Ağanın hökuməti vaxtı vəziyyət

Bismillahir rəhmanir rəhim

   Təbii ki, kimsə soruşa bilər ki, İmam Məhdi (ə) müqəddəs İslam dinini qeyri-müsəlman xalqlara necə qəbul etdirəcək? Bir halda ki, belə cəmiyyətlər maddi həyata qərq olmuş, iman və ruhi dəyərlərdən uzaq düşmüşlər. Bununla yanaşı eyni zamanda İslama və müsəlmanlara mənfi nəzərlərlə baxırlar.

Buna baxmayaraq, İmam Məhdi (ə)-a bu haqq dəvətində yardım edəcək bir çox əqidəvi, siyasi və iqtisadi amillər mövcud olacaqdır və bu amillərin bir qismi zühurdan əvvəl gerçəkləşəcək.

Belə amillərdən biri budur ki, o zaman dünya xalqları dindən uzaq olan maddi həyatdan bezəcək (necə ki, artıq beziblər), belə həyatın insan fitrətinə və insanlığa uyğun gəlmədiyini görəcəklər. Həqiqətən də qərb insanı bundan ciddi şəkildə əziyyət çəkir və getdikcə ondan uzaqlaşmağa başlayır.

Habelə, İslam fitrət dinidir. Əgər hakimlər və başçılar bu fitrət dininin nurunu alimlər və sadiq möminlər əli ilə öz xalqlarına yetişməsinə imkan versələr, insanlar dəstə-dəstə dinə daxil olarlar.

Xalqları bu haqq dəvəti qəbul etməyə hazırlayacaq amillərdən biri də İmam Məhdi (ə) əliylə gerçəkləşəcək nişan və möcüzələrdir. Belə möcüzələrin başda gələnlərinə misal olaraq isə səmadan eşidiləcək səsi göstərə bilərik.

Bu nişanə və ayətlər hakim və başçılara müvəqqəti və zəif təsir etsə də onların xalqlarına müxtəlif formalarda təsir edəcəkdir.

Bəlkə də xalqlar üzərindəki ən mühüm təsir amillərindən biri həzrəti İmam Məhdi (ə)-ın ardıcıl qələbələri olacaqdır. Çünki qərb xalqlarının təbiətində vardır ki, hətta düşmənlərində belə olsa gücü və qələbəni sevsinlər, onu müqəddəs bilsinlər..

Belə amillərdən digər birisi də həzrəti Məsih (ə)-ın zühurudur. Allahu-təala onun (ə) əli ilə qərb və dünya xalqları üçün bir sıra ayət və möcüzələr izhar edər. Həzrəti Məsihin (ə) əsas işi və rolu onların arasında (təbliğat aparmaq və dəvət etmək) olar.

Digər amillərdən biri də iqtisadi amillərdir. Həzrəti İmamın (ə) dövründə insanlar İmamın (ə) vasitəsilə zənginlik və rifaha yetişərlər və xalqlar o, həzrətin (ə) zamanında – hədislərin də qeyd etdiyi kimi – tarix boyunca görülməyən bir nemətdən yararlanarlar. Bu amilin də təbiidir ki, xalqlar üzərində böyük təsiri olacaqdır.

İmam Məhdinin (ə) zamanında həyat şəraitində hansı dəyişikliklər olacaq qısaca nəzər salaq:

İmam (ə) maddi həyatı inkişaf etdirəcək, rifah səviyyəsini yüksəldəcək.

Hədislərdən də göründüyü kimi həzrətin (ə) başçılıq edəcəyi dövlətlərdə texnologiya yüksək səviyyədə inkişaf edəcək. O zaman bir sıra irəliləyişlər və dəyişikliklər baş verəcək. Hədislərdə İmamın (ə) dövründə baş verəcək dəyişikliklər və yüksəlişlərlə bağlı deyilir: Həzrət (ə) yerin xəzinələrini çıxarıb onu yer əhli arasında bölər.

Bu barədə hədislər çoxdur. Onlardan biri Allah Rəsulundan (s) nəql edilir ki, buyurur: “(O zaman) yer onun üçün bağrında olanları (yəni xəzinələrini) çıxarar. O isə malı-pulu saymadan və bol-bol paylayar”. (“Biharul-ənvar”, c.51, s.68)

Malı-pulu saymadan və bol-bol paylayar” hədisi hər iki firqə nəzərində məşhurdur və bu, o zaman mövcud olacaq iqtisadi zənginliyi və İmamın (ə) səxavət və insanlara qarşı olan məhəbbətini göstərir.

Həmçinin İmam Baqir (ə)-dan rəvayət olunur ki, buyurur: “O zaman Əhli-beytin Qaimi (ə.f) (malı) bərabərcə bölər, rəiyyət arasında ədalətlə rəftar edər. Kim ona itaət etsə Allaha itaət etmiş olar, kim də ona qarşı gəlsə Allaha qarşı gəlmiş olar. O Tövratı və Allah əzzə və cəllənin digər kitablarını Antakyada olan bir mağaradan çıxarar. Tövrat əhli arasında Tövratla, İncil əhli arasında İncillə, Zəbur əhli arasında Zəburla, Quran əhli arasında da Quranla hökm verər.

Yerin içindən və üstündən mal-dövlət onun üçün toplanar və o, insanlara deyər: “Gəlin götürün o şeyi ki, onun üçün bir-birinizlə qohumluq əlaqələrini kəsdiniz, onun üstündə haram olan qan tökdünüz və onun üçün Allah əzzə və cəllənin haram etdiyi şeyi etdiniz.” (Sonra insanlara) bir şey verər ki, özündən öncə kimsə belə bir şey verməmişdir. O yeri zülm, cəfa və şərlə dolduğu kimi ədalət, düzlük və nur ilə doldurar”. (“Biharul-ənvar”, c.52, s.351)

Həmçinin, həzrətin (ə) zamanında insanlar xoşbəxt yaşayar, nemətlərdən yararlanarlar və o zaman yer üzü abad olar.

Həzrəti Peyəmbər (s) buyurur: “Məhdinin zamanında ümmətim heç bir vaxt yararlanmadıqları bir nemətdən yararlanarlar. Göy onlara bolluca yağış göndərər, yer üzü üzə çıxarmadığı (bitirmədiyi) bir bitgi (meyvə) saxlamaz!”. (“İbn Həmmad”, s.98)

Həmçinin yenə Allah Rəsulu (s)-dən nəql olunur ki, buyurur: “Ümmətim ona (İmam Məhdi (ə)-a) dişi arının erkək arıya sığındığı kimi sığınar. O, yer üzünü haqsızlıqla dolduğu kimi ədalətlə doldurar. Ta ki, insanlar ilk əvvəl olduqları kimi olarlar. Yatan oyadılmaz, qan axıdılmaz”. (“İbn Həmmad”, s.99)

Bəlkə də həzrətin (s) “insanlar ilk əvvəl olduqları kimi olarlar” deməsindən məqsəd, onların ilk insan toplumunda olduqları kimi olmalarıdır. Belə ki, o zamanlar insanlar öz insani fitrətlərinin səfası əsasında vahid bir ümmət şəklində idilər və aralarında da heç bir ixtilaf düşməmişdi. Allahu-təala buyurur: “İnsanlar vahid bir ümmət idilər”. (Bəqərə surəsi, 213)

Bəli, hədislərdən də başa düşüldüyü kimi o, zaman cəmiyyət ixtilafsız və vahid bir ümmət halına düşəcək, insanlar bir-birilərinə “qürbətən iləllah” niyyəti ilə xidmət edəcək və bir-birlərindən ehtiyacı olduqları şeyi təkcə salavat deməklə götürəcəklər!

 

Imamalmahdi.com

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment