Bismillahir rəhmanir rəhim
Bəzi şəxslər böyük qeyb dövründə İmam Höccət ibnil-Həsən Məhdi (ə)-ın görülə bilməsi məsələsini inkar edirlər. Biz bu yazımızda böyük qeyb dövründə o Həzrətin (ə) görülə bilməsinin isbatına dair böyük alimlərimizin (r.ə) sözlərindən dəlillər təqdim edəcəyik. :
1-Seyyid Mürtəza (r.ə):
“Biz, o Həzrətin (ə) dostlarından və onun imamətinə etiqad edən şəxslərdən olan bir çoxunun onunla görüşə bilməsini və ondan istifadə edə bilməsini mümkün hesab edirik”[1]. 2-Şeyx Tusi (r.ə):
“Biz qəti olaraq demirik ki, o Həzrət (ə) bütün dostlarından gizlindədir. Əksinə, Həzrətin (ə) onların bir çox üçün aşkar olması mümkündür”[2].
3-Əllamə Məclisi (r.ə). O cənab Səmərinin məktubuna verdiyi şərhində deyir (Hansı ki, burada deyilir: “O zaman bəziləri şiələrimin yanına gəlib “müşahidə” iddiası edəcəklər. Bilin, kim Süfyaninin çıxmasından və güclü səsin baş verməsindən öncə müşahidə iddiası edərsə, yalançı və iftiraçıdı”):
“Bəlkə də bu, naibliklə və səfirlər kimi İmam (əleyhis-səlam) tərəfdən şiələrə xəbərlər çatdırmaqla birgə müşahidə iddiası edən şəxsə işarədir. Ona görə ki, (bunun əksini düşünmək) o Həzrəti (əleyhis-səlam) görənlər barədə daha öncə qeyd edilən və sonradan da qeyd ediləcək hədislərlə ziddiyyət təşkil edər!”[3].
4-Seyyid Abdullah Şübbər (r.ə) deyir: “Keçmiş və son dövrlərdə yaşayan bir çox güvənilir və fəzilət sahibi şəxslərin o Həzrəti (ə) gördüklərini və böyük qeyb dövründə o Həzrəti (ə) müşahidə etdikləri çatdıran çoxlu sayda xəbərlər və rəvayətlər vardır. Bir çox mühəddislər öz kitablarında bu rəvayətlər üçün ayrıca bablar (bölmələr) açmışlar. Xüsusən də Əllamə Məclisi (r.ə) Biharul-Ənvar kitabında”[4].
5-Seyyid Şübbərin də dediyi kimi Əllamə Məclisi (r.ə) “Biharul-Ənvar” kitabında bu mövzu ilə bağlı xüsusi bir bab açmış və onu belə adlandırmışdır: “Böyük qeyb dövründə – bizim zamanımıza yaxın bir vaxtda o Həzrəti (ə) görənlər barədə xüsusi bab”[5].
Həmçinin, böyük mühəddis Seyyid Haşim Bəhrani (r.ə), habelə Mirzə Nuri (r.ə) və sair kimi bir çox böyük şəxsiyyətlər bu mövzu ilə bağlı ayrıca kitab yazmışlar. (Məs.: Seyyid Haşim Bəhrani: “Təbsirətul-Vəli fi mən raəl-Qaiməl-Məhdi”, Mirzə Nuri (r.ə): “Cənnətul-Mə`va fi zikri mən fazə bi-liqail-Huccə (ə) au mucizətihi fil-ğeybətil-kubra”.)
Tədqiq: Zuhuradogru.org
[1] Rəsail: 2/297.
[2] əl-Ğeybə: 99.
[3] Biharul-Ənvar: 52/151, hədis 1-in ardınca.
[4] əl-Ənvar ul-Lamiə: 36.
[5] Biharul-Ənvar: c.52.