Ağanın tərəfdarları

Bismillahir rəhmanir rəhim

Əhli-beyt imamlarından (ə) nəql edilən hədisi-şəriflərdə verilən məlumata əsasən axirəz-zəmanda haqq tərəfdarları çox az olacaqdır. Onlar çox az, lakin bir o qədər də dəyərli olacaqlar. Hədislərin birində buyurulur ki,“onlar qaranlıq gecədə qara öküzün üzərindəki ağ tük kimi olarlar”. (“Uyunu əxbarir-Riza”, c.2, s.132)

Həzrəti İmam Sadiq (ə) bir hədisdə buyurur: “Sizlər mütləq arınacaqsınız. And olsun Allaha ki, sağa-sola sovrulacaqsınız! And olsun ki, yalnız Allahın əhd-peyman aldığı, qəlbinə iman yazdığı və özündən olan bir ruhla qüvvətləndirdiyi kəslər (salamat) qalacaqlar”. (“Ğeybət”, Numani, s.26, müəllifin müqəddiməsi)

Habelə digər bir hədisdə buyurulur: “Sizdən bu əmrə yalnız çox-çox nadir şəxslər sadiq qalarlar”. (“Ğeybət”, Numani, s.26, müəllifin müqəddiməsi)

Əbu Bəsirdən (r.ə) rəvayət olunur ki, deyir: “Əba Cəfər Muhəmməd bin Əlidən (ə) eşitdim ki, buyurdu:

And olsun Allaha ki, ayrılıb seçiləcək və arınacaqsınız. Buğda dənəsinin qabığından ayrıldığı kimi ələnəcəksiniz”.” (“Ğeybət”, Numani, s.205, hədis 8)

İmam Sadiq (ə) (müfəssəl bir hədisdə) şiələr barədə danışır, bu zaman həzrətə deyilir: Sənə fəda olum, bu sifətlərə sahib olan şəxsləri harada axtarım? Həzrət buyurur: “Onları yerin ətraf (kimsəsiz) yerlərində axtar. Onlar o kəslərdirlər ki, yaşayışları aşağı səviyyəlidir, evləri isə dəyişkəndir (tez-tez evlərini dəyişərlər). Onlar o kəslərdirlər ki, (camaat içərisində) görünərlər, amma tanınmazlar. Görünmədikləri zaman, kimsə onları axtarmaz, xəstə olduqları zaman kimsə onlara baş çəkməz, elçi göndərsələr onlara qız verilməz və ölsələr heç kəs bundan xəbərdar olmaz”. (“Ğeybət”, Numani, s.203-204, hədis 4)

Yenə İmam Sadiq (ə)-dan axirəz-zəman möminləri barədə buyurur: “Allahu-təala bildi ki, onun dostları şübhə etməyəcəklər. Əgər dostlarının şübhə edəcəyini bilsəydi, bir an da olsun öz huccətini onlardan gizləməzdi”. (“Mikyalul-məkarim”, Musəvi İsfahani, s.407)

Onlar elə şəxslərdirlər ki, Allah onlardan peyman almışdır. İmam Sadiq (ə) buyurur:

Qaim – ona salam olsun – qiyam etmiş olsa, insanlar onu inkar edəcəklər. Çünki o, insanlara cavan və müvəffəq bir gənc şəklində qayıdacaq. Ona (olan imanda) yalnız Allahın zərr aləmində əhd aldığı kəslər sabit qalarlar”. (“Ğeybət”, Numani, s.211, hədis 20)

Həmçinin İmam Əmirəl-möminin (ə)-dan İmam Məhdi (ə)-ın şiələri barədə belə buyurması nəql edilir: “…Onlar axirəz-zəmanda gələcək bir qövmdürlər. Onlar parça-parça olan payız buludları kimidirlər.. (Onların içərisində) hər qəbilədən bir, iki, üç, ta doqquz nəfərədək şəxs olar. And olsun Allaha ki, mən onların başçılarını tanıyıram, onun adını bilirəm. Mən onların miniklərinin düşərgə saldıqları yeri bilirəm”. (“Ğeybət”, Numani, s.312, hədis 1 və 2)

Həzrəti İmam Huccətin (ə.f) əshabı gənclərdirlər və içərilərində qoca yoxdur. İmam Əmirəl-möminin (ə) buyurur: “Həqiqətən də Qaimin (ə) əshabı gənclərdən ibarətdir və onların içərisində qoca yoxdur. (Qocalar olsa-olsa) yalnız gözdəki sürmə və ya yeməkdəki duz qədər olacaqlar. Duz isə yeməkdə ən az şeydir”. (“Ğeybət”, Numani, s.316, hədis 10)

İmam Sadiqəl-musəddəq (ə) onlar barədə buyurur: “Şiənin cavanları evlərinin damlarında yatdıqları bir vaxtda bir gecənin içində heç bir (öncədən) vədələşmə olmadan öz (sahiblərinə) tərəf aparılarlar və səhəri Məkkədə açarlar”. (“Kəmalud-din”, Şeyx Səduq, c.2, s.610, hədis 25)

Həmçinin yenə İmam Sadiq (ə)-dan o həzrətin (ə.f) əshabı barədə nəql edilir ki, “onların hər bir şəxsində qırx kişinin gücü olar, qəlbi dəmirdən möhkəm olar və əgər qarşılarına dəmirdən olan dağ çıxarsa onu yerindən qopararlar!” (“Kəmalud-din”, Şeyx Səduq, c.2, s.611, hədis 26)

Imamalmahdi.com

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

1 thought on “Ağanın tərəfdarları”

Leave a Comment