Bismilləhir Rəhmanir Rəhim
Ayətullah Behcətə görə, seyri-süluk tədricən və mərhələ-mərhələ olmalıdır. İnsan elə düşünməməlidir ki, qısa müddət ərzində bir ibadət və “riyazət”lə nəticə ala bilər. O deyirdi ki, yol uzundur, nəticəyə çatmaq üçün möhkəm və səbirli olmaq lazımdır. Ayətullah Behcət Seyyid Əli Qazi, o da Molla Hüseyinqulu Həmədanidən nəql edirdi ki, nə qədər ki, insan günah edir, mələkut aləminin (qeyb aləminin) qapıları onun üzünə açılmır. Mələkuta, mənəviyyat aləminə çatmağın yolu günahı tərk etməkdir.
Bütün böyük ariflərin uca mənəvi məqamlara çatmaq üçün, seyri-sülukda özlərinəməxsus metodları olub və başqalarının tərbiyəsində də bu metoddan istifadə ediblər. Dəyərli fəqih və böyük arif Ayətullahul- üzma Behcətin (r) seyri-süluk və tərbiyə metodunun bir çox xüsusiyyələri var idi. Həmin xüsusiyyələrin daha mühüm olanlarına xülasə şəkildə işarə edəcəyik:
Birinci xüsusiyyət: Seyri-süluka aid üç metodun bir yerə toplanması.
Seyri-süluk ilə bağlı üç metod var: “Mərifətun-nəfs”(özünütanıma) metodu, “riyazət” metodu və “Allaha və pak Əhli-beytə eşq” metodu. Böyük şəxsiyyətlərdən bəziləri əvvəldən sonadək bir metoddan istifadə ediblər. Lakin Behcət Ağa hər üç metoddan istifadə edirdi. Ayətullah Bəhauddini (r) buyurmuşdu ki, hal-hazırda dünyanın ən varlı şəxsi Ayətullah Behcətdir. Ona görə ki,bəziləri kamilliyə bir yolla, bəziləri iki yolla gedir. Lakin Ayətullah Behcət üç yolla getmişdi. Yəni “Mərifətun-nəfs”, “riyazət” və “eşq” metodlarını, bir yerə cəmləmişdi. Başqa sözlə desək Ayətullah Behcət (r) zikr, fikr və eşqi bir yerə cəmləmişdi. Bu metodlar, üsullar barəsində bir məqalədə ətraflı izah verməyin mümkün olmadığı məlumdur. Elə bu səbəbdən “riyazət” yolu barəsində danışmaqla kifayətlənəcəyik.
Riyazət (nəfslə mübarizə aparmaq, ruhu gücləndirən əməlləri yerinə yetirmək), bütün dinlərdə, millətlərdə, mənəvi hərəkatlarda olub və var. Həzrət Əli (ə) Nəhcül-Bəlağada 45-ci məktubda buyurur: “Və innəma hiyə nəfsi əruzuha bit-təqva”; “Bu mənim nəfsimdir, təqva ilə onu riyazətə çəkirəm.” “Riyazət” kəlməsi həmin məktubda bir neçə dəfə təkrarlanır.
Riyazətin özünün də 6 əsası var:
Birinci əsas maddiyyata, dünya bər-bəzəyinə bağlılıqdan qurtulmaq. İkinci əsas zikrlərə bağlanmaq. İnsan gərək zikr əhli olsun. Dil zikri, əməldə zikr və qəlb zikri. Üçüncü əsasi, bütün hədəflər, istəklər və ləzzətlər bir məqsədlə Allaha bəndəlik məqsədiylə olsun. Dördüncü əsas daxili vəsvəsələri və xəyalları cilovlamaq. Beşinci əsas mənəvi yığıncaqlardan – misal üçün camaat namazı kimi – uzaq olmamaq. Altıncı əsas əyyamullahdakı (İlahi günlər – məsələn Rəcəb, Şəban, Ramazan və digər aylardan,o ayların xüsusi günlərindən) fürsətlərdən düzgün faydalanmaqdır.
Ayətullah Behcətin (r) seyri-süluk metodunun ikinci xüsusiyyəti bundan ibarət idi ki, o nəfsin paklaşdırılmasının daxildən, dərindən və ciddi olmasının zəruruiliyinə inanırdı. Həqiqi, təsirli dərman davamlı istifadə olunan dərmandır. O deyirdi ki, birinci addım haramları tərk etmək, vacibləri yerinə yetirməkdir.
Üçüncü xüsusiyyət: Seyri-sülukda tədricilik. Onun fikrinə görə seyri-süluk tədricən və mərhələ-mərhələ olmalıdır. İnsan qısa bir müddətdə bir ibadət və riyazətlə nəticə ala biləcəyini düşünməməlidir.
Dördüncü xüsusiyyət: Tutumları (ruhən), istedadları nəzərə almaq. İnsanlar bir-birləri ilə fərqlənirlər və bəzilərinin tutumları digərləri ilə fərqli olur. Əgər ibadətlər və əməli göstərişlər zamanı bu fərqlər nəzərə alınmasa, hər insanın özünə uyğun dəsturlar verilməsə,salik (seyri-sülukla məşğul olan şəxs) zədə ala bilər.
Beşinci xüsusiyyət: Bildiklərimizə əməl etmək. O buyururdu: “Bildiyinizə əməl edin. Kamillik yolu buradan başlayır. “Hər kəs bildiyinə əməl etsə, Allah bilmədiyini ona öyrədər.” (“Biharul-ənvar”, c.70, s.189)
Altıncı xüsusiyyət: Əhli-beytə eşq və onlara təvəssül etmək. Ayətullah Behcət (r) deyirdi ki, təvəssül kamillik yolunu açır. Əlbəttə bu fikir ona ustadından qalmışdı. Həzrət Ayətullah Seyyid Əli Qazi buyurmuşdu ki, mənim hər nəyim varsa, iki səbəbdəndir: Biri Quran tilavəti, o biri isə Aşura ziyarəti və təvəssül.
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.