Bismillahir Rəhmanir Rəhim
Bizim etiqadımız budur ki, Allah-Taala Vahid (sifətdə yeganə) və Əhəddir (Zatda yeganədir). Onun oxşarı və misli, tayı-bərabəri yoxdur. Qədimdir (əzəlidir, kimsə Ondan öncə mövcud olmamışdır) və heç zaman məhv olmamış, məhv olmayacaqdır. O, Əvvəl və Axırdır. Alim (elmli), Həkim (hikmət sahibi, əbəs iş görməyən), Adil (ədalətli), Həyy (diri), Qadir (qüdrət sahibi), Qəniyy (ehtiyacsız), Səmi (eşidən) və Bəsir (görən)-dir. Məxluqatın sifətləri ilə vəsf olunmaz. O nə cismdir, nə də surət. Nə cövhərdir (substansiya), nə ərəz (aksidensiya). Onun ağırlığı, yüngüllüyü, hərəkəti, sükunu, zamanı, məkanı yoxdur. Ona heç bir şeylə işarə olunmaz.
Həmçinin Onun şəriki, oxşarı, ziddi, həyat yoldaşı, övladı yoxdur (ola da bilməz). özlər Onu görə bilməz, lakin O, gözləri görür.
Hər kəs Onu məxluqata oxşatsa (məsələn, Onun üçün üz, əl, göz və s. təsəvvür etsə), yaxud Onun dünya aləminin asimanına nazil olmasına, yaxud cənnət əhli üçün ay kimi zahir olmasına və s. etiqad bəsləsə, şəksiz ki, kafir hökmündədir. Bu kimi şəxslər hər bir eyb və nöqsandan pak-pakizə olan Xaliqin həqiqətini anlamırlar. Hətta zehnlərimizdə Ona aid etdiyimiz ən dəqiq mənalar belə, bizim özümüz kimi məxluq (xəlq olunmuş) olub bizə qayıdır (İmam Baqir (əleyhis-salam)-ın təbiri ilə).
Həkimin təbirindən gözəl nə ola bilər! Bu zərif və incə nöqtədə hikmətli, elmi, dəqiq və son dərəcə ölçülüb-biçilmiş təbir vardır.
Həmçinin, O (Allah) Qiyamət günü məxluq üçün zahir olacaq və bəndələr Onu görəcək deyənlər də, hətta cismiyyəti Ondan nəfy etsələr də belə kafirlər dəstəsindən sayılır. Bu kimi puç iddialar edənlər Qurani Kərimin ayələri və hədislərin zahiri mənalarına əsaslanıb onları dərk etməyə qadir deyildirlər və əqli qanunları inkar edirlər. Nəticədə məhz bu yanlış təsəvvürlər səbəb olur ki, Quranda işlədilən dəqiq və incə məcazi mənaları, istiarə və kinayə qanunlarının tələbinə uyğun olaraq, ayə və hədislərin zahirində təsərrüf etməyə qadir olmasınlar.
Tovhid barəsindəki əqidəmiz
Bir Allahı hər bir cəhətdən yeganə bilməliyik. (Tovhid vəhdət kökündən olub təkləndirmək, yeganə bilmək mənasınadır.) Onu Zatında yeganə bildiyimiz, Zatında vahid, vücudu isə vacib (vacibül-vücud–varlığı başqasından deyil, özündən olan və heç nəyə ehtiyacı olmayan) olmasına etiqad bəslədiyimiz kimi, sifətlərində də yeganəliyinə inanmalıyıq. Həmçinin buna da inanmağımız vacibdir ki, Onun sifətləri Zatının eynidir. Bizim etiqadımıza görə, Onun Zati sifətlərində heç bir misli, tayı-bərabəri yoxdur. O, elm və qüdrətdə misilsiz, xəlq etmək və ruzi verməkdə şəriksiz olub, kamal sifətlərində tayı-bərabəri yoxdur.
Habelə, vacibdir ki, ibadət olunmaq üçün layiqli olmaqda da yeganə bilək. Ondan qeyrisinə ibadət etmək, habelə, ibadətin hər hansı bir növündə–istər vacibi olsun (namaz və s. kimi ibadət növü), istərsə də qeyri-vacib–şərik qoşmaq heç bir vəchlə caiz deyildir.
Hər kəs ibadətdə Ondan qeyrisini şərik qoşsa, müşrik sayılır. Məsələn, ibadətdə riyakarlıq edib Allahdan qeyrisinə yaxınlaşmaq, özünü göstərmək istəyən şəxs kimi. Bu şəxsin hökmü bütə pərəstiş edənlərin hökmüdür, aralarında heç bir fərq yoxdur.
Qəbirlərin ziyarəti və matəm mərasimlərinin keçirilməsi məsələsinə gəldikdə isə, İmamiyyə məzhəbinə tənə vurub bu məzhəbdəki həqiqətlərdən xəbərsiz olan bəzi kəslərin puç təsəvvürlərinin əksinə olaraq, bu işlər əsla Allah-Taaladan qeyrisinə sığınmaq deyildir. Çünki, xəstələrin əyadətinə getmək, cənazələrin dəfn mərasimində iştirak etmək, din qardaşlarının görüşünə getmək, yoxsullara kömək və s. kimi işlərin özü Allah-Taalanın dəgahına yaxınlaşmağın bir yoludur.
Şəkk yoxdur ki, xəstələrin əyadətinə getmək öz-özlüyündə bəyənilmiş, saleh əməllərdəndir ki, bu iş vasitəsi ilə bəndə Allah dərgahına yaxınlaşır. Bu iş heç də xəstənin özünə pərəstiş olmayıb bu əməli Allahdan qeyrisi üçün ibadət, yaxud şirk kimi cilvələndirmir. Habelə, sair əməllər də, o cümlədən, qəbirlərin ziyarəti, matəm mərasimlərinin təşkil edilməsi, cənazələrin dəfnində iştirak etmək, din qardaşlarının ziyarəti və s. də bu qəbildəndir.
Qəbirlərin ziyarəti, matəm mərasimlərinin keçiriməsi və sair şəri saleh əməllərin bəyənilmiş şəri əməllərdən olması fiqh elmində isbat olunur və bizim bəhsimizə aid deyildir.
İmamlarımızın qəbirlərini ziyarət etmək, bəzilərinin puç əqidələrinin əksinə olaraq, heç də ibadətdə şirk deyil. Hlbelə, onlardan məqsəd İmamlara pərəstiş deyildir. Məqsəd yalnız onların işlərini diriltmək, xatirələrini canlandırmaq, onlar barəsində ilahi şəairləri əzəmətləndirməkdir:
Və hər kəs ilahi şəairləri əzəmətlə yad etsə, şübhəsiz ki, o, qəlblərin təqvasındandır.
Bütün bu işlərin saleh əməl və şəriətdə müstəhəb olmaları sübut olunub. Hər vaxt insan bu işlərin vasitəsi ilə Allahın razılığını cəlb etmək, dərgahına yaxınlaşmaq istəsə, onların savabına layiq olacaq, xeyir cəzasına çatacaq.
Allah-Təalanın sifətləri barədəki əqidəmiz
Biz şiələr inanırıq ki, elm, qüdrət, qəni olmaq, iradə (istək), həyat və s. Allahın sübuti, həqiqi sifətləri olub kamal və cəmal adlandırılır. Bütün bu sifətlər Onun Zatının eynidir və Zatına artırılan, ariz olan sifətlər deyil. Bu sifətlərin vücudu Zatının vücudundan başqa bir şey deyildir. Deməli, misal üçün, Onun qüdrəti vücud baxımından elə həyatıdır və həyatı da elə qüdrətidir. Yəni O, diri (Həyy) olduğu ilə eyni zamanda qadirdir və qadir olduğu halda həyydir. Onun sifətləri və sifətlərinin vücudunda ikilik məsələsi əsla yoxdur. Sair kamal sifətləri də eynilədir, lakin o sifətlər öz məna və məfhumlarında bir-birindən fərqlənir, həqiqət, gerçəklik və vücudlarında isə bir-birindən heç də fərqlənmir. Çünki, əgər o sifətlər vücudlarında bir-birindən fərqli olsalar (sifətlərin də Zat kimi və əzəli və vacibül-vücud olması fərz edilir), bu halda sifətlərin sayına uyğun olaraq vacibül-vücudun çoxluğu lazım gələr və Allahın Zatının həqiqi vəhdətinə xələl yetişər. Bu da tovhid əqidəsinə ziddir.
Sübuti izafi (nisbi) sifətlərə gəldikdə isə, (xaliqiyyət, raziqiyyət, bütün varlıqların səbəbi, ilkinlik və s. kimi) bu sifətlər də özünün həqiqi mənasında vahid həqiqi bir sifətə qayıdır, o da Allahın bütün varlıqlara nisbətən qəyyum olmasıdır. Bu qəyyumluq da vahid bir sifətdir ki, ondan əsər-əlamət, nəzərlər müxtəlifliyini şərt etməklə bir neçə sifət çıxır.
Cəlal sifətləri adlanan səlbi sifətlərə gəldikdə isə, hamısı vahid bir mövzunun səlbinə qayıdır: o da imkanın Ondan səlb edilməsidir. Allah mümkünül-vücud deyilsə, imkanın səlb olunmasının (yaxud imkanın səlbinin) mənası cismiyyətin, surətin, hərəkət və sukunətin, ağırlıq və yüngüllüyün və s. kimi (mümkünül-vücuda xas olan) sifətlərin, ümumiyyətlə hər bir nöqsanın, çatışmamazlığın səlb olunmasıdır. Digər tərəfdən, Allahın mümkünül-vücud olmaması həqiqətdə vacibül-vücud olmasıdır. Onun vacibül-vücud olması isə kamal sifətlərindəndir. İmkanın səlbi əsl həqiqətdə vücudun vacibliyinə qayıdır və vücudun vacibliyi də kamal sübuti sifətlərdəndir. Deməli, cəlal (səlb) sifətləri də axırda kəmaliyyə (sübuti) sifətlərinə qayıdır və Allah-Taala bütün çəhətlərdən vahiddir, Müqəddəs Zatında çoxluğa yol yoxdur. Həmçinin, Onun Səməd və Vahid həqiqətində heç bir mürəkkəblik (tərkib) yoxdur.
Onun sübuti sifətlərinin səlbi sifətlərə qayıtmasına etiqad bəsləyənlərin sözləri çox təəccüb doğurur. Çünki, Onun sifətlərinin eynilə Zatı olmasını dərk etmək, qavramaq bu şəxslərə çox çətin gəlir, nəticədə sübuti sifətlərin labüd olaraq səlbi sifətlərə qayıtmasını təsəvvür edirlər ki, Allahın Zatının vəhdətinə və çoxluğun Ona yol tapmamasına əmin olsunlar. Bununla da ən qəbahətli bir əmələ düçar olmuşlar. Çünki, vücudun eyni, xalis vücud olan, bütün imkan cəhətlərindən və hər bir nöqsandan pak və münəzzəh olan bir Zatı yoxluğun eyni, sırf səlb güman etmişlər. Allah bizi bu cür fikir inhirafından, qələm sapqınlığından amanda saxlasın!
Həmçinin, Allahın sübuti sifətlərinin Zatına artırıldığına, əlavə olduğuna inananların da sözləri təəccüb doğurur. Bu təriqət ardıcılları əzəli varlığın çoxluğuna, vacibül-vücud üçün şəriklərin varlığına etiqad bəsləyirlər, yaxud onun mürəkkəb olduğunu söyləyirlər, halbuki Allah-Taala bu kimi işlərdən uzaqdır.
Mövlamız Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) buyurur: Ona ixlasın kamal həddi sifətləri Ondan (Onun Zatına əlavə olmasını) nəfy etməkdir. Çünki bütün sifətlər (məsələn, elmin insanla münasibəti kimi) şəhadət verir ki, o sifət movsufdan (vəsf olunandan) ayrıdır və hər vəsflənən şəhadət verir ki, o, sifətdən qeyridir. Deməli hər kəs Allahı (Zatına əlavə olunan sifətlə) vəsf etsə, sifəti Onunla yanaşı bilmişdir; və hər kəs Ona bir şey qoşsa, Onu çox fərz edər; və hər kəs Onu çox fərz etsə, hissə-hissə (analiz) edər; və hər kəs Allahın Müqəddəs Zatını hissə-hissə etsə, Ona qarşı cəhalətdə olar.
Ayətullah Cəfər Sübhani : İmamiyyə şiələrinin əqidə üsulları
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.