Bismillahir Rəhmanir Rəhim
Ayətullah Behcət bu barədə belə nəql edir:
“Ayətullah Qərəvi mühüm elmi fəaliyyətləri ilə yanaşı ibadətə də çox əhəmiyyət verərdi. Kənardan baxana elə gələrdi ki, onun ibadət etməkdən başqa bir işi yoxdur. Hər gün “Aşura” ziyarətnaməsini oxumaq və “Cə`fər Təyyar” namazı qılmaq onun gündəlik və adi proqramlarından idi. Nəcəf alimləri arasında olan adətə görə həftənin hər cümə axşamı və ya cümə günü “rövzə” məclisi qurulardı. Belə məclislər bir növ ustadların, tələbələrin və dostların görüşməsinə şərait yaradırdı. Şeyx Məhəmməd Hüseyn İsfahani bu məclislərdə çay vermək və ayaqqabıları səliqəyə salmaq işlərini həmişə öz öhdəsinə götürərdi. Ayaqqabıları səliqəyə sala-sala dodaqaltı hansısa zikri zümzümə edər və çox tez-tez dediyindən biz onun hansı zikri dediyini başa düşməzdik. Bizə çox maraqlı idi ki, görən bu hansı zikrdir və ayaqqabıları düzəldərək onu təkrar edir. Günlərin birində onun yaxın dostlarından olan şeyx Məhəmməd Əli Bürucerdi Qərəvidən soruşur: Bu nə zikrdir ki, ona bu qədər əhəmiyyət verirsiniz? Hətta salam verib hal-əhval tutanda da diliniz bu zikrdən dayanmır? O gülümsünüb deyir: Çox yaxşıdır ki, insan hər gün min dəfə “Qədr” surəsini oxusun.”
Bəli, Behcət elə ustadlardan dərs almışdır. Onlar elmi fəaliyyətləri müqəddəs saymaqla namaz, ziyarət və dualara da böyük əhəmiyyət verərdilər. Bir çox böyük ustadların, o cümlədən Naininin yanında əxlaq dərsi alsa da, Behcətin əxlaqi və mə`nəvi formalaşmasında xüsusi rol oynayan ustadı hacı Mirzə Əli Qazi olmuşdur. Rəhmətlik Əllamə Təbatəbai, Şeyx Məhəmməd Təqi Amuli, Şeyx Əli Məhəmməd Bürucerdi, digər böyük alimlər və hətta mərcəi-təqlidlərdən bir çoxu onun bu dərslərindən faydalanmışlar. Tez-tez yad etdiyi ustadlardan biri də rəhmətlik Şeyx Mürtəza Taliqani idi
Məlahət Əsədova, Ayətullahül-üzma Behcətin həyatı
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.