtə getmiş bir kəsin qəza namazını qılmasını bilsə, ona iqtida etməyin eybi yoxdur.

Məsələ: 1432.Əgər imam mehrabda olsa və bir nəfər də onun arxasında olub iqtida etməsə, mehrabın iki tərəfində durub mehrabın divarının səbəbilə imamı görməyən şəxslər ona iqtida edə bilməzlər. Hətta əgər imamın araxasında bir kəs iqtida etmiş olsa, onun iki tərəfində duran şəxslərin, imamı mehrabın divarının vasitəsilə görmədikləri halda iqtida etməsi, ehtiyat-vacibə görə səhih deyil.

Məsələ: 1432.Birinci cərgənin uzun olması səbəbilə cərgənin iki tərəfində duran şəxslər imamı görməsələr də, ona iqtida edə bilərlər. Həmçinin əgər (birinci cərgədən başqa) sair cərgələrdən birinin də uzun olması səbəbilə, onun iki tərəfində duran şəxslər öz qabaqlarındakı cərgəni görməsələr, iqtida edə bilərlər.

Məsələ: 1434.Əgər camaat namazının cərgələri məscidin qapısına çatsa, qapının müqabilindəki cərgənin arxasında duran şəxsin namazı səhihdir. Həmçinin onun arxasında durub iqtida edən şəxslərin də namazı səhihdir. Amma onun iki tərəfində durub qabaqdakı cərgəni görməyənlərin iqtida etmələri, ehtiyat-vacibə görə səhih deyil.

 

Abbas Əzizi, Camaat namazının fəzilət və savabı

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment