Bismillahir rəhmanir rəhim
Öz mə`nəvi məqamını başqalarından gizlətmək Behcətə xass olan xüsusiyyətlərdən biridir. Çox nadir hallarda müqabilindəki şəxs onun danışıqlarından və ya rəftarından bu insanın xariqüladə olmasını başa düşərdi. Onunla yalnız uzun illər yaşamış yaxınları onda gözə çarpan o əlamətləri qəti olaraq hiss etmişlər. Onun yanında dərs aldığımız vaxtlar, adətən biz (Misbah Yəzdi) hamıdan qabaq dərsə gələr və bir neçə dəqiqə ustadın əxlaqi söhbətlərindən faydalanardıq. Adətən, dərsə başlamazdan qabaq müxtəlif yollar və çox vaxt da dolayısı ilə bizləri nəsihət edərdi. Söhbətini həmişə bir tarixi hekayə ilə başlayar, nəql etdiyi tarixi əhvalatlar bizim ötən gündəki rəftarımızla çox bağlı olardı. Sanki, bütün dedikləri bizə aid idi. Rəftarımızda olan nöqsanı bir hədis və ya bir şəxs barəsində olan tarixi əhvalat vasitəsilə bizə bildirərdi. Bu dediklərimi başqaları da təsdiq edib deyirdilər ki, biz də eyni şeyləri öz həyatımızda təcrübə etmişik. Behcət qarşı tərəfin ehtiramını gözlədiyi üçün, onun səhvini birbaşa üzünə deməyib, sözünü dolayısı yolla çatdırardı. Çox vaxt onun nəql etdiyi hədislərdə hər kəs öz nöqsanını başa düşər, bu nəsihətin ona da aid olduğunu hiss edərdi.
Qırx beş-qırx altı il bundan əvvəl Behcətlə tanış olandan onun gündəlik xüsusi sübh proqramı var idi. O hər gün sübh azanından gün çıxana qədər Həzrət Məsumənin (ə) hərəmində ibadətlə məşğul olar və gündəlik “Cə`fər Təyyar namazı”nı qılardı. Axşam çağı gün batmazdan əvvəl piyada gəzişərək “Səfaiyyə” məhəlləsinə tərəf gedərdi. Axşam namazını Səfaiyyə ətrafındakı əkin sahələrinin kənarında–təbiətin qoynunda qılardı. Onu görmək istəyən dostlardan bə`ziləri namazlarını Behcətlə birgə qılar və onun namazdakı qəribə halını müşahidə edərdilər.
Dostlardan biri belə nəql edir: Bir dəfə Behcət şam namazını qılandan sonra buyurdu: “Əgər yer üzündəki bütün padşahlar insanın ibadətdən necə ləzzət aldığını bilsəydilər, heç vaxt maddi ləzzətlər dalınca getməzdilər.”
Uzun illər kirayənişin yaşayan Behcət hal-hazırda da çox kiçik və sadə evdə yaşayır. Əhli-beyt yolunda olmaq və şər`i qayda-qanuna (ədəb-ərkan) olan xüsusi diqqəti Behcətin tərbiyəvi üsulundakı mühüm xüsusiyyətlərdən biridir. Şər`i ədəb-ərkan və Əhli-beyt yolunda olmaqda hamı eyni səviyyədə deyildir. Amma Behcətin öz həyat tərzində və rəftarında bu məsələlərə çox dəqiq yanaşdığı açıq-aşkar özünü büruzə verir. Hətta öz rəftarında elə incəliklərə diqqət edir ki, bunları vəsf etmək belə çox çətindir. Ata yurdundan irs olaraq ona kiçik bir mülk (torpaq sahəsi) çatmışdı. Bu torpaq sahəsində əkilən çəltik (düyü) ailəsinin illik düyü payının çox az bir hissəsini tə`min edirdi. Həmin mülkdə əkilən düyüdən qonşulara və yaxın dostlara az da olsa pay verməyi heç vaxt yaddan çıxarmazdı.
İnqilab vaxtı baş verən bə`zi hadisələrə görə yaxın dostlarımdan bir neçəsi şahın adamları tərəfindən həbs olunmuşdu. Ələ keçən mühüm sənədlər arasında mənim (Misbah Yəzdi) öz xəttimlə yazılmış bir neçə kağız da var idi. Dostların məsləhəti ilə bir müddət Qum şəhərindən çıxmalı oldum. Müsafirətdə olduğum vaxtlar hətta yaxın adamlarım belə mənim harada olduğumu doğru-düzgün bilmirdilər. Ailəmin yanında olmadığım müddətdə bir dəfə Behcət bir kisə düyü və bir miqdar pulu oğlu ilə xanımına verib bizim evə göndərmişdi. Oğlu küçənin başında durur və Behcətin xanımı düyü ilə pulu mənim ailəmə çatdırır. Mən bunu eşidəndə, əvvəl çox təəccüblənmişdim. Amma Quma qayıdandan sonra başa düşdüm ki, Behcət şər`i adət-ən`ənəyə çox əhəmiyyət verdiyinə görə mən evdə olmadığım vaxt öz xanımını bizim qapıya göndəribmiş. Şər`i qayda-qanuna görə əri müsafirətdə olan qadının qapısına naməhrəm şəxsin getməsi düzgün deyil. Ona görə də oğlu küçənin başında durubmuş ki, bu şər`i məsələyə riayət olunsun. Onun o vaxtı ailəm üçün göndərdiyi pul elə də çox deyildi. Amma o öz imkanı daxilində və şər`i qayda-qanuna dəqiq riayət edərək həmin əmanətləri bizim evə çatdırmışdır.
Allah övliyalarının rəftar və danışıqda incəliklərə dəqiq riayət etməklərini bilməkdən əlavə, onları doğru-düzgün başa düşmək üçün insana böyük elm lazımdır.
Məlahət Əsədova, Ayətullahül-üzma Behcətin həyatı
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.