Əhli-Sünnə nəzərində Hz.Məhdinin (ə.f) viladəti

Bismillahir Rəhmanir Rəhim

Məlum olduğu kimi, şiə məktəbinin etiqadına əsasən, həzrəti Məhdi (ə) artıq 255-ci hicri ilində dünyaya gəlmişdir. Lakin müxalif əqidədən olan bəzi qərəzli şəxslər və tarixçilər bu məsələnin əsassız olduğunu isbat etmək üçün bir sıra yollara əl atmışlar. Bunlardan biri də İmam Həsən Əsgəri (ə) vəfat edən zaman onun heç bir övladının olmaması fikridir. Onlara görə nəinki İmam Əsgəri (ə)-ın övladı gözlənilən Məhdi deyil, hətta həzrətin ümumiyyətlə övladı belə olmayıb! Lakin bu cılız dəstənin müqabilində bu iddianı inkar edən və həqiqəti olduğu kimi çatdıran insaflı şəxslər də olmuşdur. Bizlər ixtisara riayət edərək “Əl-Ğeybə vəl-intizar” kitabında qeyd olunan belə alimlərdən bir qisminin adlarını sadalayır və onların İmam Məhdinin (ə) doğulması ilə bağlı etdikləri etirafları sənədləri ilə birgə sizlərə təqdim edirik. “Əl-Ğeybə vəl-intizar” “əhli-sünnə” məzhəbli belə alimlərdən 29-nun adı qeyd edilsə də bizlər onlardan sadəcə 10 nəfərinin adını göstərməklə kifayətlənirik:

 (Qeyd: İmam Məhdinin (ə.f) künyəsi “Əbul-Qasim”, İmam Həsən Əsgəri (ə)-ın künyəsi isə “Əbu Muhəmməd”dir.)

 1-İbn Həcər Heysəmi “Səvaiqul-muhriqə”də İmamın (ə.f) tərcümeyi-halında deyir:

Əbul-Qasim Muhəmməd əl-Huccət (yəni, İmam Məhdi (ə.f)): Atası vəfat edərkən beş yaşı olmuşdur. Lakin Allah bu yaşda ona hikmət vermişdir və o “Qaim əl-Müntəzər” adlandırılmışdır”. (“Səvaiqul-muhriqə”, 208)

2-İbn Xəllikan “Vəfəyatul-ə`yan” əsərində İmam Həsən Əsgəri (ə)-ın tərcümeyi-halını şərh edərkən deyir:

Əbu Muhəmməd Həsən ibn Əli ibn Muhəmməd ibn Əli ibn Musa ibn Riza ibn Cəfər Sadiq ibn Muhəmməd Baqir ibn Əli Zeynul-abidin ibn Hüseyn ibn Əli ibn Əbi Talib – Allah onlardan razı olsun. İmamiyyə məzhəbinin etiqadına əsasən on iki imamdan biridir. O Sərdab sahibi olan Müntəzərin (İmam Məhdinin (ə)) atasıdır. Əsgəri adı ilə tanınmışdır, atası Əli (Hadi) də həmçinin bu nisbə ilə tanınıb”. (“Vəfəyatul-ə`yan”, 1/238)

3-İbn Şihnə əl-Hənəfi.

Onun 1303-cü ildə Misirdə “Əl-Əzhəriyyə” mətbəəsində çapdan çıxmış və “Murucuz-zəhəb”in haşiyəsində dərc olunmuş “Rəvzətul-mənazir fi əxbaril-əvail” adlı tarix kitabında 1-ci cild, səh.294-də deyilir:

Bu Həsənin – yəni, İmam Əsgərinin (ə) – övladı (imamların) on ikincisi olan Müntəzərdir. Ona Məhdi, Qaim və Huccət Muhəmməd deyirlər. O, iki yüz əlli beşinci ildə doğulub”. (“Muntəxəbul-əsər”, 427)

4-İbn Səbbağ əl-Maliki.

855-ci h. ilində fəvat etmişdir. “Fusulul-muhimmə” əsərinin “Əbul-Qasim Muhəmməd əl-Huccət əl-Xələf ibn Əbi Muhəmməd Həsən əl-Xalis” adlı 12-ci fəslində deyir: “İrşad”ın sahibi (Şeyx Müfid) dedi..: “İmam Əbu Muhəmməddən sonra imam, onun oğlu Muhəmməddir. Atasının ondan başqa (İmam Məhdidən (ə.f) başqa) övladı olmamışdır. Atası onu şəhərdə hamıdan gizlədir qoruyurdu. Atası vəfat edərkən onun beş yaşı var idi..” .

Əbul-Qasim Muhəmməd əl-Huccət ibnil-Həsənil-Xalis (Əsgəri) hicri iki yüz əlli beşinci ilin Şəban ayının yarısının gecəsində “Surrə-mən-raa”da (Samirrada) doğulmuşdur. Ata və ana tərəfdən nəsəbinə gəlincə, o:  Əbul-Qasim Muhəmməd əl-Huccət ibnil-Həsənil-Xalis ibn Əli əl-Hadi ibn Muhəmməd əl-Cəvad ibn Əli ər-Rıza ibn Musa əl-Kazim ibn Cəfər əs-Sadiq ibn Muhəmməd əl-Baqir ibn Əli Zeynul-abidin ibn Hüseyn ibn Əli ibn Əbi Talibdir – Allahın salam və rəhməti olsun hamısının üzərinə.

Anasına gəlincə isə, ona “kənizlərin ən xeyirlisi olan Nərcis” deyirlər. Deyilənə görə onun əsl adı başqadır.

Onun (İmam Məhdinin (ə.f)) künyəsi isə Əbul-Qasimdir. Ləqəbi Huccət, Məhdi, Xələfus-Saleh, Qaimul-Muntəzər və Sahibəz-zəmandır. Lakin bunların ən məşhuru Məhdi ləqəbidir”. (“Fusulul-muhimmə”, İbn Səbbağ Maliki, s.287)  

Qeyd: Həzrəti İmam Həsən Əsgəri (ə) üçün deyilən “Xalis” ləqəbi məhz əhli-sünnə məzhəbi ardıcılları tərəfdən o həzrətə verilmiş ləqəbdir. Az sonra qeyd ediləcək alimlərin sözlərində digər imamlar üçün də bu növ ləqəblər verildinin şahidi oluruq.

5-Əbu Salim Kəmaləddin Muhəmməd ibn Təlhə ibn Muhəmməd əş-Şafei.

“Mətalibus-suul”da deyir:

Əbul-Qasim Məhdi əl-Huccət əl-Xələfus-Saleh əl-Muntəzər Muhəmməd ibn Həsən əl-Xalis ibn Əli əl-Mütəvəkkil ibn Muhəmməd əl-Qane ibn Əli ər-Rıza ibn Musa əl-Kazim ibn Cəfər əs-Sadiq ibn Muhəmməd əl-Baqir ibn Əli Zeynul-abidin ibn Hüseyn əz-Zəki ibn Əliyyinil-Mürtəza ibn Əbi Talib – əleyhimus-səlam və rəhmətuhu və bərəkatuh.”

Daha sonra həzrəti İmam (ə.f) barədə bir şeir qeyd etdikdən sonra deyir:

“…Onun doğulduğu yerə gəlincə isə.. Surrə-mən-raada (Samirrada) doğulmuşdur.. Atası.. isə Həsən əl-Xalisdir”. (“Kəşful-əstar”, Mirzə Nuri, 41)

6-Əbul-Məcd Əbdül-haqq əd-Dehləvi əl-Buxari əl-Hənəfi.

O 1052-ci ildə vəfat etmişdir. Özünün “Təhsilul-kəmal” kitabında yazır:

Əbu Muhəmməd Həsən əl-Əskərinin oğlu Muhəmməd – Allah hər ikisindən də razı olsun – onun (İmam Əsgərinin) xass əshabının və güvəndiyi şəxslərin yanında tanınmışdır”.

Daha sonra isə fars dilində İmamın (ə.f) dünyaya gəlmə hadisəsini qeyd edir. (“Kəşful-əstar”, 63)

7-Hafiz Əbu Muhəmməd Tusi Bəlazəri.

Səm`ani “Ənsabul-kəbir”də onun haqqında deyir:

Tusdan olan vaiz Əbu Muhəmməd əl-Bəlazəri öz dövründə hifzdə (hədis əzbərləməkdə) və vəzdə (moizədə) birinci şəxs idi. İnsanların ən ünsiyyətcili və ən çox faydalı olanı idi. Ömrünün çox hissəsini Nişapurda keçirmişdir. Hər həftə şəhərin şeyxlərinin evində iki məclisi olardı. Bu şeyxlərin biri Şeyx Əbul-Hüseyn əl-Məhmi, digəri isə Əbu Nəsr əl-Əbdi idi. Hafiz Əbu Əli və bizim şeyxlərimiz də onun məclisində iştirak edir, camaat üçün oxuduğu hədislərdən xoşhal olardılar. Mən heç vaxt görmədim ki, kimsə (hədislərdəki) isnadda, adda və ya hədisdə ona irad tutsun. O Məkkədə olarkən Əhli-Beyt imamı olan Əbu Məhəmməd Həsən ibn Əli ibn Muhəmməd ibn Əli ibn Musar-Rıza barəsində – salam olsun onlara – yazmışdı”. (“Muntəxəbul-əsər”, 406)

(Gördüyünüz kimi, Səm`ani İmam Həsən Əsgəri (ə)-ın adını çəkərkən həzrətin künyəsini də qeyd edir. Künyəni isə “Əbu Muhəmməd” olaraq qeyd edir. Ərəb dilindən tərcümədə “Əbu Muhəmməd” “Muhəmmədin atası” anlamına gəlir, bu isə Səm`ani və digər əhli-sünnə alimlərinin İmam Əsgərinin “Muhəmməd” adlı bir oğlunun olmasını qəbul etdiklərini göstərir. –müt)

8-Əllamə Sibt ibn Cəvzi əl-Hənbəli.

654-cü ildə vəfat etmişdir. “Huccət Məhdi” adlı fəsildə deyir:

O, Muhəmməd ibn Həsən ibn Muhəmməd ibn Əli ibn Musa ər-Rıza ibn Cəfər ibn Muhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbi Talibdir – onlara salam olsun. Onun künyəsi isə Əbul-Qasimdir. O “höccət” olan xələfdir, Sahibəz-zəmandır, gözlənilən və gələcək olan Qaimdir. O, imamların sonuncusudur”.

Əbdül-Əziz ibn Mahmud ibn Bəzzaz, ibn Ömərdən rəvayət edərək bizə xəbər verdi ki: “Allah Rəsulu (s) buyurdu: Axirəz-zəmandan mənim nəslimdən (övladlarımdan) olan bir şəxs çıxar ki, adı mənim adımla, künyəsi də mənim künyəmlə birdir. Yer üzünü haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq”. Həmin şəxs Məhdidir. Bu, “məşhur” hədisdir”. (“Təzkirətul-xəvass”, Sibtn ibn Cəvzi, 325)

9-Süleyman ibn İbrahim, Qunduzi Hənəfi.

1270-ci hicri ilində vəfat etmişdir. “Yənabiul-məvəddə” kitabında deyir:

Etibarlı  şəxslər yanında təsdiq edilmiş və həqiqət tapmış məlumat bundan ibarətdir ki, Qaimin (ə) doğumu iki yüz əlli beşinci ilin Şəban ayının on beşinci gecəsi Samirra məntəqəsində baş vermişdir”. (“Yənabiul-məvəddə”, 3/114)

10-Arif Şeyx Əbdül-Vəhhab əş-Şe`rani.

973-cü hicri ilində vəfat etmişdir. Özünün “Əl-Yəvaqit vəl-cəvahir” adlı kitabında İbn Ərəbinin, Şeyx Həsən İraqinin və Şeyx Əli Xəvassın bu barədə olan sözlərini gətirmişdir ki, orada onlar qəti olaraq bildirmişlər ki, İmam Məhdi (ə) İmam Həsən Əsgəri (ə)-ın övladıdır. Şerani bunları qeyd edərək özünün də bu fikirdə olduğunu bildirmişdir. (“Əl-Yəvaqit vəl-cəvahir”, 562)

Bəli, göründüyü kimi həzrəti Məhdinin (ə) dünyaya gəlməsi və İmam Həsən Əsgəri (ə)-ın övladı olduğu fikri təkcə Əhli-beyt məktəbi ardıcıllarına məxsus olan bir fikir deyil. Yuxarıda adları sadalanan və sadalanmayan bir çox digər məzhəb alimləri də bu həqiqəti etiraf etmiş, İmam Əsgəri (ə)-ın dünyasını dəyişdiyi zaman bir oğlan övladı olmasını qəbul etmiş, adının Muhəmməd olduğunu bildirmiş və gözlənilən Məhdinin də məhz həmin Şəxs (ə.f) olduğu qənaətində olmuşlar. Onu da qeyd etmək gərəkdir ki, bütün bu adları çəkilən şəxslər qəti olaraq “Əhli-sünnə” məzhəbinə aid olan şəxslərdir və onların şiələrlə heç bir əlaqəsi yoxdur. Hətta içlərindən bir çoxu şiəliyə qarşı sərt mövqedə olmuş şəxslərdir. Lakin bununla belə Allahu-təala bir həqiqəti izhar etmək istədiyi zaman istədiyi şəxsin dilindən və qələmindən izhar etdirməyə qadirdir. “Həqiqətən də Allah istədiyini edir”. (Həcc surəsi, 18)

 

“Əl-Ğeybə vəl-intizar”, Seyyid Muhəmməd Əli Həlv  (əlavələrlə)

 Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “Əhli-Sünnə nəzərində Hz.Məhdinin (ə.f) viladəti”

Leave a Comment