5-ci dərs. İmam Məhdi (ə)-ın təvəllüdü

Bismillahir Rəhmanir Rəhim

“De haqq gəldi, batil yox oldu. Çünki batil məhv olandır.”

Həzrəti Məhdi (ə) hicrətin 255-ci ili Şaban ayının 15-i cümə gün sübh azanı vaxtı Samirra şəhərində dünyaya gəlmişdir. Abbası xəlifəsi olan Mötəmid hədislər vasitəsilə İmam Həsən Əskəri (ə)-ın övladının dünyaya rəhbərlik edərək hər yerə haqq və ədalət gətirəcəyi, zalımlara qarşı amansız olacağından xəbərdar olduğu üçün Firon və Nəmrud kimi öz adamlarını imamın evinə göndərərək övladını öldürmək istəmişdir. Lakin böyük Allahın iradəsi hər bir kəsin istəyinə qalibdir. Bu səbəbdən Həzrəti  İbrahim və Həzrəti Musa(ə) kimi İmam Zaman (ə)-ın da dünyaya gəlişi və  böyüməsi məxfi olmuşdur. O Həzrətin təvəllüdü şiə və sünni mənbələrində qeyd olunduğu kimi belədir.

Həkimə xatun İmam Əskəri(ə)-ın evində qonaq idi.O , öz mənzilinə getmək istəyərkən İmam (ə) ona buyurdu: “Bibican bu gecə bizim mənzilimizdə qal. Çünki bu gecə böyük Allahın yanında əziz olan bir övlad dünyaya gələcəkdir. O ölmüş yer üzünü dirildəcəkdir.”

Həkimə xanım uşağın anasının kim olduğunu soruşduqda Həzrət: “Nərcisdir”- deyə buyurdu. Həkimə xanım içəri otağa keçib Həzrət Nərcisi gördükdə onda heç bir hamiləlik əlaməti müşahidə etmədi və İmam yanına qayıdıb təəccübünü ona bildirdi. İmam Həsən Əskəri (ə) təbəssüm edib buyurdu: “Sübh açılarkən onun hamiləliyi sənə aydın olar. Musa peyğəmbərin anası kimi onun da doğum zamanına qədər hamiləliyi heç kəsə bəlli deyildir. Ona görə ki, Firon Musanı ələ keçirmək üçün hamilə qadınların qarnını yırtırdı. Bu uşaq da Musa (ə) kimidir.”

Gecə yarısı Həkimə xanım yuxudan ayılıb  gecə namazı qıldı. Sübh çağı yaxınlaşır, Nərcis xanım isə heç bir doğum əlaməti görünmədən yatırdı. Həkimə xanım İmamın sözü barəsində şəkkə düşdü. Bu zaman İmam Əskəri(ə)-ın səsini eşitdi: “Bibi can, tələsmə! Dediyim vaxta az qalır.” Həkimə utanıb Quran oxumağa başladı. Bir az keçmiş Nərcis xanım yuxudan ayıldı. Dəstəmaz alıb gecə namazı qıldı. Sübh azanına az qalmış onun hamiləliyi aşkar oldu. Bir qədər sonra isə Allahın höccəti, bütün peyğəmbərlərin İlahi əmrlərin yer üzündə icra edicisi barəsində verdikləri vəd, yəni Həzrət Höccətibnil-Həsən İmam Məhdi (ə) dünyaya gəldi. Onun sağ biləyində “Cəəl həqqa və zəhaqal bətilu innəl bətilə kənə zəhuqa” ayəsi yazılmışıdır, dizlərini yerə qoyub  torpağa səcdə edən halda şəhadət barmağını səmayə tərəf tutaraq buyurdu: “Əşhədu ənla iləhə illəllah vəhdəhu lə şərikə ləh” sonra babası Rəsulallah(s.ə.v.v) və ataları Əmirəl-möminin və bircə-bircə məsum İmamların adını sayaraq öz adına çatanda buyurdu: “Pərvərdigara! Mənə vədə verdiklərini həyata keçir. Məni cihadda sabitqədəm edib, yer üzünü mənim vasitəmlə haqq və ədalətlə doldur.”

İmam Həsən Əskəri (ə)-ın səsi eşidildi: “Ay bibi uşağı qucağına alıb yanıma gətir.” Uşaq Həkimənin qucağında atasına salam verdi. İmam (ə) uşağı alıb nəvaziş edərək mübarək dilini onun ağzına  sürtərək “danış oğlum” deyə buyurdu:İmam Məhdi (ə): “Va nuri*du ənnumunnə əlləzinəstuzifu fil ərzi və nəcələhum əimmətən və nəcələhuml vari*sinə” ayəsini tilavət edib tövhid, nübuvvət və əziz atasına qədər bütün imamların imamətinə etiraf buyurdu.

O Həzrətin təvəllüdündən sonra İmam (ə) İslam adət-ənənələrinə əsasən bir neçə qoyun kəsib əqiqə edərək, Bəni-Haşimə çoxlu çörək və ət ehsan etdi.

 İmam Həsən Əskəri (ə) müsəlmanların sonuncu ilahi rəhbərlərinin bu məxfi təvəllüdündə xəbərsiz qalmamaları üçün müxtəlif məntəqələrdə olan öz nümayəndələri və etimadlı şiələrini məktub vasitəsilə Allah höccətinin (ə) dünyaya gəlişindən xəbərdar etdi. O Həzrət Qum şəhərindəki vəkili cənab Əhməd ibni İshaq Qumiyə məktubunda belə buyurdu:

“Bizim övladımız dünyaya gəldi. Bu xəbəri gizli saxla və başqalarına da məxfi qalsın. Biz bu xəbəri qohumluq və dostluq əlaqələri xatirinə yalnız yaxın şəxslərə bildiririk. Bu ilahi bəşarətdən bizim kimi sən də şad olasan deyə səni ondan agah etmək istədik.”

Həmçinin, İmam Əskəri (ə)-ın mənzilində hökumət cəsuslarının olmadığı zaman, Həzrət uşağı xüsusi şiələrə göstərib onu özündən sonra ilahi höccət olaraq tanıtdırmışdır. Necə ki, şiələrdən 40 nəfərin İmam Əskəri (ə)-ın ziyarətinə getdiyi zaman, o Həzrət evin içəri otağına keçib ay parçası tək bir uşağı özü ilə gətirərək buyurdu: “Bu sizin İmamınızdır.”

Bəzən də müraciət edənlərin elmi suallarının cavabını və müşkülatlarının həllini, Əhli-beyt tərəfdarları İmam Zaman(ə)-ı açıq-aşkar tanıyıb onun yüksək məqamına vaqif olsunlar deyə, bu uşağa həvalə edərdilər. Belə ki, Kamil ibni İbrahim Mədinə şiələrinin suallarına cavab almaq üçün İmam Əskəri(ə)-ın mənzilinə gəldiyi zaman orada dörd yaşlı xoş simalı bir uşağa rastlaşır. Uşaq onu gördükdə adını çəkərək, suallarını deməmişdən onlara özü bir-bir cavab verir.

Pərvədigara! O Həzrətin (ə.f) dostlarına kömək ol, düşmənlərini isə xar et!

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment