Böyük qeyb dövründə xüsusi naibliyin batilliyi I hissə

Bismillahir-rəhmanir-rəhim

 

 “NAİBLİK” VƏ YA “SƏFİRLİK” NƏ DEMƏKDİR?

“Məcməul-bəhreyn”də “naiblik” sözünün mənası barədə yazılır: ” ناب فلان عنّي قام مقامي، وناب الوكيل عنّي في كذا ينوب نيابة”, yəni “filankəs mənim adımdan naiblik etdi, mənim yerimə durdu, filan işdə vəkil mənim adımdan naiblik etdi, (fel forması) ”yənubu”, (məsdər forması) niyabətən”(2/178). “Tacul-ərus”-da da bu şəkildə gəlmişdir (4/315). Buradan çıxış edərək fəqihlər “vəkaləti” naiblik, naib təyin etmə kimi tanıtmışlar. “Naiblik” adətən müəyyən məhdud işlər üçün işlədilir. Yəni, bu zaman naib olan şəxsin gördüyü iş daha məhdud və müəyyən edilmiş bir iş daxilində olur. Əgər işlər daha çox və niyabətin sərhəddi qeyri-məhdud olarsa, bu zaman bu, “vilayət”, “vali təyin etmə” adlanır və deyilir: “onu vəli təyin etdi və ya onu hansısa bir işdə vali qoydu”. Əgər işlərin əhatə dairəsi bundan da geniş olarsa, artıq bu zaman “xilafət” deyilər: “özündən sonra xələf qoydu və ya onu xəlifə təyin etdi”.

Buna əsasən də, “naiblik” və ya “vəkillik” sözü məhdud və xüsusi (müəyyən edilmiş) yerlər üçün işlədilir.

“Xüsusi naiblik”-in mənası İmam (ə)-ın hər hansı bir şəxsi müəyyən bir iş xüsusunda naib təyin etməsidir. Məsələn, İmam Həsən Əskəri (ə) buyurur: “Əmri (Muhəmməs ibn Osman) və onun oğlu güvənilir şəxslərdirlər. Onlar məndən sənə nə çatdırsalar (bil ki) məndən çatdırmışlar. Onlar sənə mənim hansı sözmü desələr, (bil ki) məndən deyiblər (həqiqətən də mən o sözü demişəm). Onlara qulaq as və itaət et! Həqiqətən də onlar güvənilir və etibar edilir şəxslərdirlər”. (Kafi: 1/330, hədis 1) “Ümumi naiblik” və ya dini mərcəlik ilə İmam (ə)-ın müəyyən bir işdə xüsusi sifətlərə sahib olan şəxsi özünün naibi təyin etməsidir. Məsələn, İmam Sadiq (ə) buyurur: “Sizin içərinizdən bizim hədislərimizi nəql edənə, halal və haramımıza riayət edənə, bizim hökmlərimizi tanıyana müraciət etsinlər. Hakim olaraq ondan razı qalsınlar. Mən belə bir şəxsi sizlərə hakim təyin edirəm!”(Kafi: 1/67, hədis 10) Bu, Əhli-Beyt (ə)-ın hədisləri yolu ilə şəri hökmlərə agah olan fəqihlərin insanlar arasında hökm verməyə təyin edilməsidir. Həmçinin, Şeyx Təbərsinin “İhticac”-da gətirdiyi həzrəti Sahibul-Əmr (ə)-ın bu kəlamı da qeyd etdiyimizə nümunədir: “Fəqihlər içərisində nəfsinə qarşı diqqətli olan, dinini hifz edən, həva-həvəsinə müxalif olan və Mövlasının əmrinə itaət edən şəxsə gəlincə, avam camaat ona təqlid etməlidir! Bu isə şiələrin bütün fəqihlərinə aid deyil, bəzisinə aiddir. Belə ki, (onların içərisindən) hansı birisi başqa alimlər kimi qəbih əməllərə və çirkin işlərə qurşanarsa, onun bizim barəmizdə dediyi sözü qəbul etməyin. Belələrinin heç bir fəziləti yoxdur”.
(İhticac: 2/263)

Xülasələşdirib desək: “xüsusi naiblik” İmam (ə)-ın öz sözünü və göstərişlərini şiələrə çatdırması və onlardan xüsm və zəkat kimi şəri haqqları toplaması üçün bir şəxsi təyin etməsidir. Bu səbəbdən də dörd naibə “səfir” adı da qoyulmuşdur. Bu dörd naibin işi (Allah dördünü də sonsuz rəhmətinə qərq etsin) İmamla (ə) şiələr arasında vasitə rolu oynamaq idi. Necə ki, bu gün müxtəlif ölkələrdəki səlahiyyətli dövlət təmsilçisinə də “səfir” deyilir. Bu görə də, bu növ naibliyə həm də “səfirlik” adı verilmişdir.

Ümumi naiblik isə, az öncə də qeyd edildiyi kimi İmamın (ə) müəyyən xüsusiyyətlərə sahib şəxsləri hökm, fətva vermək və s. kimi işlərdə naib təyin etməsidir. Onlar da böyük qeyb dövrünün başlaması səbəbindən qarşıya çıxan şəri hökmləri birbaşa İmamdan (ə) deyil, (həzrət (ə) zühur edənədək) istinbat yolu ilə Allahın kitabından və İmamların (ə) hədislərindən əldə edirlər. [1]

 ŞİƏ ÜLƏMASININ SƏFİRLİYİN BİTMƏSİ BARƏDƏ İTTİFAQI

Keçmiş və ya müasir dövrə mənsub olmalarından asılı olmayaraq bütün şiə alimləri dördüncü naib Əli ibn Muhəmməd Səmərinin (r.ə) vəfatı ilə səfirlik və naibliyin bitməsi fikrində olmuşlar. Bu məqamda nümunə olaraq çox fikirlər göstərmək olar, lakin biz yazımızın həcmini nəzərə alaraq mütəqəddim alimlərimizdən bir qisminin fikirlərini gətirməklə kifayətlənəcəyik.  

“Kamiluz-ziyarat” kitabının sahibi və Şeyx Müfid (r.ə)-in fiqhdə ustadı olan Şeyx Əbul-Qasim ibn Muhəmməd ibn Qovləveyh (r.ə)[2] deyir: “Bizim yanımızda (şiə imamiyyə məzhəbində) qəbul olunan budur ki, hər kəs kiçik qeyb dövründə təyin edilmiş dörd naibin sonuncusu olan Səməridən (r.ə) sonra bu işi –səfirliyi– iddia edərsə, kafir, yalançı, azğın və saxtakardır!(Ğeybəti Tusi, 255)

 “Ğeybət” kitabının müəllifi Şeyx Numani (r.ə) deyir: “Qaim əleyhis-səlamın iki qeybə çəkilməsi olacağını bildirən bu hədislər Allaha həmd olsun ki, bizim yanımızda sihhət tapmışdır (səhihdirlər). Allah (Qaim (ə)-ı qeybə çəkməklə) İmamların (ə) sözlərini aydınlatmış və onların (ə) bu hədislərdə buyurduqlarının doğruluğunu aşkara çıxarmışdır. Birinci qeybətə gəlincə o həmin qeybət dövrüdür ki, o zaman İmamla (ə) camaat arasında təyin edilmiş, aşkar və məlum olan səfirlər var idi. Elmin sirrləri, qaranlıq suallara və müşküllərə cavablar onların əli ilə gəlib çatırdı… Bu qısa olan qeybə çəkilmə idi ki, artıq bitmişdir və müddəti başa çatmışdır. İkinci qebə çəkilmə zamanı isə səfirlər və vasitələr aradan qalxmışdır. Bu, Allahu-təalanın istədiyi bir işə, məxluqatı arasında dövr edən tədbirinə və bu işi iddia edənlərin (şiələrin) imtahandan keçib sınanması, arınması və təmizlənməsinə görə baş verdi..” (Ğeybəti-Numani: 178) Daha sonra Şeyx Numani (r.ə) Abdullah ibn Sənanın bu hədisi “Siz hidayət edici imam və aşkar bir yol göstərən (“ələm”) görmədiyiniz zaman necə olacaqsınız?” barədə belə deyir: “Bu hədis İmam (ə)-la şiələr arasında vasitə olan səfirlər barədədir.. Çünki İmamın (ə) qeybdə olduğu dövrdə onunla şiələri arasındakı səfir “ələmdir” (yol göstərəndir). Elə ki, məxluqat üzərə imtahan baş verdi, “ələmlər” aradan qalxdı və Sahibul-Haqq (ə) zühur edənəcən bir daha görünməyəcəklər..

 Həmçinin, İbn Qövləveyh “Ğeybət” kitabında deyir: “Əbu Dəlf Katibə gəlincə -Allah onu bağışlamasın- biz onu dinsiz kimi tanıyırdıq, sonra isə “ğüluv” izhar etdi, sonra da dəli oldu və nə etdiyini bilmədi. O Məşhədə gəldiyi zaman biz onu tanımadıq.. və şiələrin də çox az bir hissəsi onu tanımışdı. Camaat ondan və onun ardıyca gedənlərdən uzaqlaşdılar. Biz onunƏbu Bəkr Bağdadi barəsində dediklərini Əbu Bəkrə dedik. Əbu Bəkr isə bunu inkar edib ona lənət göndərdi. Biz də bunu ondan qəbul etdik. Lakin o Bağdada daxil olunca, Əbu Bəkr ona meyl etdi və taifədən (şiəlikdən) imtina etdi.. Biz şübhə etmirik ki, o da onun məzhəbindəndir. Buna görə də ona lənət edib uzaqlaşdıq. Çünki, bizim (şiə-imamiyyə məzhəbinin) belə etiqadı vardır ki, kim Səməridən sonra bu işi (səfirliyi-naibliyi) iddia edərsə, kafirdir, yalançıdır, azğın və saxtakardır! ” (Ğeybə: 412)

