Aşura günü və onun İmam Məhdi (ə)-la əlaqəsi

Bismillahir Rəhmanir Rəhim

Aşura günü İmam Məhdi (ə)-a izzət və cəlal sahibi olan Allah tərəfindən mübarək “Qaim” ləqəbinin verildiyi gündür. Şeyx Cəfər ibn Qovləveyh özünün “Kamiluz-ziyarat” Muhəmməd ibn Humrandan nəql edir ki, deyir: “Əba Əbdillah (ə) buyurdu: Elə ki, məlum hadisələr Hüseyn ibn Əlinin başına gəldi, mələklər nalə çəkib Allahu-təalaya dedilər: Ey rəbbi(miz), bütün bunları sənin seçdiyin şəxsə və Peyğəmbərinin oğluna – Hüseynə etdilər?

İmam (ə) buyurur: Allah Qaim əleyhis-səlamın kölgəsini qaldırıb onlara göstərdi və dedi: Ona zülm edənlərdən bunun vasitəsilə intiqam alacağam.” (Əmali: s.431, Bihar: c.45, 221/hədis 3)

Şeyx Səduq “İləl” kitabında Əbu Həmzə Somalinin belə dediyini nəql edir: “Dedim: Ey Peyğəmbərin oğlu, məgər siz hamınız “Qaim bil-haqq” deyilsiniz? Buyurdu: Bəli, eləyik. Dedim: Bəs onda nə üçün (yalnız) Qaim (ə) “qaim” adlandırılıb?

Buyurdu: Babam Hüseyn (ə) qətlə yetirilən vaxt mələklər ağlar və nalə edən bir halda Allahu-təalaya şikayət edib dedilər: Ey bizim İlahımız, ey bizim Ağamız, sənin seçdiyini, seçmiş olduğun şəxsin övladını və yaratdıqların içərisində ən xeyirlisi olan şəxsi öldürənləri görürsən? İzzət və cəlal sahibi Allah onlara vəhy edib dedi: Sakit olun mələklərim, and olsun izzəti-cəlalıma ki, bir müddət sonra da olsa onlardan intiqam alacağam. Sonra izzət və cəlal sahibi Allah mələklərə Hüseyn əleyhis-səlamın nəslindən olan imamları göstərdi və mələklər bunu görüb sevindilər. Bu zaman onların (ə) içərisində bir nəfəri ayaq üstə durub namaz qılırdı. İzzət və cəlal sahibi Allah buyurdu: Bu “qaim”lə (ayaq üstə duranla) onlardan intiqam alacağam”. (İləl: s.160, bab 129, hədis 1)

Aşura günü o həzrətin (ə.f) xüruc etdiyi gündür.

Şeyx Müfid “İrşad” kitabında Əbu Bəsirdən nəql belə nəql edir: “(Ramazan) ayının iyirmi üçüncü gecəsində Qaim əleyhis-səlamın adı ilə nida edilər və o, Aşura günü xüruc edər. Bu, Hüseyn əleyhis-səlamın qətlə yetirildiyi həmin gündür.” (İrşad: 2/379)

Aşura günü həzrəti Məhdi (ə)-ın xüruc günüdür. O gün qəm-kədərin aradan gedəcəyi əzəmətli bir gündür. Aşura günündə göz yaşı ilə həzrəti Hüseyn  (ə) üçün matəm və əza məclisləri təşkil edib Ali Muhəmməd düşmənlərinə lənət oxunmalı, onlardan uzaqlıq izhar edilib həlakları istənməlidir. O gün həzrəti  Məhdi (ə) üçün qələbə və nüsrət istənməli, zühurunun tez olması üçün dua edilməlidir. Necə ki, bu barədə Aşura günün əməlləri sırasında göstərişlər gəlmişdir.

O əzəmətli günün əməllərindən biri həzrəti Hüseyn (ə) qatillərinə min dəfə lənət oxumaq, imamlar (ə)-la müharibə aparanların məhvini diləmək və Ali-Muhəmməd (ə) fərəcini istəməkdir. O günün qunut dualarının birində deyilir: “İlahi, yolların gizli qalıb, hökmlərin bir kənara atılıb, Peyğəmbərinin ailəsi yer üzündə sərgərdan qalıb… İlahi, haqqı ucalt, məxluqatı xilas et, nicat bəxş etməklə bizlərə minnət et, bizi imana tərəf hidayət et, Qaim əleyhis-səlam vasitəsilə bizim fərəcimizi təcil et, Onu bizə arxa, bizi də Ona köməkçi qərar ver!…” bura kimi ki, deyilir: “İlahi, pak və mübarək nəsildən olan biçarə, qətlə yetirilmiş və məzlum edilmiş itrətə rəhm et! İlahi, onların sözlərini ucalt, dəlillərinə nicat ver, qəlblərini sabit et, şiələrinin qəlblərini onların Vilayətində sabit et, onlara yardım edib kömək et, onları Sənin yolunda əziyyət görməkdə səbirli et, müəyyən və məlum olan günləri onlar üçün qərar ver, necə ki, (o günlər barədə) öz nazil etdiyin möhkəm kitabında dostlarına zəmanət vermisən: “Allah sizdən iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları canişin etdiyi kimi yer üzündə canişin və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq onlar üçün bərqərar edərək möhkəmləndirəcək” (Nur surəsi, 55)”

 

“Nəcmus-saqib”, Hacı Nuri Təbərsi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment