Əllamə Təbatəbai ilə axirəzzəman mövzusunda sual-cavab

Bismilləhir-rahmənir-rahim

Ayətullah Seyyid Muhəmmədhüseyn Tehrani (r) özünün “əş-Şəmsus-satiə” kitabında özü ilə ustadı Ayətullah Əllamə Təbatəbai (r) arasında axirəzzəman mövzusunda olan bir-neçə sual-cavabı nəql etmişdir. Mərhum Tehrani demişdir:

Tələbə: Axirəzzəman barədə gələn hədislərdə: “O zaman ruvəybəzələr danışacaq”, – deyə bir cümlə gəlmişdir. Ruvəybəzə və Dəccal deyərkən nə nəzərdə tutulur? Həmçinin, hədislərdə qeyd olunan Yəcuc və Məcuc barədə nə deyə bilərsiniz?

Əllamə: Hədislərdə gəlmişdir ki, qiyamətin əlamətlərindən biri də ruvəybəzələrin danışmasıdır. Zahirən ruvəybəzə deyərkən cəmiyyətdə heç bir dəyər və yeri olmayan, önəm verilməyən şəxslər nəzərdə tutulur. “Danışmaq” deyərkən isə bu cür şəxslərin ictimai vəzifələri və camaat üzərində rəhbərliyi öz əllərinə alması nəzərdə tutulur.

Dəccala gəlincə isə, o, iftiraçı və yalançı bir şəxsdir. Bir çox rəvayətlərdə onun həzrət Məhdinin (canlarımız ona fəda olsun) zühurundan qabaq çıxacağı, insanları haqqdan azdıracağı bildirilmişdir.

Lakin onun sifətləri və xüsusiyyətləri barədə gəlib çatan rəvayətlər etimad olunası rəvayətlər deyil. Məsələn, onun eşşəyə minəcəyi, Cənnət və Cəhənnəmin onun sağında və solunda yerləşəcəyi və s. kimi şeylər deyilmişdir..

Dəccal müxaliflərin hədislərində də gəlmişdir. Onlar onun dünyaya gəldiyini demişlər. Hətta, onlar belə nəql etmişlər ki, Peyğəmbər (s) onun dünyaya gəlməsini xəbər vermiş, sonra onun yanına getmişdir, yaxud o, Peyğəmbərin yanına gəlmişdir. Onlar bu və bunun kimi bir sıra sözlər demişlər ki, bu sözlərə etimad etmək olmaz. Həmçinin deyilmişdir ki, onun qatırının uzunluğu bir fərsəx olacaq..

Yəcuc və məcuca gəlincə isə, zahirən onlar Zülqərneynin inşa etdiyi Qafqaz dağları səddinin yaxınlığında yaşayan iki dəstədirlər. O elə bir səddir ki, onlar (o səddi aşıb) bu ölkələrə hücum edə bilmirlər. Bəziləri onların monqollardan olan iki qrup olduqlarını söyləmişlər. Qurani-Kərimdə yəcuc və məcuc barədə belə deyilmişdir: “(Səddin sınması nəticəsində) Yə’cuc ilə Mə’cuc(un yolu) açılacaq və onlar yüksəkliklərdən sürətlə töküləcəklər” (Ənbiya surəsi, 96).

Onların xilqətcə görünüşlərinə gəlincə, bəzi rəvayətlərdə onların uzun qulaqlarının olacağı deyilmişdir. Elə uzun qulaqları olacaq ki, bir qulağı altlarına salıb döşək edəcəklər, digər qulağı isə yorğan kimi üstlərinə salacaqlar…

Lakin bu rəvayətlər müxaliflər yolu ilə nəql edilmişdir. Zahirən bunların uydurmadırlar, buna görə də bu cür rəvayətlərə etimad etmək olmaz.

“əş-Şəmsus-satiə”, Seyyid Muhəmmədhüseyn Tehrani

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment