Bismillahir rəhmanir rəhim
1-İmam Sadiq (ə)-ın “Yoxsa Rəbbinin nişanələrindən birinin gəlməsini gözləyirlər? Rəbbinin nişanələrində biri gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır” (Ənam surəsi, 158) ayəsinin təfsirində belə buyurduğu nəql olunmuşdur:
“Nişanələr imamlardırlar (ə). Gözlənilən nişanə isə Qaimdir (ə). O (gəldiyi) gün o qılıncla qiyam etməmişdən öncədən (onun gəlişinə) iman gətirməmiş kəslərə iman gətirmələri fayda verməyəcək. Hətta ondan öncəki ata-babalarına (ə) iman gətirmiş olsalar belə”(Kəmalud-din: 2/336).
Hədisi-şəriflərə əsasən, İmamların (ə) birini inkar etmək bütün imamları inkar etmək sayılır. Bu səbəbdən də həzrəti Məhdi (ə)-ı inkar edib onun pak ata-babalarını (ə) qəbul edən kəslərin imanları onlara bir fayda verməyəcək. Belə şəxslərin məsəli həzrəti Muhəmmədi (s.ə.a.s) inkar edən, lakin onda öncəki peyğəmbərlərə (ə) iman gətirən şəxslərin məsəli kimidir:
İmam Sadiq (ə) buyurur: “Hər kim sağ olan (imam)lardan birini inkar edərsə ölənləri inkar etmişdir” (Kəmalud-din: 411).
Həmçinin, buyurur: “Hər kim mənim ata-babalarımdan və övladlarımdan olan İmamları (ə) təsdiq edər, lakin mənim övladlarımdan olan Məhdini inkar edərsə, elə bil bütün Peyğəmbərləri (ə) təsdiq edib Muhəmməd (s.ə.a.s)-i inkar etmişdir!” (Kəmalud-din: 411).
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.