Böyük qeyb dövründə xüsusi naibliyin batilliyi II hissə

Bismillahir-rəhmanir-rəhim

Allahummə salli alə Muhammədin və Ali Muhamməd və əccil fəhum

 SƏFİRLİYİN BİTMƏSİ BARƏDƏ HƏZRƏTİ SAHİBUL-ƏMR (Ə)-IN  MƏKTUBU:[1]

Şeyx Səduq (r.ə) “İkmalud-din” əsərində öz sənədi ilə Əba Muhəmməd Həsən ibn Əhməd Mukəttibdən nəql edir ki, deyir: Şeyx Əli ibn Muhəmməd (q.s) vəfat edən il Səlam şəhərində idim. Vəfatından bir neçə gün əvvəl onun yanına getdim. Camaata belə bir məktub göstərdi: “Bismillahir rəhmanir rəhim. Ey Əli ibn Muhəmməd Səməri, Allah sənin (ölümün) səbəbilə qardaşlarının əcrini artırsın; sən altı gün içərisində vəfat etmiş olacaqsan, işlərini səhmana sal və kimsəyə vəfatından sonra sənin məqamına keçməsi üçün vəsiyyət etmə. Artıq böyük qeyb dövrü başlamışdır. Zühur yalnız izzət və cəlal sahibi olan Allah izin verdikdən sonra baş tutacaq. Bu isə çox uzun bir zaman keçdikdən, qəlblər qəsavət bağladıqdan və yer üzü haqsızlıqla dolduqdan sonra olacaq. O zaman bəziləri şiələrimin yanına gəlib “müşahidə” iddiası edəcəklər. Bilin, kim Süfyaninin çıxmasından və güclü səsin baş verməsindən öncə müşahidə iddiası edərsə, yalançı və iftiraçıdır. Allahdan başqa güc və qüvvət (sahibi) yoxdur!” Ravi deyir: “Bu məktubun nüsxəsini çıxarıb onun hüzurundan ayrıldıq. Altıncı gün olduqda onun yanına getdik. Bu zaman o son nəfəslərini verirdi. Ona deyildi: Səndən sonra vəsin kimdir? Dedi: İş Allaha qalıb, özü onu tamam edəcək. Beləcə o cənab (r.ə) vəfat etdi və bu, ondan eşidilən son söz oldu”. (İkmalud-din: 516)

Bu rəvayət açıq-aşkar ona dəlalət edir ki, qeyb dövründə hər kəs müşahidə, yəni; səfirlik və naiblik iddiası edərsə, o şəxsin təkzib edilməsi gərəkdir və belə bir şəxs, yalançı və iftiraçı hesab edilir. Biz ilk öncə hədisin sənədini müzakirə edəcək, daha sonra isə hədisə onun mətni yönündən yanaşacağıq. Rəvayətin sənədində işkal gətirənlər iki nöqtəyə əsaslanırlar: 1-Əllamə Məclisi (Bihar: 53/318) və həmçinin Kazimi (Bəşarətul-İslam: s.146) rəvayətin sənədinin “mürsəl” olduğunu demişlər. 2-Əhməd ibn Həsən əl-Mukəttibin zəif olması.

Cavab: Şeyx Tusi (r.ə) “Ğeybət” kitabında bu hədisi aşağıdakı sənədlə nəql edir: “Bir dəstə bizə xəbər verdi ki, Əbu Cəfər Muhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh deyib: mənə Əbu Muhəmməd Həsən ibn Əhməd əl-Mukəttib mənə nəql edib dedi: Şeyx Əli ibn Muhəmməd  vəfat edən il Səlam şəhərində idim…”

Şübhəsiz ki, hədisə “mürsəl” deyənlər Şeyx Tusinin (r.ə) bu rəvayətinə baxıb həmin nəticəyə gəlmişlər. Çünki Şeyxin nəql etdiyi həmin “bir dəstə”nin kim olduğu bəlli deyil. Lakin bununla belə məlum məsələdir ki, Şeyx Tusi kimi bir alimin belə bir mühüm hədisi heç biri “siqə” olmayan şəxslərdən nəql etməsi mümkün deyil. Bir halda ki, Şeyx Səduq (r.ə) eyni hədisi “Kəmalud-din” kitabında bir başa olaraq Əba Muhəmməd Həsən ibn Əhməd əl-Mukəttibdən nəql edir. Bu isə ona dəlalət edir ki, Şeyx Tusinin bu hədisi nəql etdiyi şəxslər hamısı siqə və doğrudanışan olublar.

Belə ki, Şeyx Səduq (r.ə) 381-ci ildə vəfat etmişdir və ömrü də təxminən səksən il sürmüşdür. 329-cu ildə vəfat edən dördüncü səfirlə bir zamanda yaşamışdır və o zaman onun yaşı təxminən iyirmi olmuşdur. Buna əsasən, şübhəsiz ki, o həm də dördüncü naiblə eyni dövrdə yaşamış və onu görmüş Əba Muhəmməd Həsən ibn Əhməd Mukəttəblə bir zamanda yaşamışdır. Bu səbəbdən də Şeyx Səduqun (r.ə) nəql etdiyi rəvayətdə “irsal” (mürsəllik) yoxdur.

