Ənfal surəsi, ayə 39

Bismillahir rəhmanir rəhim

 

Qurani-Kərimdə İmam Məhdi (ə)-la əlaqəli olan ayəti-kərimələrdən biri də Ənfal surəsinin 39-cu ayəsidir:

Onlarla (müşriklərlə) fitnə aradan gedənə və din tamamilə Allaha məxsus olana qədər vuruşun”.

Muhəmməd ibn Yaqub (r.ə) öz isnadı ilə İmam Baqir (ə)-dan belə nəql edir: Bu ayənin təvili hələ gəlməmişdir. Allah Rəsulu (s) özünün və səhabələrinin hacətinə (məsləhətinə) görə müşriklərə ixtiyar vermişdi. Bu ayənin təvili gəldiyi zaman isə onlardan (tövbə və ya cizyə) qəbul olunmayacaq. Onlar izzət və cəlal sahibi olan Allaha etiqad edib müvəhhid olanadək və şirk aradan gedənədək öldürəcəklər” (Kafi: c.8/201).

Şeyx Əyyaşi (r.ə) öz isnadı ilə İmam Baqir (ə)-dan bu ayə barədə belə buyurduğunu nəql edir: Bu ayənin təvili hələ gəlməmişdir. Bizim Qaimimiz (ə) qiyam etdiyi zaman həmin dövrdə yaşayan kəslər bu ayənin təvilinin gəldiyini görəcəklər. O zaman Muhəmmədin (s) dininin (vəziyyəti) gecənin (vəziyyəti kimi) olacaq və Allahın da buyurduğu kimi, yer üzündə heç bir şirk qalmayacaq (Təfsirul-Əyyaşi: c.2/50).

“Əl-Məhəccə” kitabında sonuncu ibarənin izahı barədə deyilir: “Cümlədən məqsəd bu ola bilər ki, bu sözlə o nəzərdə tutulub ki, gecənin bir sonu vardır və gündüzün gəlməsi ilə bu baş verir. Bunun nəticəsində gecənin zülməti və qaranlığı aradan gedir və əvəzinə gündüzün nuru və aydınlığı gəlir. Eləcə də həzrəti Peyğəmbərin (s) dini bu şəkildədir. Bu din də Qaim (ə) qiyam edənədək zülmətlər və batillərlə qarışmış bir vəziyyətdə olacaq. Lakin o həzrətin zühur etməsi ilə zülmətlər aradan gedəcək və din öz həqiqi siması ilə aşkar olacaq”.

Həmçinin, Şeyx Əyyaşi öz isnadı ilə İmam Baqir (ə)-ın belə buyurduğunu nəql edir: …Sonra Qaim (ə) Kufəyə qayıdacaq. Bundan sonra üç yüz on neçə nəfər şəxsi dünyanın hər bir yerinə göndərəcək. Onların çiyinlərinin arasına (kürəklərinə) və sinələrinə əlini çəkəcək və beləcə onlar heç bir qəzavət işində çətinlik çəkməyəcəklər. Bundan sonra yer üzündə elə bir yer qalmayacaq ki, orada “Əşhədu ən la ilahə illallahu vəhdəhu la şərikə ləh və ənnə Muhəmmədən (s) rəsulullah” nidası səslənməmiş olsun. Bu barədə Allah-təala buyurur: “Göylərdə və yerdə olanlar istəsələr də istəməsələr də (məhz) Ona təslim olmuşlar və Ona tərəf qayıdacaqlar”. Bu işin Sahibi (ə) Allah Rəsulu (s) kimi cizyə qəbul etməyəcək. Bu barədə Allahu-təala buyurur: “Onlarla (müşriklərlə) fitnə aradan gedənə və din tamamilə Allaha məxsus olana qədər vuruşun”.

Sonra Əbu Cəfər (ə) buyurdu: Allaha and olsun ki, onlarla Allahı yeganə bilib Ona şərik qoşmayana qədər döyüşüləcək. Bundan sonra vəziyyət belə olacaq ki, hətta qoca və zəif bir qarı şərqdən çıxıb qərbə getmək istəyəcək və heç kəs ona mane olmayacaq. Allah yerdən toxumları çıxaracaq (cücərdib böyüdəcək), səmanın yağışını tökəcək…”. (Təfsirul-Əyyaşi: c.2/60-61)

 

“əl-Məhəccə fima nuzəl fil-Qaimil-Huccə (ə)”, Seyyid Haşim Bəhrani

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment