Ayətullahul-Üzma Seyyid Əli Sistaninin(d.z) batil məhdəviyyət iddiaları barədə buyurduqları

Bismillahir rəhmanir rəhim

 Son dövrlərdə çıxan batil Məhdəviyyət və səfarət (imam Məhdi (ə) tərəfindən səfir olduğunu iddia etmək) iddiaçıları barədə və bir dəstə məlumatsız şəxsin belə şəxslərin sözlərini qəbul etmələri xüsusunda Ayətullahul-Üzma Seyyid Əli Sistani cənablarına (d.z) ünvanlanan məktuba hörmətli mərcə tərəfindən verilən cavab:

“Bismillahir-rəhmanir-rəhim. Əmirəl-möminin (ə) Kumeyl ibn Ziyada (r.ə) buyurduğu kəlamında deyir: “İnsanlar üç dəstədirlər: rəbbani alimlər, nicat yolunda olan elm öyrənənlər və hər boş söz deyənin sözünü dinləyən avam qərarsızlar. Belələri hər əsən küləklə öz istiqamətlərin dəyişərlər. Onlar elm nuru ilə aydınlanmamış, möhkəm bir dayağa sığınmamışlar”.

İmam Məhdi (ə)-ın qeyb dövründə möminlərin üzərinə düşən ən mühüm vacibatlardan biri də o həzrətlə (ə), onun zühuru və onunla əlaqə yaratmaq yolları ilə bağlı olan məsələlərdə diqqətli və olduqca həssas davranmalarıdır. Belə ki, bu uzun qeyb dövründə ən çətin imtahan və sınaq yerlərindən biri də məhz bu məsələlərdir.

Nə çoxdur bidətçi həva-həvəs sahibləri ki, camaatın saflığından, elm əhli barədə hüsnü-zənnlərindən, hidayət Əhli-Beytinə (ə) möhkəm bağlılıqlarından və onların (ə) fərəclərini gözləmələrindən istifadə edib din və elm libasında onları aldadır, öz batil hədəflərinə çatmaqdan ötrü bir dəstə insanı özlərinə meyl etdirirlər. Sonra (nəhayətdə) iddialarının üstü açılır, lakin bu zaman da (iş-işdən keçmiş olur və onlar) həm özlərini, həm başqalarını həlak etmiş olurlar. Və nə çoxdur elə insanlar ki, heç bir diqqət və həssaslıq göstərmədən bu cür batil iddialara və zəlalət bayraqlarına güvənirlər və özlərinin “nicat yolunda olan elm öyrənən”lər olduqlarını sanırlar, amma əsl həqiqətdə isə “avam qərarsızlar”dan olurlar. Belələri doğru yolda olduqları halda büdrəyir, hidayət üzərə olduqları halda haqqdan çıxırlar. Hətta haqq imamı qoyub başaqsına meyl etdiyinə görə istidraca düşürlər və nəticədə də bu hədisi şərifin məzmununa daxil olurlar: “Kim öz zəmanəsinin imamını tanımadan ölərsə, cahiliyyə ölümü ilə ölmüşdür”.

Kiçik qeyb dövründən bu günədək baş verən bu hərəkatlarda bir çox müştərək cəhətlər olmuşdur. Hətta elə olub ki, eyni bir zamanda bir neçə imamət və səfirlik iddiası edən şəxslər mövcud olub. Əgər insan diqqətlə nəzər salarsa, ibrət alar və bu həva-həvəs əhlinin məhdud və keçici dünya mətahına çatmaqdan ötrü batil iddialarla Allaha və övliyalarına (ə) qarşı necə cürət etdiklərinə təəccüb edər. Diqqətli olan şəxs camaatın necə sürətlə bu şəxsləri qəbul edib arxalarıyca düşmələrinə də təəccüb edər. Halbuki onlara şübhələr zamanı dayanmaq və dini məsələlərdə hər deyilən sözə inanmamaq göstərişi verilmişdir…

Bilin, İmam Məhdi (ə) zühur etdiyi zaman zühuru güclü dəlillərə, aydın və zahiri sübutlara əsaslanacaq, sübhan olan Allahın inayəti ilə əhatə olunacaq və Onun yardımı ilə dəstəklənəcək. Beləcə höccət heç bir mömindən gizli qalmayacaq və heç bir haqq tələbkeşi öz yolunu itirməyəcək. Elə isə kim bu işin baş verməsində tələskənlik edərsə, yalnızca özünə zərər vurar. Allah isə bəndələrinin tələsməsi ilə tələskənlik etməz.