Bu yalan və çarpdırmaları ortaya atanların gördükləri ən çirkin işlərdən biri də Əllamə Məclisiyə (r.ə) hədisi “mürsəl” hesab etməsi nisbəti vermələridir. Halbuki, “hədis mürəldir” deyən şəxs Əllamə Məclisi deyil, Mirzə Nuri Təbərsidir. O bu sözü özünün “Cənnətül-Məva” kitabında demişdir ki, bu kitab da “Biharul-Ənvar”ın 53-cü cüzününü sonlarında çap edilmişdir.

Rəvayət barədə deyilən fikirlərdən biri də onun “xəbəri vahid” olmasıdır və güya bu səbəbdən hədis dəlil olmaqdan düşür! Halbuki, şiə məzhəbi yanında məşhur rəy budur ki, mütəvatir də xəbəri-vahid də höccətdir.

Bəli, bu ikisi arasında fərq vardır, belə ki, “mütəvatir hədis” elm hasil edir və bu zaman hədisin sənədlərini axtarmağa ehtiyac yoxdur. Lakin “xəbəri-vahid” yalnız “mötəbər zənn” hasil edə bilir və bu zaman onun sənədlərini axtarmaq və ya ona əməl edilməsini icazəli edən başqa dəlillər hasil etmək lazım gəlir.

Burada bir məsələyə diqqət yetirmək gərəkdir və o da budur ki, şiə alimləri əqaidi (əqidələri) iki hissəyə bölmüşlər: üsul və füru. Onlar “təvatür”ü yalnızca “üsuli-əqaid”də, məsələn İmamların (ə) imaməti kimi kimi məsələlərdə şərt hesab etmişlər. Lakin məsələn, onların (ə) halları və məqamları və ya onların (ə) peyğəmbərlərdən (ə) üstünlüyü kimi “fürui-əqaid” məsələlərində bunu şərt hesab etməmişlər.

Böyük qeyb dövründə səfirliyin bitməsi məsələsi isbatə mütəvatir nəss tələb edən işlərdən deyil! Əksinə, hücciyyət (dəlil ola bilmə) şərtlərini özündə cəm edən bir hədisin və nəssin olması bunun üçün kifayətdir!

Hədisin sənədi ilə bağlı edilən sonuncu işkal Həsən ibn Əhməd Mukəttibin zəifliyi ilə bağlıdır. Bəzi şəxslər onu “məchul”, hətta “məhmul” – adı rical kitablarında keçməyən bir şəxs kimi təqdim etmişlər

Cavab: Burada çox mühüm bir məsələ qeyd edilməlidir: Rical kitablarında bir şəxsin “siqə” hesab edilməsi iki üsulla olur: xüsusi və ümumi. Şeyx Nəcaşi, Şeyx Tusi, Şeyx Ğəzairi (qəddəsəllah əsrarəhum!) və digərləri kimi  mütəqəddim rical alimlərimizin kitablarında mövcud olanlar birinci qismdəndir. Ümumi “siqə hesab etmə” (buna termin olaraq: “tövsiq” deyirlər) isə bəzi müəyyən işarə və dəlillərin olması yolu ilə baş tutur. Belə ki, nə vaxt bu işarə və dəlillər bir ravi barədə gələrsə, o ravi siqə-güvənilir hesab edilər.

Bəli, qərəzli şəxslərin zəif kimi göstərməyə çalışdıqları ravi həqiqətən də mütəqəddim alimlərimizin rical kitablarında qeyd edilməmiş və dolayısıyla barəsində “xüsusi tövsiq” gəlməmişdir. Lakin barəsində “xüsusi tövsiq” gəlməyən ravilər rədd edilməlidir deyə bir qayda yoxdur! Çünki bir ravinin güvənilir və siqə olmasını başqa yollarla da başa düşə bilərik. Məsələn, “tərəzzi” (barəsində imam və ya böyük alimlər tərəfindən razılıq edilməsi) və ya böyük alimlərin ondan çoxlu hədis nəql etməsi kimi yollarla.

Qeyd edilən ravinin siqəliyinə dəlil kimi Şeyx Səduq (r.ə)-in bir çox yerdə onun barəsində razılıq ifadə etməsi kifayətdir.

Belə ki, Şeyx (r.ə) deyir: “Bizə Muhəmməd ibn Musa Mütəvəkkil, Muhəmməd ibn Muhəmməd ibn İsam Kuleyni, Əbu Muhəmməd Həsən ibn Əhməd Muəddəb, Əli ibn Əbdül-Vərraq, Əli ibn Əhməd ibn Muhəmməd ibn İmran əd-Dəqqaq –Allah hamısından razı olsun  nəql edib dedilər:… ” (Uyun əxbarir-Riza: 1/187)

Əbu Muhəmməd Həsən ibn Əhməd Muəddəb Səmərinin (r.ə) hədisindəki həmin ravidir. Şeyx Səduq (r.ə) başqa bir yerdə deyir: “Muhəmməd ibn Muhəmməd ibn İsam Kuleyni, Əli ibn Əhməd ibn Muhəmməd ibn İmran əd-Dəqqaq, Əli ibn Əbdül-Vərraq,  Həsən ibn Əhməd Muəddəb, Hüseyn ibn İbrahim ibn Əhməd ibn Hişam əl-Muəddəb –Allah hamısından razı olsun  nəql edib dedilər:…” (həmin mənbə: 2/200)

Şeyx Səduq  kimi bir şəxsin və digər bir sıra böyük şəxsiyyətlərin bu şəxs barədə razılıq bildirməsi  onun siqəliyinə dəlildir.

