Ayətullah Sistani özlərini “İmam Zaman naibi” adlandıranlar haqda fikir bildirib

Ayətullah Sistaninin dəftərxanasının fətva bürosuna son zamanlarda İmam Mehdi (ə.f.) barədə çoxlu sayda sual ünvanlanıb. Bunlardan ən məğzli olanı və geniş miqyaslısı “İmam Mehdi Araşdırma Mərkəzi” tərəfindən verilən sual olub. Sualda deyilir:

Salamun Aleykum!

Bu günlərdə bir çox insan və cərəyanların ortaya çıxdığını görürük ki, bəziləri İmam Zamanın elçisi olduğunu iddia edərkən, bəziləri bir addım daha irəli gedərək o həzrətin şəxsən özü olduğunu deyir! Ancaq bunlar baş verdiyi halda alimlərdən və fətva mərkəzlərindən açıq və əzici bir cavab almırlar. Bu adamlar ortada düzgün bir qayda olmadığı üçün xalqın çoxunun yanında rahatlıqla uğursuz məqsədlərini reallaşdırmağa çalışırlar. Bunun yeganə səbəbi isə yoxsulluq, cəhalət və xalqın keçmiş zamanda qəsdli şəkildə rəhbərlər tərəfindən azdırılmasıdır. Əlbəttə, İmamın dördüncü xüsusi nümayəndəsi olan Əbul-Həsən Əli b. Məhəmməd əs-Səmuridən sonra başlayan böyük qeybət dövründə bu yalan iddiaların rəzaləti aşkar olmuşdur. Amma təəssüf ki, saxtakar iddiaçılardan bəzilərinin aldatmaları hələ insanlar üçün tam aşkar olmayıb. Bu səbəbdən müəssisəmizə mövzu ilə bağlı çoxsaylı sual göndərilir. Dolayısı ilə möminlər və Əhli-beyt dostlarını təmsil edən Zati-alinizin bu iddialar qarşısındakı cavabınızı əldə etməyi özümüz üçün bir vacib sayırıq. Ümid edirik ki, bu barədə bəyan edəcəyiniz ölçü və qaydalarla haqqın batildən ayrılması aşkar olar. Beləcə, bir mömin şəxs bu cür iddiaları nə zaman təsdiq və nə vaxt rədd edəcəyini bilər.

 

Cavab: Rəhman və Rəhim olan Allahın Adı ilə. Rəvayətə görə Əmirəlmöminin İmam Əli (ə) söhbətlərinin birində Xalid b. Ziyad Nəxəiyə belə buyurdu: İnsanlar üç dəstədir. Allahı tanıyan rəbbani alim, qurtuluş yolu üzrə (qurtuluş yolunu tapmaq üçün) elm tələb edən şəxslər və geri qalan (üçüncü qrup isə), hər səsin ardınca gedən, hər küləyə qapılıb gedən axmaq və aşağı insanlardır. Onlar nə yollarını tapmaları üçün elm işığıyla işıqlanmışlar, nə də özlərini xilas edə biləcək etibarlı bir dəstəyə əsaslanmışlar.

Qeybət dövründəki əönəmli vəzifələr

Möminlərin İmam Zamanın qeybət dövründəki ən mühüm vəzifələrindən biri o həzrət və zühur əlamətləri ilə bağlı məsələlərdə son dərəcə düşünərək, ehtiyatla hərəkət etmələridir. Çünki bu mövzular qeybət dövrünün ən çətin imtahanları və fitnələrindəndir.

Nəfsinin köləsi olmuş neçə neçə bidət əhli olan insanlar elm və din pərdəsinə bürünərək özünü o həzrətə nisbət vermiş, insanların alimlər və zühuru gözləmə mövzusundakı saf duyğularını istismar etmişlər. Beləliklə, bir qrup insanı özlərinə çəkərək batil hədəfləri istiqamətində istifadə etmişlər. İddialarının batil olduğu ortaya çıxanda isə onlarla birlikdə onlara tabe olan bir çox insanı məhv etmişlər.

Neçə-neçə insan bir az da olsun düşünmədən bu cür yalan iddialara və batil bayraqlara etimad edərək qəlbən razı salınmışlar. Bunlar öz zənnlərinə görə doğru yolu seçmişlər. Halbuki, onlar axmaq və alçaq kəslərdir ki, hidayət və istiqamətdən sonra ayaqları sürüşmüş və doğru yoldan çıxmışlar. Onlar Həzrəti Mehdiyə çatmaq üçün uydurma bir yola girdilər. Bəzi vaxtlar imamət iddiasında olan saxtakarlardan birinin imamətinə inandılar və bu hədisin mövzusu oldular: “Hər kim zamanının imamını tanımadan ölsə dünyadan cahiliyyə ölümü ilə getmiş olar”.
Tarix təkrar olunmaqdadır

Bu cür cərəyanlar Qeybəti-Suğradan (kiçik qeybət dövründən) günümüzə qədər dəfələrlə baş vermişdir. Bəzən tarixin hissələrindən birində eyni anda imamət və elçilik iddiasında olan bir çox adam olmuşdur. Beləliklə, əgər insan bu mövzuda tarixi mütaliə etsə kifayət qədər ibrət və bəsirət vəsiqəsilə qarşılaşacaq, nəfsinə qul olmuş bu insanların azacıq dünya malı əldə edə bilmək üçün Uca Allaha və Onun övliya qullarına qarşı necə də yalan iddialarla cəsarətlə davrandıqları qarşısında çaşıb qalacaq. Onlara tabe olanların da necədə tezliklə bu saxtakarlara, yalan sözlərinə aldandıqlarını görüb heyrət edəcək. Halbuki onlara dəfələrlə demişdir ki: Şübhələrlə rastlaşdıqda dayanın və ehtiyatlı təmkinli davranın. Dinlə bağlı məsələlərdə yersiz güvənməkdən çəkinin. Çünki tez inanmaq, bərpası mümkün olmayacaq bir xətadır.

İmam Zamanın zühur əlamətləri

Bunu yaxşı bilin ki, İmam Zamanın zühuru aşkar bir dəlil, şəffaf bir yolla yanaşı Uca Allahın xüsusi inayəti və köməyi ilə birlikdə olacaq. Beləliklə Allahın höccəti heç bir möminə gizli qalmayacaq, haqqa talib olan heç bir şəxs onun yol və üsulundan dönməyəcək. Dolayısı ilə zühurun əlamətləri barədə tələsik davranan kimsə özünü azdırmış olur. Uca Allah heç bir zaman qullarının tələskənliyi və təlaşına görə tələsməz.

Qeybət dövründə xalqın təqlid mərcəsi

Qeybət dövründə xalqın dinlə bağlı məsələlərdəki mərcəsi, təqva sahibi olan alimlərdir ki, elm və əməl məsələsində sınanmışlar, nəfsani həvəslərdən və azğınlıqdan uzaq olduqları məlum olub. Belə ki, Şiə məzhəbi Qeybəti-Suğradan başlayıb günümüzə qədər həmişə bu minvalla hərəkət etmişdir.

İmam Zamana çatmağın yolu

Heç şübhəsiz, o həzrətə itaət edib yaxınlaşmağın üsulu onun razılığını qazanmağın yolu, dinin hökmlərinə və qanunlarına bağlı olmaq, əxlaqi fəzilətlərlə qorunmaqla yanaşı çirkin və xoş olmayan davranışlardan uzaqlaşmaq, əməllərini, məzhəbin böyükləri və alimləri kimi tanınmış üləma və digər bəsirət sahibi olan insanların həyat tərzinə uyğun hala gətirməkdir. Belə ki, məsum imamların həyatı dövrlərindən günümüzə qədər həmişə belə olmuşdur.

Zühur əlamətləri haqqındakı rəvayətlər

Bunu yaxşı bilin ki, zühur əlamətlərinin təfərrüatları barədə gələn rəvayətlər, imamlarımızın digər rəvayətləri kimidir. Onlara əməl etmək üçün mütəxəssis və ixtisas sahibi olan kəslərə müraciət etmək lazımdır. Beləcə düzünü əyrisindən və möhkəmini mütəşabihindən ayırd etmə imkanı olur. Rəvayətlərin bir-biri ilə zidd olması halında da onlardan qəbula uyğun olanı seçilir. Lakin təxmin və zənn, rəvayətlərin açıqlamasında müraciət ediləcək səhih bir üsul deyil. Şübhəsiz ki zənn, haqqın yerinə yetməsində kafi deyil.

Zühur əlamətləri və iki qrupun ayaqlarının sürüşməsi

Zühur əlamətlərinin tətbiqi mövzusunda iki qrupun ayaqları sürüşəcək:

1- Onların tətbiqində -niyyəti yaxşı olsa belə – tələsik davrananlar. Onlar doğru üsulları və bu cür rəvayətləri dərk etməkdə lazım olan əsas məqamlara riayət etməzlər. Bu üzdən böyük bir səhvə düşərlər və istəmədikləri halda qərəzli kəslərin özünü açarlar. Əgər bu məsələdə tarixə baxsanız görərsiniz ki, zühur əlamətlərini müxtəlif vaxtlarda dəfələrlə tətbiq etmiş, hər dəfə də səhvləri aşkar olmuşdur. Bununla yanaşı yenə də əlamətləri tətbiq etməyə davam etmişlər.

2- Nəfsinə tabe olan bir qrup şəxs də öz tərəfdarlarını aldatmaq və tez inanan sadəlövh insanları sıralarına qatmaq üçün azğınlıq bayraqları açmışlar; zühur əlamətləri mövzusunda gəlmiş bir sıra zəif və mütəşabih rəvayətləri də toplayıb məcbur izahlarla öz hərəkətlərinə tətbiq etmişlər. Sonra da insanları boş arzularla ümidləndirmiş, batil iddialarla onların qəlblərini şübhələrlə doldurmuşlar.

Leave a Comment