Heç şübhəsiz ki, İmamın (ə) qeyb dövründə din işlərində mərcə elm və əməl cəhətdən sınanmış və həva və zəlalətdən uzaq olduğu məlum olmuş təqvalı alimlərdir. Zira, şübhə yoxdur ki, İmama (ə) itaət, ona yaxınlaşmaq və onun razılığını qazanmaq müqəddəs şəriət hökmlərinə iltizam etməkdən, gözəl əxlaqa yiyələnib rəzilliklərdən uzaq durmaqdan və din alimlərinin, məzhəb böyüklərinin və sair bəsirət əhlinin yolu ilə addımlamaqdan keçir. O yolla ki, bu böyük şəxsiyyətlər imamların (ə) dövründən bu yana hər zaman o yolla addımlamışlar. Buna görə də kim şübhəli və mübtədə` (sonradan qondarılan) bir yolla getsə, şübhəyə baş vurmuş, fitnəyə düşmüş, məqsəddən yayınmışdır.

Bilinməlidir ki, imamlardan (ə) varid olan digər hədislərdə olduğu kimi zühur əlamətlərindən bəhs edən hədislərdə də ixtisaslı şəxslərə və məlumat sahiblərinə (alimlərə) müraciət edilməlidir. Onlara müraciət edilməlidir ki, onlar bu hədislərin səhihini qeyri-səhihindən, möhkəmini mütəşabihindən ayırsınlar və ziddiyyətli məqamlar arasında doğru seçim və tərcihi aparsınlar. Bu hədislərin məzmunu və necəliyini kor-koranə və zənn əsasında müəyyənləşdirmək olmaz. “(Çünki) zənn əsla həqiqət ola bilməz”. Bu rəvayətlər barədə iki dəstə səhvə düçar olmuşdur:

1-Birinci dəstə -hərçənd, hüsn-niyyətlə də olsa- bu hədislər barədə tələskənlik etmiş və onları tətbiq etməyə çalışmış və beləcə özləri də bilmədən batil məqsəd sahibləri üçün zəmin hazırlamışlar. Tarixə diqqətlə nəzər salan şəxs görür ki, belə hədislərin bəziləri müxtəlif zamanlarda dəfələrlə tətbiq edilmişdir. Lakin hər dəfəsində xəta etdikləri ortaya çıxmasına baxmayaraq, yenidən onları tətbiq etməyə çalışmışlar.

2-İkinci dəstə isə həva-həvəs əhli olan bir dəstə insandır. Hər vaxt ki onlardan biri yeni bir zəlalət bayrağı qaldırıb təzə bir bidət ortaya çıxarmaq və bir dəstə adi və sadəlövh camaatı özünə tərəf cəlb etmək istəyir, bu hədislər içərisindən mütəşabeh və zəif olanlarını seçib onu özünə və hərəkatına tətbiq edir. Ki, batil fikirlər və batil iddialarla onları aldatsın və qəlblərinə şübhə salsın. Əmirəl-möminin (ə) demişdir: “Şübhədən və onun dona bürünməsindən həzər edin. Fitnə hər nə qədər öz örtüyünü kənar edirsə, bir o qədər də gözlər onun zülmətindən korlaşır”. Həmçinin buyurmuşdur: “Həqiqətən də, əgər fitnələri qəbul etsən (onları həqiqətə) bənzədərsən, yox arxa çevirsən, onda ayılarsan. (Fitnələri) qəbul edənlər (yalnış yolda olmalarını) inkar edərlər, arxa çevirənlər isə (bu fitnələri və onların necə təhlükəli olduğunu) bilib tanıyarlar”.

Allahdan istəyirik ki, bütün möminləri zülmət fitnələrin və batil istəklərin şərrindən qorusun və onları İmamın (ə) zühurunu gözəl (və doğru) bir şəkildə gözləməyə müvəffəq etsin. Hədisi-şərifdə gəlmişdir ki, “hər kəs bizim işimizin intizarında olan halda ölərsə, bizim Qaimimizlə (ə) birgə olan şəxs kimi olar”.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh”.

12 Səfər, 1428.

          

Sənəd: “Seyyid Əli Sistani cənablarının (d.z) nəzarəti altında “İmam Məhdi (ə.f) tədqiqat mərkəzi”” 

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “Ayətullahul-Üzma Seyyid Əli Sistaninin(d.z) batil məhdəviyyət iddiaları barədə buyurduqları”

Leave a Comment