Əmmar Yasir

Bismillahir rəhmanir rəhim

 

“NƏHY ƏZ MÜNKƏR”− PISLIYIN QADAĞA SƏNGƏRINDƏ
Peyğəmbərdən (s) sonra İslam hakimiyyətini öhdəsinə götürmüş bəzi şəxslərin beytül-maldan, İslam büdcəsindən sui-istifadə etməsinə tarix şahiddir. Hakimiyyət kürsüsündə oturanların çoxları yetərincə təqvalı olmadığından şeytana aldanaraq, beytül-malı şəxsi malı kimi öz yaxınlarının ehtiyacına sərf edərdilər.
Üçüncü xəlifə Osmanın dövründə İslam dövləti əsasən Əməvilər tərəfindən idarə olunduğu vaxt bu məsələ özünü daha da qabarıq nəzərə çarpdırdı. Həmin dövrdə imanlı və qeyrətli müsəlmanlar hakimiyyətin iqtisadi fəsadlarına qarşı mübarizə aparır, etirazlarını bildirirdilər. Dövlətin iqtisadi siyasətini tənqid edənlərdən biri də Əmmar Yasir idi.
Üməyyə ailəsinin hərəkətlərini sərt tənqid edən Əmmar xilafət başçılarının qəzəbinə tuş gəldi. Onu etirazlarına görə incitdilər, işkəncə verdilər, zindana saldılar, təhqir etdilər. Əmmar öz rəftarını dini bir vəzifə bildiyindən sorağına gəlmiş əziyyətləri də həvəslə qarşılayırdı. O tutduğu yolun ağır əzab-əziyyətləri müqabilində deyirdi: “Nə olur olsun, Allaha həmd oxuyuram. Allah yolunda birinci dəfə deyil ki, işkəncə görürəm.”[“Əl-ğədir”, c. 9, s. 16 ]
Əmmar xilafət və qanunsuz şura məsələsinə qarışdıqda onunla sərt rəftar edib dedilər: “Sənin bu işə qarışmağa haqqın yoxdur.” Əmmar isə belə cavab verdi: “Əlhəmdulilah! Haqq tərəfdarları daim məzlum olmuşlar!”[“Əyanüş-şiə”, c. 8, s. 374 ]
Əmmarın şücaətinin sübutu üçün təkcə bunu demək kifayətdir ki, müsəlmanların hökumət məmurlarından yazdığı şikayət məktubunu Əmmar tək-tənha aparıb xəlifəyə çatdırdı. Bu görüşdə iştirak edən Mərvanın təhriki ilə elə oradaca Əmmarı kötəkləyib, haldan saldılar və huşsuz halda bayıra atdılar. Müsəlmanlar Əmmarı ayağa qaldırıb apardılar.[“Əl-ğədir”, c. 9, s. 16 ]
Əmmarın iti dili, şücaətli qəlbi və nüfuzlu imanı vardı. O öz dini vəzifəsini yerinə yetirərkən heç bir sazişə getməz və süstlük göstərməzdi. Əmmar etiraz edənlərin natiqi, fəryad çəkənlərin səsi, Həzrət Əlinin (ə) yoluna inananların öncülü idi.
Bütün bu səbəblərdən Əmmar üçün cinayətkar məsulların əməllərinə dözmək çətin gəlirdi. Onu da dəfələrlə böyük səhabə Əbuzər Qəffari kimi sürgün etmək istəmişdilər. Amma xalqın rəyi və həmpeyman olduğu qəbilənin himayəsi bu işə mane olurdu. Cinayətkar hakimiyyət Əmmarın tənqidlərindən yaxa qurtarmaq üçün yol tapa bilmirdi.

 

ƏMMAR YASIR, HAQLA BATILIN MEYARI

Əlbəttə ki, insanlar haqq tərəzisinə qoyulmalı, onların şəxsiyyəti həqiqətə əsasən dəyərləndirilməlidir. Amma bəzən insan özü elə bir iman, ixlas, təqva həddinə çatır ki, haqq ölçüsü, haqq nümunəsi, haqq nişanəsi olur. Bəzən həqiqəti tanımaq üçün insanı ölçü götürmək lazım gəlir. Bəzi insanların əməlinə, danışığına və mövqeyinə əsasən həqiqəti tanımaq olur.
Əmmar da haqla batilin ölçüsü olmuş çöhrələrdən sayılır. Bu üsul həzrət Məhəmmədin (s) tərəfdarları arasında məşhur bir üsul idi. Onların qarşısına bir çətinlik çıxdıqda deyərdilər: “Baxın görün Əmmar Yasir necə hərəkət edir, hansı yolu seçir?” Nümunə üçün aşağıdakı hallara nəzər salaq:
1. Bir kişi Əbdüllah ibn Məsuddan soruşdular: “Əgər qarşıya bir fitnə çıxsa, haqqı tanımaq üçün nə edim?”
İbn Məsud deyir: “Qurana müraciət et.” Kişi yenə soruşur: “Əgər hər iki müxalif dəstə Qurana müraciət edib dəlillər göstərsələr necə?” İbn Məsud deyir: “Bax gör Əmmar Yasir hansı dəstədədir, sən də həmin dəstəyə qoşul, çünki Əmmar daim haqlıdır.”[“Əl-irtiyab”, c. 2, s. 480 ]
2. Hüzeyfə Yəmani – bu bəsirətli və münafiq tanıyan insan dostlarına tövsiyyə edir ki, heç vaxt Əmmarın əksinə hərəkət etməsinlər. Çünki Əmmar ölümünədək haqdan ayrılmaz və haqq hardadırsa, Əmmar da onunladır.”[Həmin mənbə ]
3. Siffeyn döyüşündə də Əmmar haqla batil ölçüsü oldu. O haraya üz tuturdusa Peyğəmbər (s) səhabələri onun ardınca gedirdilər.
4. Bəzi səhabələr Peyğəmbərin Əmmarın şəhadəti barədəki buyuruğunu əsas götürərək, o şəhid olanadək vuruşdan çəkindilər. Onlar yalnız Əmmarın şəhadəti ilə haqq cəbhəsini tanıya bildilər.
Əmmar Yasirin həqiqət ölçüsü olması həzrət Peyğəmbərin (s) buyuruğuna əsaslanır. Həzrət (s) buyurmuşdur: “Əmmar haqla, haqq isə Əmmarla olur. Haqq hansı tərəfə dönsə, Əmmar da həmin tərəfə dönər.”[Tənqihul-məqal”, c. 2, s. 321 ]

 

Əmmar Yasirin həyatı , Cəvad Mühəddisi  

Leave a Comment