Ən təəccüblü iman sahibləri

Bismillahir rəhmanir rəhim

 Allah Rəsulu (s) – “Müstədrəkül-vəsail” kitabında nəql edilənə əsasən – təqribən min dörd yüz il bundan öncə səhabələrinə sual edərək soruşur: “Ən təəccüblü iman hansıdır?

Səhabələr dedilər: “Mələklərin imanı”. Buyurdu (s): “Bunun harası təəccüblüdür ki?! Bir halda ki, onlara vəhy nazil olur”. Dedilər: “Bizim imanımız”. Buyurdu (s): “Bunun harası təccüblüdür ki?! Bir halda ki, siz məni görürsünüz”. Dedilər: “Bəs onda bu (təccüb ediləsi iman) hansı imandır?” Buyurdu: “Axirəzzəmanda ağ (vərəqlər) üzərindəki qara (yazılara) iman gətirən kəslərin imanı”.

Hakimin “Müstədrək”də nəql etdiyi digər bir hədisdə isə gəlmişdir ki, Allah Rəsulu (s) buyurur: “Heç bilirsiniz hansı iman sahiblərinin imanı ən üstün imandır?”. Dedilər: “Ya Rəsulallah, mələklərin”. Buyurdu: “Düzdür onların imanı üstündür və bu onların haqqıdır, onu inkar eləmək olmaz; Allah onları yetişdirdiyi məqama yetişdirmişdir. Amma onlar deyillər”. Dedilər: “Ya Rəsulallah, peyğəmbərlərin. O kəslərin ki, Allahu-təala onları nübuvvət və risalət ilə kəramətli etmişdir”. Buyurdu (s): “Düzdür onların imanı üstündür və bu onların haqqıdır, onu inkar eləmək olmaz; Allah onları yetişdirdiyi məqama yetişdirmişdir. Amma onlar deyillər”. Dedilər: “Bəs kimdir onlar, ey Allahın Peyğəmbəri (s)?”. Buyurdu: “(Onlar indi) kişilərin sülblərində olan və daha sonralar gələcək qövmlərdirlər. Onlar məni görməyə-görməyə mənə iman gətirərlər. (Onlar yalnız) yazılı vərəqlər görərlər və orada yazılanlara əməl edərlər. Bu şəxslər iman gətirənlər içərisində ən üstün imana sahib olan şəxslərdirlər”.

Hədisdən belə aydın olur ki, bu şəxslərin imanlarının təəccüblü iman hesab edilməsinin səbəbi, onların Allah Rəsulundan (s) çatan hədis və kəlamları o həzrətin (s) özünü gördükdən və ya onun yanında olduqdan sonra deyil, yazı və kitablar üzərindən təsdiq etmələridir. Daha da təəccüblü olan budur ki, bu şəxslər nəinki öz Peyğəmbərlərini (s) itirmişlər, hələ üstəlik imamları (ə.f) da onlardan gizli qalmışdır. Lakin bununla belə, Peyəmbər (s) və Əhli-beytindən (ə) onlara gəlib çatanlara iman gətirmiş, bunlara yəqin etmiş və təsdiqləmişlər. Buna Allah Rəsulu (s) Əmirəl-möminin (ə)-a buyurduğu bu kəlamda işarə etmişdir: “Ey Əli.. bil ki, insanların imanca ən heyrətlisi və ən çox yəqinə sahib olanı axirəzzəmanda olacaq bir qövmdür. Onlar peyğəmbəri (s) görməmişlər və imamları da onlardan gizli qalmışdır. Onlar ağ (vərəqlər) üzərindəki qara (yazılara) iman gətirmişlər..”. 

İmamlarının (ə.f) onlardan gizli qalmasına rəğmən, bu şəxslərin imanları  İmamın (ə.f) zamanında hazır olan kəslərin imanından daha güclüdür. Bu isə yalnız o zaman mümkün olur ki, (imamlarının) qeybəti onlar üçün aşkarlıq kimi olsun. Belə olunca onlar bütün zamanların ən üstün insanları olmuş olurlar. İmam Zeynəlabidin (ə)-dan rəvayət edilir ki, buyurur: “Onun (ə.f) qeybə çəkildiyi zamanda yaşayıb onun (ə.f) imamətinə etiqad edənlər və onun (ə.f) zühurunu gözləyənlər bütün dövrlərdəki insanlardan üstündürlər! Çünki Allahu-təala onlara elə bir ağıl, düşüncə və mərifət vermişdir ki, bununla qeybət onlar üçün aşkarlıq kimi olmuşdur. O zəmanədə Allah onları qılıncla Allah Rəsulunun (s) önündə vuruşan mücahidlər kimi etmişdir. Onlar həqiqətən müxlis şəxslər, doğrudan da bizim şiələrimizdirlər və onlar aşkarda və gizlində Allaha tərəf çağıran kəslərdirlər”.

Bunlar elə şəxslərdirlər ki, Allah onlardan əhd almış, qəlblərinə iman yazmış və özündən olan ruhla onları möhkəmlətmişdir. Bunu Şeyx Kuleyni (r.ə) “Kafi”də İmam Sadiq (ə)-dan nəql etmişdir: “Bu işin sahibi sizlərdən gizli qalacaq… Nəhayət bəziləri deyəcək ki, “o ölüb” ya “həlak olub” və ya “hansı dərədədir? Gəmi dənizin dalğaları arasında yırğalandığı kimi sizlər də yırğalanacaqsınız. Yalnız Allahın əhd aldığı, qəlbinə iman yazdığı və özündən olan ruhla gücləndirdiyi şəxslər nicat tapacaqlar”.

Nur əs-Saidi, “Sada a-Mahdi” jurnalının mübarək Ramazan ayı, 1434-cü il tarixli buraxılışından tərcümə

Leave a Comment