Beş yaşında bir uşaq imam ola bilərmi?

Bismillahir rəhmanir rəhim 

Bəzi sünni qardaşlar belə deyirlər: “Fərz edək ki, İmam Həsənin bir uşağı vardı, amma atası vəfat edərkən onun beş yaşında olduğuna görə və yer üzü qəyyumsuz və imamsız ola bilməyəcəyinə görə belə bir sual ortaya çıxır: beş yaşında bir uşağın vilayət və imamət mövqesinə çatdığına necə inana bilərik? İlahi hökmləri qorumağa məmur olduğunu və o kiçik yaşda elm və əməl baxımından insanların imamı və Allahın hüccəti olduğunu necə qəbul edə bilərik?”

Belə düşünən qardaşlara “Sizlər imamət və peyğəmbərlik mövqesini zahiri və sıravi bir mövqe olaraq qiymətləndirir və onun ilahi bir iradəylə reallaşan bir ilahi mövqe olmadığını zənn edirsiniz” deyirik. Belə düşünənlər hər kəsin hökmlərin qoruyucusu olma qabiliyyəti vardır və dolayısilə də heç bir xüsusi qabiliyyət, kamal və fitri üstünlüyə ehtiyac yoxdur. Belə ki, Məhəmməd ibn Abdullahın yerinə Əbu Süfyan da peyğəmbərlik mövqesinə seçilə bilərdi. Əli ibn Əbi Talibin yerinə Təlhə və Zübeyr də imam ola bilərdi deməkdədirlər. Amma bir az düşünüb və Əhli Beytin hədislərinə müraciət edəcək olsanız, mövzunun heç də bu qədər sadə və asan olmadığını görərsiniz. Çünki peyğəmbərlik mövqesi çox uca bir mövqedir, bu mövqeyə sahib olan birinin Allah Təala ilə çox yaxın bir əlaqəsi söz mövzusudur və qeybi aləmlərin elm və feyzlərindən yaralanmaqdadır. İlahi hökm və qanunlar, onun nurani qəlb və batininə vəhy və ilham olmaqdadır. Onları hər cür xəta və səhvdən günahsız bir halda qəbul etməkdədir. İmamət mövqesi də elə böyük bir mövqedir ki, bu mövqeyə sahib olan bir insan da ilahi hökm və peyğəmbərlik elmlərini heç bir nisyan və səhvə yol vermədən qəbul edir. Daim qeybi aləmiylə əlaqə halındadır, ilahi nemətlərdən feyzlənməkdədir, elm və əməliylə insanların imamı, dinin məzhər və nümunəsi və Allahın höccətidir.

Məlumdur ki hər kəsin belə bir uca bir mövqeyə qabiliyyəti yoxdur. Adam ruh baxımından insanlığın ən üst mərtəbəsində olmalıdır ki, qeybi aləmlərlə əlaqə yaratmaq və elmləri qəbul edib qorumaq barəsində ləyaqət və salahiyyəti olsun; cismani tərkiblər və zehni qüvvələr baxımından da tam bir etidal içində olmalıdır ki, varlıq aləmlərinin həqiqətlərini və qeybi feyzləri heç bir xəta və səhvə düşmədən sözlər və mənalar aləminə endirib insanlara çatdıra bilsin.

O halda peyğəmbər və imam, yaradılış baxımından seçmə insanlardır və bu şəxsi üstünlük və qabiliyyət səbəbiylədir ki Allah Təala, onları uca peyğəmbərlik və ya imamət mövqesinə seçmişdir. Bu üstünlük uşaqlıqdan bəri onların bədənində mövcuddur. Amma yeri gəldiyində şərtlər mövcud olduğunda və maneə qalmadığında rəsmi olaraq peyğəmbərlik və ya imamət mövqesinə seçilməkdə və ilahi hökmləri qorumaqla vəzifələndirilməkdədirlər.

Bu seçiş və zahiri intisab bəzən buluğa çatdıqdan sonra və ya böyük yaşlarda reallaşa bildiyi kimi, bəzən də uşaqlıq çağında reallaşa bilər.

Necə ki Hz. İsa (ə) beşikdə insanlarla danışmış və özünü peyğəmbər və kitab sahibi olaraq tanıtmışdır. Allah Təala Məryəm surəsində belə buyurmaqdadır. “İsa dedi ki, şübhəsiz mən Allahın quluyam, Allah mənə kitabı verdi və məni peyğəmbər etdi” (Məryəm 30).

Bu və bənzəri ayələrdən də aydın olacağı kimi Hz. İsa (ə) uşaqlıq çağında peyğəmbər və kitab sahibi idi. Elə isə bu səbəblə deyirik ki, beş yaşındakı bir uşağın da qeybi aləmlərlə əlaqə halında olmasının ilahi, hökmləri qorumaqla vəzifələndirilməsinin, vəzifəsini edərkən və bu əmanəti əda edərkən tam bir gücə sahib olmasının heç bir qorxusu yoxdur.

Necə ki, İmam Məhəmməd Təqi (ə) də atası vəfat edərkən beş və ya yeddi yaşında idi. Yaş kiçikliyi baxımından bəzi şiələr də onun imamlığı haqqında şübhəyə düşdülər. Bu müşkülatı təhlil etmək üçün bəzi böyük şiə alimləri İmamın hüzurunda gəlib və çoxlu çətin suallar soruşdular. Amma bütün suallarına kafi cavab alıb onun bəzi kəramətlərini görüncə şəkk və tərəddüdləri ortadan qalxdı. [1]

Həzrəti İmam Rza (ə) onu imam və qəyyumu olaraq tanıdırdı. Buna çaşan insanlara da “Həzrəti İsa da uşaqlıq çağında peyğəmbərlik və Allahın höccəti olma mövqesinə çatdı” deyə buyururdu”. [2]

İmam Əliyyən Nəqi (ə) də hələ beş yaşındaykən atası dünyadan köçdü və özü imam oldu. [3]

Bəli ənbiya və imamların xüsusi yaradılışı elə bir şəkildədir ki, onları sıravi insanlarla müqayisə edib hökm vermək doğru olmaz.

 

[1] – Isbat-ul Vəsiyyə, s. 166.

[2] – Isbat-ul Vəsiyyə, s. 166.

[3] – Mənaqibi Ibni Şəhraşub, Qum nəşri, c. 4, s. 401 və Isbat-ul Vəsiyyə, s. 174.

 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir. 

Leave a Comment