 Şeyx Müfid (r.ə) deyir: “Qiyam etməzdən öncə onun (ə) iki qeybə çəkilməsi olacaq: Hədislərin də bildirdiyi kimi onların biri o birisindən daha uzundur. Qısa olana gəlincə, bu, o həzrətin (ə) doğumundan şiələri ilə özü arasındakı səfirliyin bitməsinə və (sonuncu naibin) vəfatı ilə səfirliyin qurtarmasına qədərki dövrü əhatə edir. Uzun olan isə, birincidən sonra gəlir. Onun sonunda o həzrət (ə) qılınca qiyam edəcək”. (İrşad: 2/340)

 Şeyx Səduq (r.ə) “İkmalud-din” əsərində Qaim (ə)-ın dünyaya gəlməsi ilə bağlı olan 41-ci babda deyir: “Ğiyas ibn Əsəddən nəql edilir ki, dedi: “…Onun (ə) vəkili Osman ibn Səid idi. Osman vəfat etməzdən öncə oğlu Əbu Cəfər Muhəmməd ibn Osmana vəsiyyət etdi. Əbu Cəfər də Əbul-Qasim Hüseyn ibn Ruha vəsiyyət etdi. Əbul-Qasim isə Əbul-Həsən Əli ibn Muhəmməd Səməriyə (rizvanullahi əleyhim) vəsiyyət etdi. Sonra dedi: Səməri vəfat etmək üzrə olan zaman ondan kimə vəsiyyət etdiyini soruşdular. Dedi: “İş Allaha qalıb, O özü onu tamamlayacaq”. Tam qeybət Səmərinin vəfatı ilə başladı”. (İkmalud-din: 424)

 Şeyx Tusi (r.ə) “Ğeybət” kitabında deyir: “…Sonra dedi: Səməri vəfat etmək üzrə olan zaman ondan kimə vəsiyyət etdiyini soruşdular. Dedi: “İş Allaha qalıb, O özü onu tamamlayacaq”. Tam qeybət Səmərinin vəfatı ilə başladı” (Ğeybət: 393)

…Elə ki, vəfat etmək üzrə idi şiələr onun yanına gəlib özündən sonrakı vəkil və yerini tutacaq şəxs barədə soruşdular. O isə bu barədə bir şey demədi. (Bircə) bunu dedi ki, bu məsələ barəsində özündən sonra kimsəyə vəsiyyət etməməsi tapşırılıb” (həmin mənbə). Həmçinin, Şeyx Tusi öz rical kitabının 421-ci səhifəsində, 375-ci rəqəmdə bu barədə İbn Qövləveyhin nəzərini gətirmişdir ki, yuxarıda qeyd edildi.

 

Həmçinin, Muhəmməd ibn Fəttal Nişapuri (r.ə) “Rəvzətul-Vaizin” kitabında deyir: “Səməri vəfat etmək üzrə olan zaman ondan vəsiyyət etməsini istədilər, o isə dedi ki: İş Allaha qalıb, O özü onu tamamlayacaq. O (ə.f) haqq dövləti qurulanacan gözləyəcək”. (Rəvzətul-Vaizin: 266)

 

Şeyx Əminul-İslam Təbərsi (r.ə) “İ`lamul-vəra” kitabında Əbu Bəsirdən (r.ə) nəql edilən bir hədisi zikr etdikdən sonra deyir: “Onlardan kiçik qeybə gəlincə, bu həmin dövr idi ki, o zaman onun (ə.f) səfirləri mövcud, məşhur “bab”ları həyatda idilər…” Sonra səfirliyin bitdiyini bildirən qeyd etdiyimiz hədisi və İmam (ə)-ın Əli ibn Səməriyə yazdığı sonuncu məktubu zikr etdikdən sonra deyir: “Bundan sonra uzun qeyb dövrü başladı ki, biz hal-hazırda bu dövrdəyik. Fərəc, Allahu-təalanın istəyi ilə bu qeybin sonundadır”. (İ`lamul-vəra :2/259)

 Həmçinin, Şeyx Əbu Mənsur Əhməd ibn Əli ibn Əbu Talib Təbərsi (r.ə) “İhticac” kitabında (2/297) səfirliyin bitməsini bildirmişdir. Əllamə Hilli (r.ə) “Rical” kitabında (s.148, r.57), İbn Davud Hilli (r.ə) “Rical” kitabında (178), Əllamə Məclisi (r.ə) “Şərhi Kafi” əsərində, Seyyid Abdullah Şübbər (r.ə) “Haqqul-yəqin” əsərində və digərləri də öz əsərlərində eyni fikiri bildirmişlər.

  

Ardı var….

 Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

  

İstifadə edilən əsas mənbələr:

1-“Əş-şuhub əl-Əhmədiyyə əla muddəil-məhdəviyyə”, Şeyx Əhməd Salman

2-“Də`vas-səfəra fi ğeybətil-kubra”, Ayətullah Şeyx Muhəmməd Sənəd, I cild

 

 

 


[1]  “Də`va səfəra fi ğeybətil-kubra”, I cild, Ayətullah Şeyx Muhəmməd Sənəd.

[2]  Şeyx Nəcaşi (r.ə) onun barəsində deyir: “Hər nə qədər insanlar onun barəsində yaxşı söz desələr də, o bütün bunlardan da yüksəkdədir”.

Leave a Comment