Bismillahir rəhmanir rəhim
“Ğeybəti-Numani” kitabında (11-ci bab, səh.200) İmam Sadiq (ə)-dan belə nəql edilir:
“Atam mənə dedi: Azərbaycanda elə bir alov qalxacaq ki, heç bir şey onun qarşısında dura bilməyəcək. Elə ki, bu baş verdi səssiz-səmirsiz evlərinizdə oturun. Biz nə etsək, siz də onu edin. Bizim hərəkatçımız hərəkətə keçdiyi zaman isə sürünə-sürünə də olsa ona tərəf tələsin. And olsun Allaha, sanki mən onu görürəm ki, rükn və məqam arasında yeni bir kitab üzərə insanlardan beyət alır, ərəblərə qarşı sərt mövqe tutur və deyir: Vay olsun ərəblərin azğınlarına yaxınlaşan bir əzabdan!”.
Hədisi şərifin mətni açıqca göstərir ki, bu “alov” həzrəti Məhdi (ə)-ın zühuruna çox yaxın bir vaxtda baş verəcək.
Həmçinin bir sıra hədislərdə o həzrətin (ə.f) əshabının bir neçəsinin Azərbaycandan olacağı bildirilmişdir. Bu da nəzərə alınmalıdır ki, hədislərin deyildiyi vaxtda Azərbaycan ərazisi bugünkü Cənubi Azərbaycan ərazilərini də əhatə edirdi. Belə hədislərdən biri aşağıdakıdır:
“Əl-Məlahim vəl-Fitən” kitabında (səh. 119, Seyyid İbn Tavus) Əmirəl-möminin (ə)-dan belə nəql edilir:
“…Əmirəl-möminin (ə) buyurdu: Sizə Məhdinin dostları və onların sayı barədə məlumat verimmi?
Dedilər: Bəli, ey möminlərin Əmiri.
Buyurdu: Allah Rəsulundan eşitdim: “Onların birincisi Bəsrədən, sonuncusu isə Yəmamədəndir.” Daha sonra İmam Əmirəl-möminin (ə) Məhdi (ə)-ın səhabələrinin adlarını sadalamağa və camaat da həzrətin dediklərini yazmağa başladılar. Həzrət (ə) buyurdu:
Bəsrədə iki nəfər, Əhvazdan iki nəfər, Mükərrəm Əsgərdən bir nəfər… Həmədandan (əhalisinin böyük hissəsi azərbaycanlılardır) üç nəfər: Cəfər, İshaq və Musa, …Qəzvindən iki nəfər, …Ərdəbildən bir nəfər, … Marağadan üç nəfər, …Ərməniyyədən bir nəfər, …Xoydan bir nəfər, …Səlmasdan bir nəfər, …Qursdan bir nəfər, …Şirvandan bir nəfər.. ”.
Hədisdə adı keçən bu şəhərlər (Şirvan və Qurs istisna olmaqla) Cənubi Azərbaycan şəhərləri hesab edilir və onların əhalisinin ya tamamı, ya da böyük bir hissəsi azərbaycanlılardan ibarətdir. Habelə hədislərdə Ərməniyyə məntəqəsinin də adı çəkilir ki, bu da məlum olduğu kimi müasir Azərbaycan ərazisinin bir hissəsini əhatə edir.
Həmçinin, “İlzamun-Nasib” kitabında Əmirəl-möminindən nəql edilən bir hədisdə bildirilir: “Səlmasdan Harun adlı bir nəfər, …Xufəcdən (Xoydan) adları Məhruz və Nuh olan iki nəfər, Qəzvindən adları Harun, Abdullah, Cəfər, Saleh, Ömər, Leys, Əli və Muhəmməd olan səkkiz nəfər, Ərməniyyədən adları Əhməd və Hüseyn olan iki nəfər… olacaq”. (İlzamun-Nasib: 193, Şeyx Əli Yəzdi Hairi)
Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanın şiə müsəlman əhalisi daim Əhli-Beyt İmamlarının (ə) diqqətində olmuş və İmam Məhdi (ə)-ın vəkillərindən biri də məhz bu əraziyə təyin edilmişdi. (Azərbaycanın Arran (təxminən indiki Bərdə) bölgəsindən olan bu vəkil barədə məlumatı aşağıdakı mənbədən əldə edə bilərsiniz: İmam Məhdinin (ə.f) azərbaycanlı vəkili (Qasim ibn Əla)
həmçinin: İmam Məhdinin azərbaycanlı vəkili-Qasim ibn Əla (2)
Bu səbəbdən də həzrəti Məhdi (ə) xüruc edib mübarək hərəkatına başladığı zaman o həzrət üçün bu torpaqlardan əsgərlərin çıxması və o həzrətin (ə.f) yenə də bu sadiq torpaqlara diqqət yetirməsi uzaq ehtimal deyil. Allah bizləri o həzrətə (ə.f) sadiq və mərifətli nökərlərdən qərar versin, amin.
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.