Əshəb barədə

Bismillahir rəhmanir rəhim

 

Əshəb barədə ümumi məlumat:

1-“Əshəb” saçı sarı və ya qırmızıya çalan ağ dərili şəxs deməkdir.

2-Əshəb Mərvanidir. Yəni onun nəsəbi Bəni-Mərvan qəbiləsinə qayıdır. Bəni-Mərvan isə “Himarul-cəzirə” ləqəbli Mərvan ibn Muhəmməd ibn Mərvan ibn Həkəm ibn As əl-Əməvinin adı ilə bağlıdır.

3-Bəni-Mərvan qəbiləsinin əsli isə Qeys qəbiləsinə qayıdır.

4-Müzər qəbiləsi Əshəblə əməkdaşlıq edəcək və ona qoşulacaq. Müzər Qəbiləsi isə ərəblərin Ədnaniyyə qəbilələrinin anası sayılır. Bu isə o deməkdir ki, Şərqi Suriya və İraq ərəblərindən başqa yerdə qalan bütün ərəblər ona kömək edəcəklər.

5-Hazırda Bəni-Mərvan qəbiləsi mövcuddur və Əshəb onlardan çıxacaq. Bu qəbilə Cəzirə məntəqəsinin qərbində, Hələb yaxınlığında məskunlaşıb.

6-Süfyani Dəməşqdə Əshəbi və onun tərəfdarlarını mühasirə alacaq. Bu zaman o və onun tərəfdarları misli görülməmiş şəkildə döyüşəcəklər.

7-Onun ölümü Süfyaninin Rəcəb ayında çıxışından sonra baş verəcək.

Əshəblə bağlı qeyd olunan bəzi rəvayətlər belədir:

1-İmam Əli (ə)-dan belə nəql olunur: “Qara bayraqlar ixtilaf etdikləri zaman İrəm kəndlərindən olan bir kənddə batma baş verəcək. Onun məscidinin qərb tərəfi uçulacaq. Sonra Şamda üç bayraq çıxacaq: Əshəb, Əbqə, Süfyani. Süfyani Şamdan çıxacaq, Əbqə isə Misirdən çıxacaq. Süfyani onlara qalib gələcək” (Mucəmul-əhadis: c.3/81, hədis 628).

Qeyd: “İrəm kəndlərindən..”, yəni: Dəməşq kəndlərindən biri. Hansı ki, digər hədislərə əsasən adı Hərəstadır.

2-Zi Qəryatdan belə nəql olunur: “Səfər ayında insanlar ixtilafa düşəcəklər. İnsanlar dörd nəfər şəxsin (ətrafında yığışaraq bir-birlərindən) ayrılacaqlar. Birinci şəxs Məkkədə olacaq və o oraya sığınmış olacaq. İki şəxs Şamda olacaq. Onların biri Süfyanidir. Digəri isə Həkəm (ibn As)ın övladlarından olan mavi (gözlü)[1] əshəb bir şəxsdir. (Dördüncü şəxs isə) Misirdə olan zalım bir şəxsdir. Həmin dörd nəfər bunlardır” (Fitən, İbn Həmmad: 172).

3- Kəbdən belə nəql edilir: “İsa (ə) mütləq yerə enəcək. Və onun gəlişindən qabaq mütləq bir sıra əlamət və imtahanlar (fitnələr) baş verəcək. İlk ortaya çıxan və ölkələri ələ keçirən şəxs Əshəb olacaq. O Cəzirə diyarından çıxacaq. Ondan sonra Şamdan Cuhrəmi çıxacaq. Yəməndən isə Qəhtani çıxacaq. Sonra Kəb deyir: Elə ki, bu üç şəxs öz ərazilərində zülm ilə möhkəmləndilər, Süfyani Dəməşqdən çıxacaq” (Mucəmu-əhadisil-Məhdi (ə): c.1/484, hədis 323).

