Bismillahir Rəhmanir Rəhim
Beyda çölü və orada baş verəcək hadisələr.
“Beyda” içərisində heç bir şey (bitki və ya ağac) olmayan çölə verilən addır. Bu ad, müqəddəs Məkkə və Mədinə şəhərləri arasında yerləşən xüsusi bir ərazi üçün işlədilir. Bu ərazi Zul-Huleyfədən (və ya Zul-həlifədən) Məkkəyə tərəf bir millik məsafədə yerləşir. Zahirən “Beyda” sözünün kökü “ibadə” sözündən götürülmüşdür və mənası “tamamilə yox olma, tələf olma” deməkdir.
“Məcməul-bəhreyn”də (s.198) gələn bir hədisə əsasən bu yerdə namaz qılmaq olmaz. Səbəb olaraq isə bu ərazinin qəzəbə düçar olduğu göstərilmişdir.
Həzrəti Məhdi (ə) zühur dövründə baş verəcək qəti əlamətlərdən biri də Süfyaninin ordusunun bu ərazidə yerin dibinə batmasıdır. Bildiyimiz kimi, Süfyanı öz ordusunu müqəddəs Mədinə şəhərinə göndərərək orada zülm və fəsad törədəcək.
Həzrəti Məhdi (ə.f) isə Musa ibn İmran (ə)-ın etdiyi kimi Mədinədən çıxıb Məkkəyə üz tutacaq. Bu zaman Süfyaninin ordusunun başçısına xəbər çatacaq ki, Məhdi (ə.f) Məkkəyə tərəf yola düşüb, buna görə də o, öz qoşununa əmr verəcək ki, həzrətin arxasıyca getsinlər və Kəbəni dağıtsınlar.
Qoşun Beyda çölünə çatınca – İmam Baqir (ə)-dan nəql edilən hədisdə də göstərildiyi kimi – yer onları udacaq. (“Biharul-ənvar”, 53/238, bab 25, hədis 105)
Bu batma zamanı yalnız iki nəfər sağ qalacaq. Onlardan biri İmam Məhdiyə (ə.f) zalımların batması müjdəsini verəcək, digəri isə Süfyaninin yanına gedərək ordusunun məhv olması xəbərini verəcək. Müfəssəl bir hədisdə bütün bunlar barədə deyilir:
“Sonra üzü başında, başı isə sinəsində olan bir şəxs Qaim əleyhis-səlamın yanına gələrək qarşısında dayanar və ona deyər: Ey ağam, mən Bəşirəm. Bir mələk mənə əmr etdi ki, sənə qoşulam və sənə Süfyaninin ordusunun Beydada həlak olması müjdəsini verəm.
Qaim əleyhis-səlam ona deyər: Özünün və qardaşının başına gələnləri danış.
Həmin şəxs deyər: “Mən və qardaşım Süfyaninin ordusunda idik. Dəməşqdən Zəvraya qədər dünyanı xaraba qoyduq. Kufəni dağıtdıq, Mədinəni dağıtdıq…
Sonra Mədinədən çıxdıq və o zaman sayımız üç yüz min idi. Biz Kəbəni də dağıdıb əhalisini qırmaq istəyirdik. Elə ki, Beydaya çatdıq orada düşərgə saldıq. Bu zaman bir kəs bizə qışqıraraq dedi: Ey Beyda, zalım qövmü yox et!
Bundan sonra yer yarıldı və bütün ordu yerə batdı. And olsun Allaha ki, orada məndən və mənim qardaşımdan başqa kimsə sağ qalmadı.
Bu zaman bir mələk bizim üzümüzə vurdu və üzlərimiz – gördüyün kimi – arxamıza çevrildi. Sonra o mənim qardaşıma dedi: Vay olsun sənə ey Nəzir! Dəməşqə məlun Sufyaninin yanına get və onu Ali Muhəmməddən (ə) olan Məhdinin (ə.f) zühur etməsi ilə qorxut. Ona de ki, Allah onun ordusunu Beydada həlak etmişdir.
Mənə isə dedi: Ey Bəşir, (get və) Məkkədə Məhdiyə qoşul və ona zalımların həlak olması müjdəsini ver. Onun vasitəsilə tövbə et, o sənin tövbəni qəbul edəcək”.
Bundan sonra Qaim əleyhis-səlam əlini onun üzünə çəkər və onun üzü əvvəl olduğu kimi olar. Beləcə o (Bəşir) ona beyət edər və onun yanında olar”. (“Biharul-ənvar”, c.53/10, bab 25, hədis 1)
Seyyid Əli Muhəmməd Hüseyni Sədr, “Fi rihabil-Məhdi əleyhis-səlam”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.