Allahın sifətləri

Bismillahir rəhmanir rəhim

 

Bilin ki, Allahı tapmaq, yəni Allahın vücudunu dərk etmək dünyadakı məxluqat barədə mütaliə etmək yolu ilə çox asandır, lakin Allahın sifətlərini tanıyıb bilmək üçün çox diqqət etmək lazımdır.

Yəqin ki, soruşacaqsınız: «Nə üçün?»

Sualın cavabı çox asandır. Çünki Allahın heç nəyi bizə, bizim gördüklərimiz və eşitdiklərimizə bənzəmir. Deməli, Allahın sifətlərini tanımağın ilk şərti onun sifətlərini məxluqatın sifətlərinə bənzətməməkdir. Yəni, onu heç bir təbii məxluqa oxşatmaq düzgün deyil. Burada iş bir az çətinləşir (və Allahın sifətlərini tanımaq çox diqqət və araşdırma tələb edir). Çünki biz təbiətin qoynunda böyüyüb başa çatmış və bütün əlaqəmiz təbiətlə olmuşdur. Həmişə təbiətlə ünsiyyətdə olduğumuz üçün hər şeyi təbiətlə müqayisə etməyə öyrənmişik. Başqa sözlə desək, bizim gördüyümüz şeylərin hamısı cisim və cismin xüsusiyyətləri olmuşdur. Yəni, müəyyən bir zaman və məkana malik olan məxluqların hərəsinin özünə məxsus xüsusiyyətləri olmuşdur. Belə bir halda, belə bir vəziyyətdə nə cismi, nə məkanı və zamanı olan, eyni zamanda bütün zaman və məkanı əhatə edən və heç bir cəhətdən məhdudiyyəti olmayan Allahı anlayıb, tanıyıb, onu qəbul etmək çox çətin bir işdir. Yəni, bu barədə çox diqqət etmək lazımdır.

Qeyd etməliyik ki, biz Allahın əsl zatını, əsl həqiqətini heç vaxt anlaya bilməyəcəyik və heç bunun intizarında da olmamalıyıq. Bu iş ucu-bucağı olmayan böyük bir okeanı kiçik bir qabda yerləşdirməyə, yaxud ana bətnində olan bir uşağın dünyadakı bütün işlərdən xəbərdar olmasına bənzəyər. Belə iş mümkündürmü?

Bu barədə kiçik bir azğın əqidə (məsələn Allahın cisim kimi qəbul etmək) ola bilər, insanı neçə illərlə haqq yolundan uzaqlaşdırıb bütpərəsliyə tərəf yönəldə. (Diqqətli olun).

Qısa sözlə desək, Allahın sifətlərini məxluqatın sifətləri ilə müqayisə etmək düzgün deyil.

Allahın «Cəmal» və «Cəlal» sifətləri

Adətən, Allahın sifətlərini iki qismə bölürlər:

1.Sübuti sifətlər yəni, Allahda olan sifətlər. (Allah üçün sübuta yetmiş).

2.Səlbi sifətlər yəni, Allahda olmayan və Allahın onlardan pak olduğu sifətlər.

Belə bir sual irəli çıxır: Allahın zatının necə sifəti var?

Sualın cavabı budur ki, Allahın sifətləri bir tərəfdən sonsuzdur, digər tərəfdən isə bütün sifətləri bir sifətdə cəm olmuşdur. Çünki Allahın bütün sübuti sifətləri aşağıdakı cümlə və ifadədə cəm olur: «Allahın zatı hər cəhətdən sonsuz və bütün kamallara malik olan bir zat və varlıqdır.»

Kamal və nöqsanların dərəcələri olduğuna görə, yəni kamal və nöqsan sonsuz olduğuna görə, belə demək olar ki, Allahın sübuti və səlbi sifətləri də sonsuzdur. Çünki hər hansı bir kamal təsəvvürə gəlsə, Allah ona malikdir və hər hansınöqsan da təsəvvürə gəlsə Allah ondan pak və uzaqdır. Deməli, Allahın sifətlərinin (həm sübuti, həm də səlbi sifətləri) sonu yoxdur.

Gənclər üçün üsuliddin haqda 50-dərs, Məkarim Şirazi

Leave a Comment