Bismillahir Rəhmanir Rəhim
“Bilin ki, Allah-taala yer üzünü öldükdən sonra dirildəcəkdir.”
Həzrət Məhdi (ə)-ın düşmənlərə qarşı bir neçə həftəlik qiyam və cihadı nəticəsində müşriklər, zalımlar, müxaliflər, fəsad və azğınlıqların hamısı məhv olaraq bütün yer üzü Allahın hökmünə və İmamətin hakimiyyətinə təslim olacaqdır. Qurani-Kərim o Həzrətin hökumətinin əsas hədəflərini belə bəyan edir: “Allah aranızdan inam gətirib yaxşı işlər görənlərə-yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdu.”
Bu ayəyə əsasən, Həzrət Məhdi (ə)-ın hökumətinin hədəfləri aşağıdakı dörd məsələdir:
1-Dünyada vahid bir dövlət təşkil etmək; İmam Zaman (ə)-ın dövləti bütün dünyaya aidddir. Yəni dünyanın beş qitəsi vahid ölkəyə çevrilərək sərhədlər götürüləcək, dövlətlər aradan gedəcək, ixtilaf və müharibələr sona çatacaq, bütün insanlar vahid millətə çevriləcək. O Həzrət bütün dünyaya vahid dövlət və vahid hökumət əsasında hökümranlıq edəcəkdir.
2-İslam və şiələrin hakimiyyəti; Bu dövrdə dünyaya hakim olan mədəniyyət İslam olacaqdır. Elə bir İslam ki, Allahın razı olub təyin etdiyi həqiqi din, “Qədr” günün islamı, yəni şiənin itaət etdiyi və İmaməti dinin əsaslarından sayan İslam dinidir. O zaman İslam bütün dinlərə qələbə çalıb öz hakimiyyətini bütün dünyada bərqərar edəcəkdir. Quran bu həqiqəti aşağıdakı ayədə də bəyan edir:
“Müşriklərin xoşuna gəlməsədə, onu (İslamı) bütün dinlərə qələbə çalmaq üçün Öz peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur!”
O Həzrət Əhli-beyt (ə) düşmənləri və münafiqləri məhv edərək, İslamda bidət qoyulan bütün əməllərə son qoyacaq, yaddan çıxan əhkam və sünnələri bərqərar etməklə İslamı yenidən möhkəmlədəcəkdir. İlk dəfə olaraq İlahi İslam hökuməti bütünlüklə başdan-başa dünyanın hər bir yerində icra ediləcəkdir.
3-Ədəlat və əmin-amanlığın bərqərar olunması; O Həzrətin hökumətinin ən əsas hədəflərindən biri yer üzündə ədalətin bərqərar olub, zülm və fəsadın bütünlüklə məhv edilməsidir. Əgər cəmiyyətdə zülm olmasa əmin-amanlıq, firavanlıq və bolluq icad olacaqdır. İmam Məhdi (ə)-ın hakimiyyətinin xüsusiyyətlərindən biri budur ki, O Həzrət insanların ixtilafının ilahi elm və batinlərinə əsasən təhlil edərək, zahiri və aşkar dəlillərinə etina etməyəcəkdir. Bu cəhətdən Həzrətin qəzavətləri Həzrət Davud (ə)-ın qəzavətlərinə bənzəyəcəkdir.
4-Şirki məhv etmək; Yaranışın hədəfi olan “Allaha bəndəlik edib, qeyrisinə itaət etməmək” İmam Zaman (ə)-ın hökuməti dövründə bütün dünyada öz həqiqətini tapacaqdır. Çünki O Həzrət kafirlər və müşriklərə qarşı amansızlıqla mübarizə edərək başqa şeylərə itaət edənləri hər hansı ünvan altında olursa olsun aparacaqdır. Beləliklə, bu dövrdə bütün dünyada yalnız Allaha pərəstiş ediləcəkdir. Quran O Həzrətin bu xüsusiyyətinə belə bəyan edir: “O kəslər ki, əgər onlara yer üzündə qüdrət versək, namazı bərpa edər, zəkat verər, yaxşı işlər görməyi əmr edər, pis işlər görməyi qadağan edərlər.”
Həqiqətən belə bir dünyada yaşamaq hamımızın arzusu olmalıdır.Bu arzunun həyata keçməsi üçün isə gərək fərdi və ictimai hazırlıq işləri görülsün.
İlahi İmam Zaman (ə)-ın zühurunu tezləşdir!
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.