4-Həzrəti Peyğəmbərdən (s) belə nəql olunur: “Türklər və Rumlar bir araya gəldikdə, Dəməşqin bir kəndində batma baş verdikdə və Dəməşq məscidinin qərb tərəfinin bir hissəsi uçulduqda Şamda üç bayraq qalxacaq: Əbqə, Əshəb və Süfyani. Bir nəfər (Əshəb) Dəməşqi mühasirəyə alacaq. O və onunla birgə olanlar öldürüləcəklər. Həmçinin, Əbu Süfyan nəslindən olan iki şəxs ortaya çıxacaq. Zəfər onlardan ikincisinin olacaq. Elə ki Əbqənin qoşunu Misirdən yola düşüb gəldi, Süfyani öz ordusu ilə onlara qalib gələcək. Sonra Süfyani Türklər və Rumlularla Qirqisiyada döyüşəcək və yerin vəhşi heyvanları onların ətləri ilə doyacaq”. (Mucəmul-Əhadis: c.1/329, hədis 214).

5-Əmmar Yasirdən belə nəql olunur: “Rumlular və türklər sizə üstünüzə qalxacaqlar və qoşunlar hazırlanacaq. Pulları toplayıb özündən sonra zəif bir xələf qoyan xəlifəniz öləcək və iki il sonra onun xələfinin beyətindən imtina ediləcək. Bundan sonra onların hakimiyyətləri məhv olub aradan gedəcək. Dəməşq məscidinin qərb tərəfi yerə batacaq. Dəməşqdə üç nəfər qiyam edəcək. Onların hər üçü hakimiyyət tələb edəcəklər. Onların biri “əshəb” bir şəxsdir, digəri “əbqə`” (xallı, çilli) bir şəxsdir, üçüncüsü isə Əbu Süfyanın ailəsindən olan bir şəxsdir…” (Fitən: c.5/ ”bab axar, min alamatil-Məhdi fi xurucih” babı, Qeybəti Tusi: 278).

6-İmam Baqir (ə)-dan belə nəql edilir: “Türklər gəlib Cəzirəyə yerləşəcəklər. Rumlular da Rəmləyə yerləşəcəklər. Həmin il Ərəbistanın hər bir tərəfində ixtilaflar baş verəcək. Həmin ildə Şam əhli üç bayraq ətrafında ixtilaf edəcəklər: Əshəb, Əbqə` və Süfyani. Bəni Zənbil-Himarla (Əshəblə) Müzər qəbiləsi birgə olacaq. Süfyani ilə isə onun Kəlb qəbiləsindən olan dayıları birgə olacaq. Süfyani və  onunla olanlar Bəni-Zənbil-Himara qalib gələcəklər və heç kəsin öldürmədiyi qədər adam öldürəcəklər (və ya: heç kəsin döyüşmədiyi kimi döyüşəcəklər). Bir nəfər Dəməşqi mühasirəyə alacaq. O və onunla olanlar heç kəsin döyüşmədiyi kimi döyüşəcəklər. O Bəni-Zənbil-Himar qəbiləsindəndir..” (Mucəmul-əhadis: c.5/səh.20).

7-“İki ulduzun (Yupiter və Saturn) bir-biri ilə qarşılaşmasından sonra Əshəb zühur edəcək, Qəhtaninin fitnələri başlayacaq.. Süfyani ortaya çıxacaq. Bəni-Abbasın hakimiyyətinin aradan getməsi Süfyaninin əli ilə olacaq. Bundan sonra Məhdinin (ə) xürucu baş verəcək. Sonra ard-arda üç dəfə ay tutulacaq. Məkkə ilə Mədinə arasında batma baş verəcək” (Durrul-Münəzzəm kitabının əlyazma nüsxəsindən).

İmamalmahdisigns.com

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 


[1]  Bu ifadə bəzən düşmənlər üçün işlədilir və “şiddətli düşmənçilik edən şəxs” mənasına gəlir. Müt.

Leave a Comment