Bismillahir Rəhmanir Rəhim
Əmirəl-mömininin (ə) belə bir böyük kəlamı var ki, buyurur: “Əgər az elm sahibi özünü yorub bilmədiyi bir şeyə baş qoşarsa, həm başqasına əziyyət vermiş olar, həm də özünə”. Baxmayaraq ki, bizlər belə hədisləri nəql edirik, amma özümüz onlara əməl etmirik!
Biz bilmədiyimiz bir şeyə baş qoşsaq da, əziyyət çəkmirik! Sizi bilmirəm; söhbətim sizə əziyyət verir ya yox, sizi yorur yoxsa yox, bilmirəm. Bəllidir ki, bizim əziyyət çəkməməyimiz bizim xüdbinliyimizə (özümüzü sevməyimizə) qayıdır.
Əvvəldən bu həqiqəti deyib etiraf edək.. o da budur ki, bizlər xüdbinik..!
İmam Zaman (ə.f) elə bir şəxsdir ki, onun haqqında heç bir şey bilmirik! Sizi deyə bilmərəm.. Bəlkə də içinizdə elələri var ki, müəyyən bir məqama çatıb və onun barəsində nəsə bir şey bilir, lakin mən hal-hazırda nəsə bilən müəyyən bir şəxs tanımıram..! Bəli, bir çoxları var ki, onun (ə.f) barəsində nələrsə bilirlər, lakin mənim məqsədim mərifətdir..
Bizim İmam Zaman (ə.f) barədə danışmaq cəhdimiz (-burada cəm əvəzliyi özümə qayıdır), “kəlb”in[1] öz ağası ətrafında dolanmasına bənzəyir.. Canıma and olsun ki, hətta bu iddiaya görə belə istiğfar etməliyik! Məsələ bizim düşündüyümüz kimi (sadə) deyil..
“Ziyarəti-nahiyə”də deyilir: “Salam olsun sənə, səni tanıyan bir şəxsin salamı ilə. Elə bir şəxsin salamı ilə ki, Allahın səni tanıtdığı və vəsf etdiyi şey ilə səni tanıyıb”. Gəlin əvvəlcə birinci sözə baxaq, daha sonra ikinci sözə keçək.
Bu ziyarəti oxuyan hər bir kəs gərək belə deyə: “Salam olsun sənə..” hansı salamla?!
“..səni tanıyan bir şəxsin salamı ilə”. Bu o deməkdir ki, mən səni tanımıram!
“..Səni tanıyan bir şəxsin salamı ilə”- səni nə ilə tanıyan şəxsin salamı ilə: “..Allahın səni tanıtdığı ilə…”.
Bu cümlədən belə nəticə alırıq ki, o həzrəti (ə.f) tanıtmaq üçün deyilən bütün sözlər hamısı yanlışdır. O həzrəti tanıtmaq üçün deyilən ən düzgün söz onu (ə.f) Yaradanın dediyi sözdür. Bəs “..Allahın səni tanıtdığı şey ilə..” cümləsinə daxil olan həmin o tanıtma nədir (hansıdır)? Bax bu “tanıtma” Şeyx Tusinin qəddəsəllahu nəfsəhuz-zəkiyyə “Misbahul-mutəhəccid” kitabında Şəban ayının yarısının gecəsinin əməlləri bölməsində gətirdiyi həmin tanıtmadır. Əgər o həzrəti (ə.f) tanımaq üçün bir şeylər varsa, onlar məhz bu cür dualarda gizlənmişdir.. Duada deyilir: “İlahi, bu gecəmizin və onda dünyaya gələn Şəxsin hörmətinə; höccətinin və (bu gecədə dünyaya gələn) vəd olunmuş şəxsin hörmətinə (duamızı qəbul elə). O gecənin hörmətinə ki, Öz fəzlini onun fəzilətinə əlavə etdin və beləcə sənin sözün doğru-düzgün olaraq tamam oldu; Sənin sözlərində və ayətlərində dəyişiklik olmaz. (O həmin şəxsdir ki,) Sənin parlaq nurun, aydınladan işığın, qaranlıq zülmətlərdə nur bayrağın və qeybdə olan gizli şəxsdir. (O elə bir şəxsdir ki,) mövludu böyük bir hadisədir, nəsli nəcib bir nəsildir. Mələklər onun şahidləri, Allah onun yardımçısı və qoruyanıdır. Ona vəd olunan vaxt yetişincə mələklər yardımçısı olacaq. Allahın kütləşməyən qılıncı, sönməyən nurudur. Aram davranan helm sahibidir… ”
Bu nə aləmdir, bu nə məqamdır?!
Buna görə də biz əziyyətə düşəcəyik. Çünki biz “Sənin parlaq nurun, aydınladan işığın..” kimi ifadələri başa düşə bilmirik. Bu nə aləmdir, hansı üfüqdür?.. Vay olsun bizə, din İmamlarını nə qədər kiçiltmişik..?!
Düşünün: “...(O elə bir şəxsdir ki,)Sənin parlaq nurun, aydınladan işığın, qaranlıq zülmətlərdə nur bayrağın və qeybdə olan gizli şəxsdir. (O elə bir şəxsdir ki,) mövludu böyük bir hadisədir, nəsli nəcib bir nəsildir…” Nədən danışılır, nədir məna?! İlahi, öz fəzlini bu gecənin fəzilətinə əlavə etmisən.. Bəs sənin o “fəzl”in olan şəxs kimdir?…
“Ziyarəti-nahiyə”də başqa bir ifadə də vardır ki, belədir: “Salam olsun sənə ey Tuba ağacına və Sidrətil-Müntəhaya baxan şəxs!”…
Deyirəm: Xəyalın “görmə” hüdudunu və genişliyini gözün görmə hüdud və genişliyi ilə müqayisə etmək olmaz. Siz gözünüzlə hara kimi görə bilərsiniz? Amma xəyalınız hansı fəzaya gedib çıxa bilər?! Gözlə görmə ilə xəyal arasında, xəyalla da əql (düşüncə) arasında nə qədər fərq var? Bu mənada ki, öz gözlərinizlə gördüyünüzlə, xəyalınızın getdiyi və düşüncənizin (əqlinizin) yetişdiyi məqam arasında nə qədər məsafə var? Bu dərk olunanlar arasında fasilələr nə qədərdir?… Göz hansı həddə qədər görə bilər, xəyal hansı həddə qədər gedə bilər və əql hansı həddə qədər yetişə bilər?…
Məlum məsələdir ki, ağılların (gedib çıxa bildiyi) ən son nöqtə mücərrəd məfhumların dərkidir.
Əgər bir insanın gözünün adi görmə genişliyinə “Sidrətül-müntəha” daxil olursa, belə ki, hətta zahiri gözü ilə “Sidrətül-müntəha”nı təşxis edib görə bilirsə, bəs onun əqli hansı üfüqlərə gedib çıxar?!
Bu şəxs Huccət ibnil-Həsəndir, bu şəxs İmam Zamandır! – Allah şərafətli zühurunu təcil eləsin!
“Salam olsun sənə ey Tuba ağacına və Sidrətil-Müntəhaya baxan şəxs!”
Ayətullah Vəhid Xorasani, “Muqtətəfatun vilaiyyə” (mühazirə və moizələr toplusu)
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.