Bismillahir rəhmanir rəhim
Görəsən doğrudurmu ki, əməllər hər həftənin dördüncü və birinci günləri İmam Məhdi (ə)-a təqdim edilir?
Cavab: Bəli, doğrudur. Bu barədə çoxlu hədis nəql olunmuşdur. “Məcməul-Bəyan” təfsirində “De: əməl edin. Allah, Onun Rəsulu və möminlər əməlinizi görəcəklər” ayəsinin izahında belə deyilir:
“Əshabımız belə nəql etmişlər ki, hər birinci və dördüncü günlər ümmətin əməlləri Allah Rəsuluna (s) təqdim olunur və o həzrət əməllərdən xəbərdar olur. Həmçinin, hidayət İmamlarına (ə) da təqdim olunur və onlar da xəbərdar olurlar. Ayədəki “möminlər”-dən məna onlardır”(Məcməul-Bəyan: c.6/135). Həmçinin “Bəsairud-Dərəcat” kitabında Əba Əbdillah (ə)-dan belə nəql olunur: “Hər dördüncü gün əməllər Allah Rəsuluna (s) və İmamlara (ə) təqdim edilir” (Bəsairud-Dərəcat: c.9/426, bab 4, hədis 16).
Həmçinin, Yunis, Əbul-Həsən (ə)-dan belə nəql edir: “Həzrətin dördüncü gündən danışan zaman belə buyurduğunu eşitdim: O elə bir gündür ki, həm gün əməllər Allaha, Onun Rəsuluna və İmamlara (ə) təqdim edilir” (Bəsairud-Dərəcat: c.9/428, bab 5, hədis 9).
Habelə, Abdullah ibn Əbanın belə dediyi nəql olunur: “Rza (ə) dedim: Mənim üçün və dostlarınız (şiələriniz) üçün dua edin.. Buyurdu: Allaha and olsun hər dördüncü gün sizin əməlləriniz mənə təqdim olunur” (Bəsairud-Dərəcat: c.9/430, hədis 8).
Seyyid ibn Tavus (r.ə) “Cəmalul-Usbu” əsərində belə nəql edir: “Birinci günün mühüm xüsusiyyətlərindən biri də budur ki, bu gündə əməllər Allaha, Onun Rəsuluna və seçdiyi şəxslərə (imamlara) (ə) təqdim olunur” (Cəmalul-Usbu: səh.172).
Bir sözlə desək, müstəfiz rəvayətlərdə gəlmişdir ki, birinci və dördüncü günlər əməllərin təqdim edildiyi günlərdir. Şeyx Tusinin (r.ə) rəvayətinə əsasən: “İlk öncə əməl İmam Höccət (ə)-a, sonra bir-bir digər imamlara (ə), sonra Allah Rəsuluna (s), sonra isə Allahu-təalaya təqdim edilir” (Qeybəti-Tusi: səh.387, hədis 351).
Əba Əbdillah (ə)-dan belə nəql edilir: “Allah bir işi (aşkar) etmək istədiyi zaman onu Allah Rəsuluna (s), sonra Əmirəl-möminin (ə)-a, sonra bir-bir digər İmamlara (ə) və nəhayət Sahibəz-Zəman (ə)-a təqdim edir və bundan sonra həmin işi dünyaya çıxarır. Mələklər də hansısa bir əməli Allaha (ə.c) aparmaq istədikləri zaman onu Sahibəz-Zəman (ə)-a, ondan sonra bir-bir digər İmamlara (ə), sonra Allah Rəsuluna (s) sonra da Allaha (ə.c) təqdim edirlər..” (Müstədrəkül-Vəsail: c.12/səh.164, hədis 15).
“Keyfə tusbihu min əshabil-İmam”, 5-ci cild
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.