Əhməd İsmayıl ardıcılları ilə dialoq

Bismilləhir Rahmənir Rahim

Şeyx Əli Kurani özünün “Bəsrə dəccalı” adlı kitabında yalançı məhdəviyyət iddiaçısı Əhməd İsmayıl əl-Bəsrinin onun yanına göndərdiyi elçilərlə öz arasında keçən bir dialoqu nəql edərək yazır:

Əhməd İsmayılın göndərdiyi adam məni öz imamına iman gətirməyə təşviq edərək dedi:

-Qurana inanmırsan?

Dedim:

-Niyə, inanıram.

Dedi:

-Onda istixarə et, Quranı aç və qarşına çıxan ayəyə bax. Əgər istixarə yaxşı olsa, onda istixarəyə əməl et, əgər olmasa, onda heç!

Həmin vaxt hörmətli və fəzilətli şəxslərdən biri də məclisdə idi. Həmin şəxs o adama dedi:

-Sən evlisən?

Dedi:

-Bəli.

Dedi:

-Dostun da evlidir? (İki nəfər idilər).

Dedi:

-Xeyr.

O möhtərəm şəxs qalxıb Quranı götürdü. Quranı həmin adama təqdim edib dedi:

-Bu, Qurandır. Al, götür. Arvadını boşayıb onu bu qardaşınla evləndirmək barəsində Allaha istixarə elə!

Bunu deyən kimi həmin şəxs – adı Saleh idi –pərt olub, mat-məəttəl qaldı, nə deyəcəyini bilmədi. Həmin şeyx ona dedi:

-Nolub, Qurana inanmırsan?! Götür Quranı və istixarə et.

Lakin, o, qəbul etmədi. Bu zaman şeyx ona dedi:

-Sən öz arvadına talaq vermək üçün istixarə etmirsən, amma filankəsdən istəyirsən ki, dinini dəyişdirmək üçün istixarə etsin?!

Bu vaxt mən həmin göndərilən adama dedim:

-Dediyim sözləri yaxşı dinlə. İstixarənin mənası budur ki, sən iki mübah iş arasında qərarsız qalırsan və bilmirsən ki, bu işdən hansı biri daha məsləhətlidir. Bu zaman Allah-taalanı çağırıb Quranı açırsan və beləcə qarşına çıxan ayədəki əmr və ya qadağaya əsasən hərəkət edirsən. Bütün bunlar məhz qərarsız qaldığın iş mübah iş olduğu zaman üçün keçərlidir. Lakin əgər qərarsız qaldığın iş vacib və ya haram bir iş olarsa, onda bu məqamda istixarə etmək batildir. Çünki, Allah-taala belə yerlərdə (haram və halal yerlərində) necə davranmalı olduğunu sənə bəyan edib: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, açıq-aydın azmışdır!” (Əhzab surəsi, 36-cı ayə). Hansı məsələdə ki, Allah-taala bir işi hökm etmişdir, həmin məsələdə seçim, ixtiyar və ya istixarə yoxdur.

Bütün bu deyilənlər əməllərə nisbətdə belədir. Etiqadlara gəlincə isə, burada istixarənin yerli-dibli heç bir rolu yoxdur. Çünki Allah-taala etiqadları bəyan etmiş, ağıl vasitəsilə sübuta yetən etiqadları vacib edərək sübuta yetməyənləri qadağan etmişdir. Hətta, etiqadlar mövzusunda istixarənin bir mənası da yoxdur! Çünki istixarə bu anlama gəlir ki, ortada iki seçim var və sən bu iki seçimdən birini yerinə yetirməkdə ixtiyar sahibisən. İstəsən birinci seçimə əməl edərsən, istəsən ikinciyə. Halbuki, etiqadlar sahəsində belə bir şey əsla düşünülə bilməz. Çünki insan etiqadlar sahəsində bir şeyin batilliyinə və ya haqq olmasına etiqad etməkdə ixtiyar sahibi deyildir. Necə ola bilər ki, insan bir şeyin haqq, yaxud batil olmasına etiqad etməkdə ixtiyar sahibi olsun?!

Sən məndən Əhməd İsmayıla tabe olmaq üçün istixarə etməyimi istədin. Bu o mənaya gəlir ki, mən ona tabe olub-olmamaqda ixtiyar sahibiyəm. Çünki istixarənin hər iki tərəfi caizdir. Bunu qəbul edirsən?

Əgər desən ki, qəbul edirəm, onda mən deyirəm ki, mən ixtiyar sahibiyəm və sənin imamını seçmirəm. Yox əgər desən ki, “xeyr, qəbul etmirəm, çünki, istixarə daim ona tabe olmağı bildirir”, onda da bu möcüzə sayılacaq. Əgər məsələ bu ikinci dediyin kimidirsə, onda buyur buna cavab ver:

Bu məclisdə on nəfər adam var. Elə indi dua edərək gedib Quranı açırıq. Əgər birimizin istixarəsində qadağa, xəbərdarlıq və ya cəhənnəm və əzab vədəsi verən bir ayə çıxsa, biləcəyik ki, Əhməd İsmayıl batildir. Bunu qəbul edir və razılaşırsan?

Dedi:

-Xeyr!

Bu zaman məclisdəkilərdən biri dedi:

-Əhməd İsmayılın fırıldaqçı şeytan olması üzərinə istixarə etməyə nə deyirsən? Əgər ayə yaxşı çıxsa, qəbul edəcəksən?

Dedi:

-Xeyr.

Məclisdəkilərdən biri dedi:

-Necə düşünürsən, görəsən, bir insanın peyğəmbər və ya Allah olub-olmaması barədə də istixarə etmək olar?

Həmin şəxs dedi:

-Xeyr, bu məsələlərdə istixarə yoxdur.

Bu zaman ona deyildi:

-Elə isə sübuta yetir ki, siz istixarədən nəfsi istəklərinizə görə istifadə edirsiniz. Harada işinizə yaradı və camaatı aldatmaq asan oldu, orada istixarəni təsdiq edirsiniz, harda ki, işinizə yaramadı və camaata kələk gələ bilmədiniz, orada  istixarəni rədd edirsiniz!

“Dəccalul-Basra”, Şeyx Əli əl-Kurani (əl-Kəvrani)

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

1 thought on “Əhməd İsmayıl ardıcılları ilə dialoq”

Leave a Comment