Şeyx Abdullah Mamaqani (r.ə) deyir: “Bir şəxsin siqəliyini bir sıra yollarla bilmək olar…” sonra deyir: “başqa bir yol: İmamın (ə) bir şəxs barədə rəhmət diləməsi, onun barəsində tərəzzi etməsi (razılıq diləməsi) və s. kimi şeylər vasitəsilə. Belə ki, imamın (ə) belə etməsi, şübhəsiz ki, o şəxsin siqəliyinə və ədalətinə görədir. Həmçinin ağıl sahibinə gizli deyil ki, şeyxlərin də bir şəxs barədə tərəhhüm və tərəzzi etməsi bu nəticəni verir (o şəxsin siqəliyini göstərir).” (Əl-fəvaidur-ricaliyyə: 2/280)

Şeyx Muhyiddin Mamaqani də bu ravini siqə bilmişdir. Şeyx deyir: “…Onun rəvayətləri mötəbərdir. Çünki o Şeyx Səduqun şeyxlərindəndir. Həmçinin o məktubu görənlərdəndir və Əli ibn Muhəmməd Səmərinin hüzuruna çatmışdır. Həmçinin nəql etdiyi rəvayətlər də möhkəmdir. Allah daha yaxşı bilər”. (Tənqihul-məqal: 18/353)

Beləcə nəticədə başa düşmüş oluruq ki, rəvayət səhihdir və sənədində də heç bir problem yoxdur.  

İndi də hədisin mətninin müzakirəsinə keçək. Rəvayətdə bir sıra daxili və xarici dəlillər vardır ki, bu dəlillər onun sihhətinə aşkarca dəlalət edir. Qısaca olaraq bunları sadalayaq:

Birinci dəlil: Hədisin möcüzəvi yönə malik olması. Belə ki, hədisdə dördüncü naibin altı gündən sonra vəfat edəcəyi bildirilir və bu, Şeyxin (r.ə) vəfat tarixindən danışan hədislərlə uyğun gəlir. Üstəlik ravi şeyxin yanında olarkən tək olduğunu demir. Əksinə onun sözünə görə o zaman orada çoxlu adam olub. Şübhəsiz ki, bu qədər ciddi bir məsələ Şeyx Səduq kimi şəxslərə nəzərindən yayınmazdı.

İkinci dəlil: Hədisin şiə alimləri arasında məşhurluğu. Belə ki, Şeyx Tusi “Ğeybət”, Şeyx Səduq “Kəmalud-din”, Şeyx Təbərsi “İhticac” əsərlərində adıçəkilən hədisi gətirmişlər.

Üçüncü dəlil: Hədisin mətninin başqa səhih rəvayətlərlə uyuşması. Bu barədə daha geniş bəhs etmək olar, lakin biz sadəcə bir hədisi göstərməklə kifayətlənirik: Şeyx Tusi (r.ə) səhih bir hədis nəql edərək deyir: Səfvanidən nəql edilir ki, dedi: “Şeyx Əbul-Qasim (r.ə) Əbul-Həsən Əli ibn Muhəmməd Səməriyə (r.ə) vəsiyyət etdi və o da Əbul-Qasimin işlərini öz üzərinə götürdü. Elə ki, vəfat anı çatdı, şiələr onun yanına gəldilər və ondan özündən sonra kimin vəkil olacağını və onun yerinə kimin keçəcəyini soruşdular. O isə bu barədə heç nə demədi və bildirdi ki, bu məsələ ilə bağlı özündən sonra kimsəyə vəsiyyət etməməsi tapşırılıb!“ (İhticac: 1/4)

Dödüncü dəlil: Əsrlər boyu şiələrin bu hədisin məzmununa əməl etməsi. Belə ki, yuxarıda da qeyd etdiyimiz ki, keçmiş və ya müasir dövrlərdə olmasından asılı olmayaraq bütün zamanlarda şiə üləması səfirliyin bitməsinə etiqad etmişlər.

 

Ardı var…

 Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 

İstifadə edilən əsas mənbələr:

1-“Əş-şuhub əl-Əhmədiyyə əla muddəil-məhdəviyyə”, Şeyx Əhməd Salman

2-“Də`vas-səfəra fi ğeybətil-kubra”, Ayətullah Şeyx Muhəmməd Sənəd, I cild

 


[1]  Mövzu Şeyx Əhməd Salmanın “Əş-şuhub” əsərindən tərcümədir.

Leave a Comment