10- cu dərs. İmam Məhdi (ə)-in zühuru

Bismillahir Rəhmanir Rəhim 

 “Göylərdə və yerdə olanlar əlaqə yaxud ikrahla da olsa Onun əmrinə təslim olacaqlar.”

İmam Məhdi (ə)-in zühurunun müjdəsi bütün səmavi kitablarda mövcuddur. Peyğəmbərlər və övliyaların hamısı o günün intizarını çəkmişlər. Bəs rəhmət imamının qeybəti nə zaman sona yetəcək və böyük Allah onun zühuruna izin verəcəkdir? Bunu Allahdan başqa heç kəs bilmir. Elə bu cəhətdən, hər kəs o Həzrətin zühurunun zamanı barəsində müəyyən bir vaxt elan edərsə, yalan demişdir. İmam Məhdi (ə) yazdığı bir məktubda buyurur: “Zühur hökmü Allahın əlindədir, zühur üçün müəyyən vaxt təyin edənlər isə yalan deyirlər.”

  Qeyd olunmalıdır ki, şiələrin çətin dövranı olan İmam Zaman (ə)-in qeybətinin sona yetib o Həzrətin zühur etməsi xalqın dua və istəkləri ilə əlaqəsiz deyildir. Necə ki, Allah-taala Bəni-İsrailin dua, xahiş və sızıldamaları xatirinə onların dörd yüz illik əzabından qalmış yüz yetmiş ili bağışlayıb, onları Həzrəti Musanın vasitəsilə Fironun şərrindən xilas etdi. Elə bu səbəbdən İmam Sadiq (ə) zühur tezləşməsi üçün müsəlmanların Bəni-İsrail kimi Allah dərgahına nalə və dua etmələrini tövsiyə edir.

  İmam Zaman (ə)-ın zühuru Məkkə şəhərində, Kəbə evinin kənarında “həcərül-əsvədin” önündə elə bir halda baş verəcəkdir ki, o Həzrətin xidmətində 313 yavər və köməkçi olacaqdır. Bu zaman Həzrət Cəbrail Kəbə evinin damı üzərində bütün dünya əhalisinin eşidəcəyi tərzdə o Həzrətin zühurunu uca fəryadla elan edəcəkdir.

  Bu zaman dünyanın hər yerindən möminlər o Həzrətlə beyət etmək və köməklik göstərməyə tələsəcəklər. Həzrət İsa (ə) səmadan enib o Həzrətlə beyət edib onun qoşununun tərkibində İmama namaz zamanı iqtida edəcəkdir. O Həzrətə köməkçi olmaq arzusunda olan bir qism dünyasını dəyişmiş möminlər “Rəcət” edərək yenidən dirilib öz İmamlarının köməyində duracaqdır. Həzrətin qoşunu on minə yetişdikdə qiyam edərək Məkkəni fəth edib Mədinəyə,oradan da Kufəyə gedərək orada məskən salaraq Kufəni öz hökumətinin paytaxtı qərar verəcəkdir. Oradan da öz qoşunlarını dünyanın müxtəlif yerlərinə göndərəcəkdir.

İmam Zaman (ə)-ın əlamətlərindən biri budur ki, o Həzrətin qoşunu heç bir cəbhədə məğlub olmadan həmişə qələbə qazanacaqdır. İnsanlar Həzrətin ilahi nişanələri və möcüzələrini məntiq və ürəkləri cəlb edən kəlamını köməkçilərinin əxlaqını insaniyyət və mənəviyyatını müşahidə etdikdə heç bir tərəddüd və şübhə etmədən onun qoşununa təslim olacaqlar.

Bununla da dünyanın şərqindən qərbinə qədər hamısı səkkiz gün ərzində o Həzrət tərəfindən fəth ediləcəkdir. Bu döyüşlərdə günü-gündən sayı artan döyüşçü və köməkçilərindən əlavə mələklər də o Həzrətə köməyə gələcəklər. Təbiət qüvvələri və amilləri o Həzrətin əmrinə tabe olacaqdır. Düşmən qoşununun bütün üzvlərini qorxu və vəhşət bürüyərək, onların hər hansı bir əməliyyata başlamalarına mane olacaqdır.

İmam Məhdi(ə) bu döyüşlərdə zalım və qəddərlarla döyüşərək məzlumların intiqamı və haqqını onlardan alacaqdır. Əgər kafirlər və müşriklər öz dediklərindən əl çəkməsələr öldürüləcəklər. Əhli-beyt(ə)-in düşmənləri məhv ediləcəklər. İnsanlar və cinlər vasitəsilə törədilən bütün inhiraf və fəsad amilləri öz cəzalarına çatacaqlar. Haqqı inkar edənlər qətlə yetirilməklə yer üzü başdan-başa İmam Zaman(ə)-ın rəhbərliyi ilə haqq ədalətlə dolacaqdır.

 

Ey böyük Allah!! Ağamızın zühurunu təcil et! 

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment