Ayətullahul-Üzma Şeyx Fəyyazın (d.z) “cəfr“ elmi və zühur vaxtının təyini ilə bağlı cavabı

Bismillahir rəhmanir rəhim

 

Sual: Son zamanlar sosial şəbəkələrdə “qəribə elmlər” (hüruf və cəfr elmləri) vasitəsi ilə İmam Məhdi (ə)-ın zühur vaxtının təyin edilməsi halları geniş yayılıb. Bu elmlərin sihhəti nə həddədir və bunlarla o həzrətin (ə.f) zühurun vaxtını təyin etmək olarmı?

Ayətullahul-Uzma Şeyx İshaq əl-Fəyyazın (d.z) cavabı:

Cəfr elmi hərflərlə bağlı bir elmdir. Səhih sayılacağı təqdirdə belə onunla yalnızca bəzi dünyəvi nəticələr ələ gətirilə bilər. Bu elm bu aləmdən ötəyə, yəni qeyb aləminə yol tapa bilməz və qeybi aşkar edə bilməz. Çünki qeyb elmi ayəti-şərifəyə əsasən zati olaraq Allahu-təalaya məxsusdur və heç kəs ona yol tapa bilməz: “O öz qeybini heç kəs üçün aşkar etməz. Yalnız razı qaldığı elçidən başqa”. İmam Məhdi (ə)-ın zühuru da qeybi məsələlərdən olduğuna görə onu yalnız Allahu-təala bilər. Başqa sözlə desək, zühur işi Onun əmrindədir. Nə zaman zühurun baş verməsini məsləhət bilsə, o zaman baş verəcək.

O həzrətin (ə) zühuru ilə və onun (ə) naibliyi ilə bağlı edilən kahinliklərə, fərziyyələrə və iddialara gəlincə isə, hərçənd ki, son zamanlar orada-burada belə işlər çoxalıb, lakin onların heç bir əsli yoxdur və məzhəbə, əsrin İmamına (ə.f) və insanların onun barədə olan etiqadlarına zərər vurmaqdan başqa heç bir təsiri yoxdur. Belə ki, hadisələr bu kahinliklərin xilafına baş verdiyi təqdirdə insanların etiqadlarında mənfi iz buraxır.

Bundan başqa, bu kimi işlərin yayılması ya qərəzli şəxslər və məzhəb düşmənləri tərəfindən aparılır, ya dünyəvi mənfəətlər üçündür, ya da cəhalətdən və batil fikirlərin təsiri altına düşməkdən qaynaqlanır.

Buna əsasən də belə hadisələr zamanı bütün möminlərə vacib olur ki, alimlərə və mərcələrə müraciət etsinlər və onların görüşləri əsasında hərəkət etsinlər. Bununla yanaşı onlar Mövladan fərəc və zühur istəyib dua etməli və zühur üçün vaxt təyin edənləri inkar etməlidirlər. Çünki belə şəxslər yalançı və fitnəkardırlar. Habelə onlar İmamın (ə.f) xüsusi naibliyini iddia edən hər bir kəsi inkar etməlidirlər. Çünki belə şəxslər də yalançı, fitnəkar və dinsizdirlər. Sonda Allahu-təaladan möminlər üçün tövfiq və sabitqədəmlik diləyirik.

 

“İmam Məhdi tədqiqat mərkəzi”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.   

Leave a Comment