Allah-Taala özünün bəzi ayətlərini müqəddəs elan edib. Bu ayətlərə fiziki mənada baxsaq, adi maddi əşyalardır.
Kəbə köhnə, əyri-üyrü daşlardan tikilmiş, xüsusi memarlıq özəlliyi olmayan adi dördbucaqlı bir binadır. Amma bu evin hörmətinə baxın ki, Allah onu öz evi adlandırıb. Və Allah hökm verib ki, bu evin bir neçə kilometr həndəvərinə ehramsız girmək olmaz. Heyvanlar və bitkilər belə, bu evin həndəvərinə düşəndə toxunulmaz olurlar!
***
Bütün məscidlər daşdan-kəsəkdən tikilib. Amma Allah hökm verib ki, cənabətli oldunsa, bu binaya girmə! Maddi cəhətdən başqa evlərdən bir fərqi yoxdur məscidlərin. Hətta bəzi məscidlər müasir komfort binalarla yarışmağa heç qadir də deyil. Amma hökmünün ucalığına bax – pak olmayan bədənlə bu binaya daxil ola bilməzsən!
Məscidi murdarlayıblarsa, mütləq pak etməlisən! Bunu namaz qılan halda görsən, hətta namazı saxlayıb məscidi pak etməyə ixtiyarın var!
***
Gündə istədiyin vaxt alnını nə qədər istəyirsənsə torpağa qoy və Allaha səcdə et. Nə dəstəmaz almaq lazımdır, nə də qüsl. Amma namaza durdunsa, mütləq dəstəmazlı və pak olmalısan. Eyni əməlləri namazdan başqa hallarda et, heç nə tələb olunmur. Amma namazı dəstəmazsız qılsan, günah etmiş olarsan!
***
Çünki bu dəyərlər müqəddəsdir! Çünki Kəbə müqəddəsdir, çünki məscid müqəddəsdir, çünki namaz müqəddəsdir. Başqa evlərdən, başqa binalardan, başqa əməllərdən fərq də bundadır.
QURAN DA MÜQƏDDƏSDİR. Onun da öz hökmü var – pak olmasan, yazısına əl vura bilməzsən. Maddi baxımdan yanaşsaq, bəli, cildin arasında 600 səhifədən ibarət bir kitabdır. Kəbə də adi binadır, məscid də adi binadır, namaz da adi əməllərin toplusudur. Amma onları müqəddəs edən onların mahiyyətidir.
Bunu dərk etmək üçün azacıq bir şüur və zəif bir məntiq bəs edər…