Bismillahir Rəhmanir Rəhim
İnsan həyatının ən qiymətli sərmayə və miraslarından biri, ədəbdir. Ədəb, sərvətdən daha mühümdür.
Ədəb qədər heç bir şey gözəl və təsir edici deyil. İnsanların arasında əlaqələrin möhkəm, sağlam və davamlı olması üçün bunun öyrənilməsi və tətbiq edilməsi çox vacibdir.Ancaq, ədəb mövzusunun başa düşülməsində bir az gizlilik və sirr mövcuddur. Buna görə; onun mənası, yeri və şərtləri üzərində dayanmağımız və ədəbin nə olduğunu bilməyimiz lazımdır.
Ədəb nədir?
İnsan əxlaqının qiymətli sərmayəsi; ana, ata və müəllimin mirası olan bu sifətin kökləri hansı əsaslar üzərində qurulubdur? Görəsən daxili bir əxlaqdır? Və ya cəmiyyətdən gələn bir əxlaqdır, yoxsa psixoloji bir tutumdur? İnsanların ədəbli kəsləri bəyənib təqdir etmələrinin səbəbi nədir?
Ədəbdən bəhs edildiyində, ətrafdakı insanlarla (kiçik, böyük, tanış və xarici hər kəsə qarşı) bir növ xüsusi və ölçülü əxlaq nəzər gəlir.
Uyğun bir tərbiyənin məhsulu olan bu əxlaq; söz söyləmək, yolda getmək, dialoq qurmaq, baxmaq, istəmək, soruşmaq, cavablandırmaq və s… ilə əlaqədardır.
Ədəb, öyrənilən bir hünərdir. Deyilə bilər ki: “Ədəb yaxşı bir tərbiyədir.” Öyrədən, istər ana-ata olsun, istər müəllim və ustad.
İmam Sadiq (ə.s) belə buyurmuşdur:
“Atam məni üç şeylə tərbiyə etdi… Buyurdu ki: Ey oğlum! Kim, pis yoldaşla otursa, sağlam qalmaz; kim sözlərinə diqqət yetirməzsə, peşman olar; kim pis yerlərə gedərsə, töhmət altında qalar. ”
Bu hədisdə qeyd olunanlar, dostluğun, söz söyləmənin və ictimai əlaqələrin bir ölçüsünün olduğunu göstərir.
İctimai əlaqələrdə əhəmiyyətli nöqtələrdən biri, insanın özü üçün bəyənmədiyini başqalarına da rəva görməməyi, özü üçün nəyi sevirsə başqalarına da istəməyi, başqaları üçün nəyi çirkin bilirsə özü üçün də çirkin bilməyidir. Başqalarında bəyənnmədiyi və tənqid etdiyi hərəkət və sifətlər onda da olmamalıdır. Bu, bir növ “özünü tərbiyə etməkdir.” Allahın bu vergisini, iti və təcrübəli bir zəka, ağıl və şüura sahib olan bir kimsə qazana bilər. Hz. Əli (ə)-ın buyurduğu kimi:
“Özünü tərbiyə etməyin üçün, başqasında görüb, bəyənmədiyin şeylərdən qaçmağın sənə yetər. ”
Hər kəs öz sərhəd və ölçüsünü tanıyıb və ondan çölə çıxmazsa, ədəblidir. Ədəbsizlik isə,qarşılıqlı əlaqələrdə bir növ qadağan sahələrə girmək, sərhəd və ölçüləri pozmaqdır.
Hz. Əli (ə)-ın bu mövzuda gözəl bir hədisini burada qeyd edək:
“Ən üstün ədəb, insanın öz sərhəd və həddində dayanması və ondan kənara çixmamasıdır. ”
Ədəb, ən uca əxlaqi və ictimai dəyərlərdən biridir. Ədəb hər kimdə və hər harada olursa olsun, bərabərində bir məhəbbət və gözəllik nurunu meydana gətirər və ədəbli insanı əziz və sevimli edər. Ədəb elə bir xüsusiyyətdir ki, onsuz hər bir şey dəyərsizdir.
Elm, helmlə zinətlənər,
Şücaət, bağışlamaqla gözəlləşər,
Sərvət, infaq və ehsanla dəyər qazanar,
Soy və nəsil də ədəb ilə mükəmməlləşər. Ədəb olmazsa, soyun şərəfi və ailənin etibarı, ictimai qürur və şərəf kimi dəyərlər aradan gedər. Əmiril-möminin Əli (ə) belə buyurmuşdur:
“Pis ədəblə, şərəf olmaz. ”
Əsli, soyu və nəsli olmayan biri, əgər ədəb sahibidirsə, şərəf və zadəganlıq qazanar. Hətta ədəb, münasib olmayan bir nəsil və soyun da eyiblərini örtməyə qadirdir. Hz. Əli (ə) bir yerdə belə buyurur:
“Ədəbin gözəlliyi, nəsilin çirkinliyini örtər. “
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.