Bismillahir rəhmanir rəhim
SUAL 8: Allahın zatı haqqında izahat verin.
Bəşər cəmiyyəti Allahın gözlə görünməyən zatını dərk etməyə qadir deyil. Bu barədə fikirləşən, heyrət və sərgərdanlıqdan, azğınlıqdan başqa bir şey qazanmaz.
“Qeybi huviyyət”, “qeybi zat”, “zat məqamı”, “zat mərtəbəsi”, bəzən də (“ünəqa” və “qeybül-qüyub” – “qeyblərin qeybi” kimi) başqa sözlərlə ifadə olunan ilahi zat mütləq varlıqdır. Onun heç bir hədd-hüdudu yoxdur. O istər məfhumi, istərsə də xarici nümunə baxımından konkretləşmədən pakdır. Onun nə adı var, nə əlaməti; nə isimdir, nə sifət; nə bir ad və sifətlə, nə də mütləq şəkildə – həmin sifət və ad olmadan məhdudlaşır; nə bir konkretləşmə ilə, nə də o konkretləşmə olmadan konkretləşir; hətta mütləqlik və konkretləşmənin olmaması ilə ona şərt qoyulmur. Çünki şərt və konkretləşmənin olmaması da öz növbəsində bir növ konkretləşmə və şərt sayılır. Allahın zat məqamı onların hamısından pakdır. Lakin Onun bütün ad və sifətləri zat məqamından təsirlənib, təcəlla məqamında aşkarlanır.
Buna görə də, Allahın zatını əql, güman, kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür və bütün bunlar həmin məqamı qavramaqda tamamilə acizdir. Əgər bu barədə fikirləşsələr, heyrət içində qalar, yaxud azğınlığa düşərlər. Nəinki ona çatmaz, hətta ondan uzaqlaşarlar. Qurani-kərimdə buyurulur: “(Rəbbin) Onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Allahın zatını əhatə edib qavraya bilməz.” (“Taha” surəsi, ayə: 110.)
Allahın Zatı haqqında fikirləşmək
İnsan Allahın zatından başqa hər şeyi dərk edə bilər. Onun zatı hər şeydən üstündür və öz məxluqudur. Hətta “işarə” ilə bu məqama yol tapmaq qeyri-mümkündür–istər hissi işarə ilə, istərsə də zehni, əqli və xəyali işarə ilə. Bəli, konkretləşməyən zata neçə işarə etmək olar?
Məhz bu səbəbdən də Allah-taalanın zatı haqqında fikirləşmək qadağan olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: “Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmişdir. Allahın zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə çatmamış, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş və Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”(“Tövhid”, Şeyx Səduq, “tövhid və nəfyut-təşbih” bölümü, səh.34. )
Hətta əql və eşq bir-birinə qoşulub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, heyrət və sərgərdan vəziyyətdə qalaraq, heç bir yerə çata bilməyəcək və bu sahədə öz acizliklərinə etiraf edəcəklər.
Dua edən “dua”, ibadət edən “ibadət”, zikr edən “zikr”, arif “irfan” məqamında Allahın adları zahir olan zaman Onun həqiqi zatına üz tutur. Onu adları və sifətləri ilə yad edirlər. Başqa sözlə, Allahın zatına yol tapmaq qeyri-mümkün olduğundan Onun zatını adları ilə çağırırlar.(Bax: “Məqalat”, Məhəmməd Şücayi, 3-cü cild, səh. 187-191.)
Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar, Məhəmmədrza Kaşifi