Qeybət dövründə intizar

Bismillahir rəhmanir rəhim

Bir çox şərif rəvayətlərdə qeybət dövrünün ən üstün əməlinin fərəcin intizarını çəkmək olduğu açıqca bildirilmiş və bunun üçün çoxlu savab təyin edilmişdir. Hədislərdə qeybət dövründə səbr edən kəsin Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) yanında vuruşan mücahid kimi olduğu buyurulmuşdur. Bu isə yalnız və yalnız onların (ə) vilayətlərinə sadiq qalmaqla, onların (ə) əmr və göstərişlərinə itaət etməklə mümkün olar. Zeyd bin Ərqəm deyir: Hüseyn bin Əli (ə) dedi: “Bizim şiələrimiz(in hər biri) siddiq və şəhiddir!” Dedim: “Onlar yataqlarında ölə-ölə bu necə olur ki?”Dedi (ə): “Məgər Allahın kitabını oxumamısan (ki, buyurur):O kəslər ki, Allah və peyğəmbərinə iman gətiriblər, onlar öz Rəbbləri yanında siddiqlər və şəhidlərdirlər!”(Hədid surəsi, 19)” (“Dəəvat”, Qütbüddin Ravəndi, s.242, hədis 681)

Buna görə də gərək Əhli-beyt (ə) yolu ilə addımlayaq, onların (ə) təlimlərinə əməl edib nəfsi fəzilətlərlə zinətlənək və İmam (ə.f)-in zühur gününü gözləyək ki, həzrət zühur edən zaman onunla birgə ola bilək. Burada qeyb dövründə fərəcin intizarında olmağın fəzilətindən söz açan bir neçə hədis qeyd edirik:

Şeyx Səduq (r.ə) nəql edir: Əbdül-Əzim Həsənidən (r) rəvayət edilir və o da İmam Muhəmməd Təqi (ə)-dan nəql edir ki, həzrət (ə) buyurdu: “Şiələrimizin ən üstün əməli fərəcin intizarında olmaqdır”. (“Kəmalud-din”, Şeyx Səduq, s.377, hədis 1)

Əbu Bəsirdən nəql edilir ki, deyir: İmam Cəfər bin Muhəmməd  (ə) buyurdu: “Ey Əbu Bəsir, xoş olsun Qaimimizin (ə.f) şiələrinin halına. O şiələr ki, (Qaim (ə.f) ) qeybə çəkildiyi zaman onun (ə.f) intizarında olarlar. Zühur etdiyi zaman ona (ə.f) tabe olarlar. Onlar Allahın dostlarıdırlar: onlar üçün nə qorxu, nə də kədər vardır”. (“Kəmalud-din”, Şeyx Səduq, s.357, hədis 54)

Əbu İbrahim Kufi Əba Əbdillah (ə)-dan nəql edir ki, həzrət (ə) buyurdu: “On ikinci imamın intizarında olan kəs Allah Rəsulu (s)-in önündə qılınc çalıb o, həzrəti (s) müdafiə edən şəxs kimidir”. (“Kəmalud-din”, Şeyx Səduq, s.647, “Ğeybət”, Nomani, s.90, hədis 21)

Həmçinin hədislərin birində gəlmişdir ki: “O (ə.f) qeybə çəkildiyi zamanda əziyyət və təkziblərə səbr edən şəxs Allah Rəsulu (s) yanında qılıncı ilə cihad edən kəs kimidir”. (“Kəmalud-din”, Şeyx Səduq, s.317, hədis 3, “Kifayə”, Xəzzaz Qummi, s.232)

İbn Babəveyh Qummi (r.ə) Müfəzzəl ibn Ömərdən nəql edir ki, deyir: İmam Cəfər ibni Muhəmməd Sadiqdən eşitdim ki, buyurdu: “Kim bu işin intizarında olan bir halda (müntəzir olaraq) ölərsə, Qaimlə (ə.f) birgə onun xeyməsində olan şəxs kimidir. Xeyir, hətta Allah Rəsulu (s)-in önündə qılınc çalan kəs kimidir!”(“əl-İmamə vət-təbsirə”, Babəveyh Qummi, s. 122, hədis 118)

Əli ibni Haşimdən, o öz atasından, o Əba Cəfər (ə)-dan nəql edir ki, həzrət buyurdu: “Kim bizim işimizin intizarında olan bir halda ölərsə, ona zərər yoxdur. Bilin, belə bir şəxs Məhdinin (ə.f) xeyməsinin və ordusunun (içində) ölmüşdür!” (“Kafi”, Kuleyni, c.1, s. 372, hədis 2)

Əmr bin Sabitdən nəql edilir ki, deyir: Əli ibni Hüseyn Seyyidil-Abidin (ə) buyurdu: “Kim bizim Qaimimiz (ə.f) qeybdə olduğu zamanda bizim dostluğumuzda sabit qalarsa, Allah (ə.c) ona min Bədr və Uhud şəhidinin savabını verər!”(“Kəmalud-din”, Şeyx Səduq, s.323, hədis 7)

Müfəzzəl bin Ömər deyir: (İmam Sadiq (ə)-a dedim:) Bizə Qaimdən (ə.f) danışın, əgər bizdən birisi onun intizarında olan bir halda ölərsə (nə olacaq)? Buyurdu: “O (ə.f) qiyam edincə həmin möminin qəbrinə gələr və ona deyərlər: Ey filankəs! Sənin sahibin zühur edib, əgər ona qoşulmaq istəyirsənsə (qalx) qoşul, yox əgər Rəbbinin kəramət və ehsanında qalmaq istəyirsənsə onda qal”. (“Ğeybət”, Şeyx Tusi, 459, “Xəraic vəl-cəvarih”, Qütb Ravəndi, c.3/1166 )

Abdullah Həsən Ali Dərviş, “Məhdiyyul-uməm”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 

Leave a Comment