Bəsrə dəccalı və onun yoldaşının yalanı

Bismilləhir-rahmənir-rahim

Şeyx Əli əl-Kurani (əl-Kəvrani) özünün “Dəccalul-Bəsrə” kitabında yazır:

Əhməd İsmayıl əl-Bəsrinin yaxın adamlarından olan Nazim əl-Uqeyli özünün “ər-Rəddul-hasim əla minkiri-zurriyyətil-Qaim” adlı kitabında demişdir (qeyd edək ki, Əhməd İsmayıl öz kitablarının birində bu kitabı oxumağı məsləhət görür – tərc.):

““Bişarətul-İslam” kitabında “Biharul-ənvar” kitabından nəqlən Süteyh əl-Kahindən uzun bir xəbər nəql edilmişdir. Həmin xəbərin cümlələrinin birində İmam Məhdidən (ə) öncə baş verəcək bəzi hadisələri qeyd edilmiş, hadisələr qeyd edildikdən sonra deyilmişdir: “…Bu zaman Məhdinin oğlu zühur edəcək” (yazharu ibn əl-Məhdi).” (“ər-Rəddul-hasim”: səh.15).

Lakin, biz “Biharul-ənvar” kitabına müraciət etdiyimiz zaman, Əhməd İsmayıl və onun yoldaşının necə böyük bir xəyanətə və yalana əl atdıqlarının şahidi oluruq! Belə ki, “Biharul-Ənvar” kitabının orijinalında cümlə “Məhdinin oğlu” (yazharu ibn əl-Məhdi) şəklində yox, “Peyğəmbərin oğlu Məhdi” (yazharu ibn ən-Nəbi əl-Məhdi) şəklindədir! (Başqa sözlə: cümlənin “yazharu ibn” hissəsi ilə, “əl-Məhdi” hissəsi arasında “ən-Nəbi” sözü vardır.) Lakin, Uqeyli saxtakarlıq edərək cümlənin “ən-Nəbi” sözü düşmüş olan formasını təqdim etmişdir. Bununla cümlənin əslində “Məhdinin oğlu” şəklində olduğunu göstərməyə çalışmış, dolayısı ilə cümlə ilə Əhməd İsmayıla işarə edildiyi bildirmək istəmişdir! (Çünki, onlar Əhməd İsmayılın İmam Məhdinin (ə) oğlu olduğunu iddia edirlər. Qeyd edək ki, istər “Biharul-ənvar” kitabının nüsxələrində, istər “Bişarətul-İslam” kitabının digər nüsxələrində, istərsə də xəbərin orijinal mənbəsi olan “Məşariqu-ənvaril-yəqin” kitabının nüsxələrində xəbərdə “ən-Nəbi” cümləsi mövcuddur. Lakin, Uqeyli və onun ağası hiyləgərlik edərək xəbərin “Bişarətul-İslam” kitabının nüsxələrinin birində gələn (“ən-Nəbi” sözünün yanlışlıqla düşmüş olduğu) formasını əsl forma kimi təqim etmişlər!! Bununla öz saxtakarlıq və yalanlarına bir yenisini daha əlavə etmişlər. Hətta, “Biharul-ənvar” kitabının 1887-ci ildə yazılmış əlyazma nüsxəsində belə (c.13, səh.44) “ən-Nəbi” sözü mövcuddur. Lakin, Əhməd İsmayıl və yoldaşı insanları aldatmaqdan ötrü hər cür hiyləgərliklərə əl atırlar – tərc.) Üstəlik, xəbər Peyğəmbərdən (s) və ya İmamlardan (ə) deyil, Suteyh adlı bir kahindən nəql edilmişdir.

Mən Əhməd İsmayılın mənim üçün göndərdiyi elçiyə dedim:

– Saytınızdakı materialları sayta kim yerləşdirir?  

Dedi:

– Mən, ya da İmam Əhməd ibn Həsən (Əhməd İsmayıl).

Dedim:

– Süteyh əl-Kahinin cümləsindəki “ən-Nəbi” sözünü kim silib? (Sən, ya imamın?).

Heç bir cavab vermədi!

Sonra “Bişarətul-İslam” kitabında “ən-Nəbi” sözünün olmadığına isbat etmək üçün bəhanə gətirməyə çalışdı. Lakin mən ona belə dedim:

“Bu kitab son dövrlərdə yazılan bir kitabdır. Digər bütün nüsxələrdə “ən-Nəbi” sözünün olması və təkcə bu nüsxədə olmaması bu mənaya gəlir ki, “ən-Nəbi” sözü çap xətası ilə mətndən düşüb. Görəsən siz imamınızın imamətini isbat etmək üçün çap xətasına istinad edirsiniz?!”

Şeyx Əli əl-Kurani (əl-Kəvrani), “Bəsrə dəccalı”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment