Bismillahir Rəhmanir Rəhim
“Mənim, ata və ananın şükrünü yerinə yetir”
Həzrət Məhdi (ə)-ın bizim boynumuzda bir çox hüquqları vardır. Həyatın sahələrində o Həzrətin qarşısında olan vəzifələrimizi düzgün yerinə yetirmək üçün bu hüquqlara diqqətlə yanaşmaq bizim müvəffəqiyyətimizə səbəb olar. Bu hüquqların bəzilərini nəzərdən keçirək:
1-Təlim və hidayət haqqı: Bəşərin Allah tərəfindən hidayəti peyğəmbərlər və məsum İmamlar (ə)-dır. Bizim zamanımızda da xalqın ilahi müəllimi və yol göstərəni Həzrət Məhdi (ə)-dır. Bu əsasla bir müəllim və hidayətçinin öz şagird və hidayət olunanı qarşısında hansı haqqı varsa, İmam Zaman (ə)-ın da bütün möminlərin boynunda həmin haqları vardır.
2-Atalıq və analıq haqqı: Düzdür, övladın boynunda valideynin haqqı böyükdür. Lakin hər zamanın həqiqi valideyni, o zamanın ilahi rəhbər və İmamıdır. Elə buna görə də Həzrəti Peyğəmbər (s.ə.v.v) özü və Əmirəl-mömininin (ə)-ı ümmətin iki atası olaraq tanıtdırmışdır. İmam Zaman (ə)-ın ümmətin halına yanıb onların gələcəyini fikirləşməsi Həzrətin öz dostları və Əhli-beyt tərəfdarlarına olan məhəbbəti şübhəsiz ki, hər bir şəxsin ata və anasının məhəbbətindən daha üstündür. Ona görə Həzrəti İmam Rza (ə) məsum İmamı bu yüksək ibarələrlə tanıtdıraraq buyurur: “İmam həmişlik dost, ürəkyandıran ata, mehriban qardaş və öz kiçik övladına yaxşılıq edən anadır.”
3-Xilafət və hakimiyyət haqqı: Allah tərəfindən olan xilafət və hakimin xalq üzərində böyük haqqı vardır. İlahi höccətlər öz zamanlarının xəlifəsi və hakimidirlər. Buna görə də İmam Zaman (ə) Allah tərəfindən bu dövrünün xəlifə və sultanı, biz isə onun rəiyyəti və itaətkarıyıq. Belə isə hakimin rəiyyət və sultanı xalq üzərində hər bir haqqı varsa, İmam Məhdi (ə)-da o hüquqların hamısına malikdir.
4.İmam Zaman (ə)-ın malının haqqı:
Həzrəti İmam Zaman (ə) bu barədə buyurub: “Əgər bir kəs bizim malımızdan bir azca da olsa (razılığımız olmadan) yeyərsə, həqiqətən atəş və od yemişdir.(Belə bir insan) tezliklə cəhənnəmə atılacaqdır.”
Ümumiyyətlə O Həzrətin yolunu gözləyən həqiqi şiə gərək belə bir həssas zamanda ona verilən bütün imkanlardan (mənəvi və maddi) yalnız öz ehtiyacı qədər istifadə edib, qalanını isə O Həzrətin işlərinə sərf etsin.
Beləliklə məlum oldu ki, İmam Məhdi (ə) əsrimizin müəllimi, hidayətçisi, ürəyi yanan ata və anası, xalqın xəlifə və hakimidir. Belə isə, bu məqamların hər birinin qarşısında Həzrətin üzərimizdə çoxlu hüquq və vəzifələri vardır.
Buna görə “Nüdbə” duasında belə istəyirik:
“İlahi, Həzrətin boynumuzda olan hüquqlarını əda etməkdə bizə kömək ol!”
Allah-taala bizim hamımızı o Həzrətin müqabilində öz vəzifələrimizi tanımaqda müvəffəq edib İmam Zaman (ə)-ın xeyirli dualarını hamımıza nəsib etsin.
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.