Bismillahir rəhmanir rəhim
Şübhəsiz ki, böyük qeyb dövründə xüsusi naiblik iddiası etmək batil və bidət iş hesab olunur. Buna mövlamız İmam Məhdi (ə)-ın Əli ibn Muhəmməd Səməriyə (r.ə) yazdığı məktub da şahidlik edir. Bunun əksinə olaraq ümumi naiblik isə hər bir zamanda keçərlidir və böyük qeyb dövründə müəyyən şəxslər həzrəti Sahibəz-zəman (ə)-ın ümumi naibi hesab olunurlar. Buna da o Həzrətin (ə) özündən nəql edilən aşağıdakı kəlam dəlalət edir: “Qarşıya çıxan məsələlərdə bizim hədislərimizi nəql edən kəslərə müraciət edin. Onlar mənim sizin üzərinizdə höccətimdirlər və mən də onların üzərində Allahın höccətiyəm”( Şeyx Səduq, “Kəmalud-din” (483), Şeyx Tusi, “Ğeybət” (176), Bihar, Əllamə Məclisi (53/180)).
Fəqihlər və ali məqamlı mərcələr İmamın (ə.f) ümumi naibləri hesab olunurlar. Alimlərimiz bu bəhsi öz yerində ətraflı şəkildə müzakirə etmişlər. Biz bu məqamda rəbbani alim, böyük müctəhid və zamanının böyük mərceyi-təqlidi olan mərhum Mirzaye Şirazi (r.ə) barədə nəql edilən bir əhvalatı qeyd etmək istəyirik. Əhvalatda “nəfsinə qarşı diqqətli olan, dinini hifz edən, həva-həvəsinə müxalif olan və Mövlasının əmrinə itaət edən”[1] fəqih və müçtəhidlərin İmam (ə) yanında hansı məqamda olduğu bariz şəkildə daha aydın olur:
Mərhum Axund Molla Əli Həmədani nəql edir ki, Mirzaye-bozorg Şirazinin (r.ə) vaxtında Qətif [2] şiələrindən bir dəstə İmam Rza (ə)-ı ziyarət etmək üçün İrana yola düşürlər. Yol əsnasında qarşılarına yol kəsənlər çıxır və əllərində olan bütün pul və yeməyi qarət edirlər. Bu zəvvarların içində Qətifdən olan bir seyyid olur ki, karvanın rəhbəri olur. Zəvvarları müdafiə etdiyi zaman möhkəm şəkildə zərbə alır. Oğrular qaçdıqdan sonra yerə yıxılmış vəziyyətdə ikən diqqət edib görür ki, yanında bir şəxs durub və onu adı ilə çağırıb deyir: Nə üçün bu qədər narahatsan ey filankəs?
Qətifli seyyid ona deyir: Karvan soyulub. Məşhədə isə hələ çox yol var. Bizim yanımızda olan yeməkləri də qarət etdilər və bu səhrada gedəcək bir yerimiz yoxdur. Həmin şəxs cibindən bir qədər pul çıxarıb seyyidə verir və deyir: Bu pul sizi Samirraya çatdıracaq. Orada mənim naibim Mirzaye Şirazinin yanına gedərsiniz. O sizə Məşhədə çatmağınız üçün lazım olan pulu verəcək.
Qətifli seyyid deyir: Mirzaye Şirazi bizi tanımır, bizə necə inanacaq?
Şəxs deyir: Deyin bizi Məhdi göndərib və ona bu əlaməti deyin. (Bundan sonra əlaməti deyir).
Beləliklə qarət edilmiş karvan gəlib Samirraya çatır və Mirzaye Şirazi ilə görüşürlər. Elə ki, Qətifli seyyid başlarına gələni Mirzəyə danışır, mərhum ondan əlaməti deməsini istəyir.
Deyir: O şəxs, hansı ki, adı Məhdi idi dedi ki, siz və Molla Əli Kəni Xanım Zeynəbin (s.ə) hərəmində imişsiniz. Zəvvarların çoxluğu və təmizliyə riayət etməmələri səbəbindən hərəmin döşəməsini toz-torpaq örtürmüş. O zaman siz əbanızı çıxarıb yerə sərmiş və torpaq və kəsəyi əbanıza yığıb çölə atmağa başlamısınız. Bu vaxt həmin şəxs də sizin görmədiyiniz yerdən iftixar və fərəhlə sizə baxırmış.
Qətifli seyyid deyir: Bu sözləri Mirzə üçün deyər-deməz ağlamağa başladı və dedi: Ey seyyid, o bizim mövlamız İmam Məhdi Sahibəl-əsr vəz-zəman (ə) imiş!
Mirzaye Şirazi qalxıb Qətifli seyyidə onun karvanını Məşhədə çatdıracaq pulu verir və deyir: Orada Molla Əli Kəninin yanına get və bu əhvalatı onun üçün də nəql et.
Seyyid deyir: İranda Molla Əli Kəninin yanın getdik və əhvalatı onun üçün nəql etdik. Bu zaman o möhkəm şəkildə və Mirzədən də çox ağladı.
Ona dedi: Siz Mirzədən daha çox ağladınız.
Dedi: Ağlayıram ona görə ki, Mirzə İmama (ə.f) məndən daha yaxındır. Əgər mən ona yaxın olsaydım sizi mənə həvalə edərdi. (Qəsəs və xəvatir, Şeyx Əbdül-Əzim Bəhrani, səh.335)
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
[1] İhticac: 2/263.
[2] Səudiyyə Ərəbistanında şiələr yaşayan məntəqə-müt.