Bismilləhir-rahmənir-rahim
Əhməd İsmayıl əl-Quveyti (كويطع) İraqın Bəsrə əyalətinin tabeçiliyində olan Mideynə qəzasının Huveyr məntəqəsinin Həmbuşi kəndindəndir. Kasıb bir ailədəndir. Ailəsi Bənis-Suleymi qəbiləsinə aid olduqlarını iddia edirlər.
Onun yaşı nisbətə azdır. Demək olar ki, Ziya Qər`avi (özünün Məhdi olduğunu iddia etmişdir – müt.) və Heydər Muşəttitlə (özünün hədislərdə gələn Qəhtani olduğunu, daha sonra isə Yəmani olduğunu iddia etmişdir – müt.) həmyaşıddır. 1998-ci ildə Bəsərdə inşaat mühəndisliyi fakultəsini bitirmişdir. Lakin, mühəndislik etməmiş, əvəzində Nəcəfə getmişdir. Lakin Nəcəfdə də dini təhsil almamışdır. Əvəzində Heydər Müşəttit, Qər`avi və onlar kimi özlərini Seyyid Muhəmmədsadiq əs-Sədrin (r.ə) xüsusi tələbələri kimi qələmə verən şəxslərlə yoldaşlıq etmişdir.
Qər`avinin yoldaşları Əhməd İsmayılın həmin dövlərdə Səddamın kəşfiyyat orqanlarında, hövzə işləri ilə əlaqədar şöbədə əsgər olduğunu etiraf etmişlər. Əhməd İsmayılın ağılsız hərəkətlərindən biri də budur ki, o özü-özünü rüsvay etmişdir. Belə ki, özünün kəşfiyyat orqanının adamı olduğunu etiraf etmişdir!
O, özünün kəramət sahibi olduğunu isbat etməkdən ötrü “Kəramətlər və qeybi xəbərlər” adlı bir kitab çıxarmışdır. Kitabın 27-ci səhifəsində Əhməd İsmayılın Seyyid Muhəmmədsadiq Sədrin ölümünü bir neçə ay qabaqdan xəbər verdiyi bildirilir. Sonra deyilir ki, Ayətullah Sədrin öldüyü gün – cümə günündə Əhməd İsmayıl onun öləcəyini bir daha yaxın adamlarına bildirib. Lakin əsr vaxtına qədər heç bir şey baş verməyib. Kitabda deyilir: “Bu zaman tələbələr Seyyid Əhməd Həsəndən (Əhməd İsmayıldan – müt.) “Harada qaldı sənin dediyin qətl?”, – deyə soruşmağa başladılar. Seyyid də onlara: “İnşallah, xeyirdir”, – deyirdi. Beləcə Seyyid Allahın ona xəbər verdiyi şeyi gözləməyə başladı. Gün uzun idi. Nəhayət gecə oldu. Bu zaman Allahın ona xəbər verdiyi şey baş verdi” !!
Əgər iddia etdikləri kimi, Allah bu hadisəni ona xəbər vermişdisə, bəs nə üçün gedib ustadı və ağasını bundan xəbərdar etmədi?! Nə üçün ona ehtiyatını alsın deyə xəbər vermədi?!
Təkcə bu söz ağıl sahibləri üçün kifayət edər. Təkcə bu söz onun kəşfiyyat orqanının adamlarından olmasını sübuta yetirir.
“Bəsrə dəccalı”, Şeyx Əli Kurani (Kəvrani)
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.